spot_img
25 апреля, 2024
ДомойТелекомСтатьиGənc biznesmenlər üçün dəstək mənbələri

Gənc biznesmenlər üçün dəstək mənbələri

Ölkəmizdə İnformasiya Texnologiyaları sahəsində son 5 ilin ən böyük trendlərindən biri «Start-up» şirkətlərdir. «Start-up» termini iqtisadiyyatın bütün sahələri üçün tətbiq edilir və qısa iş fəaliyyəti tarixinə malik şirkətlərə deyilir. Bir qayda olaraq, belə şirkətlər yaxın vaxtlarda yaradılmış, perspektivli bazarların tədqiqat və ya inkişaf mərhələsindən keçməkdə olan şirkətlərdir. «Start-up» termini internet-şirkətlərin külli miqdarda yaradıldığı dövrdə məşhurlaşmağa başladı. Misal üçün, meydana təzəlikçə çıxan və ya fəaliyyəti planlaşdırma mərhələsində olan İnformasiya Texnologiyaları və İnternet-layihələr sahəsindəki yeni şirkətlər «IT-Startup» adlanır. «IT-Startup»lar ümumiyyətlə hücum yönümlü marketinqə və şirkətin sürətli tanınmasına yönəlmiş PR-üsullarına üstünlük verir. Adətən onlar öz məhsullarının bir-iki il ərzində yaradılmasını və daha sonra bazara çıxmasını hədəfləyir.

Startup-idea-building

Bu sahədə yerli «Start-up» şirkətlərə dəstək olmaq üçün həm dövlət orqanları, həm də özəl şirkətlər səviyyəsində müxtəlif biznes-inkubatorlar, habelə innovasiya mərkəzləri yaradılıb. Bu mərkəzlər ilkin mərhələdə öz xərclərini qarşılaya bilməyən gənc sahibkarları dəstəkləməklə məşğuldur. Bizim məqaləmiz Azərbaycanda gənc biznesmenlərə dəstək vermək üçün fəaliyyət göstərən mərkəzlər barədə, eləcə də həmin mərkəzlərin nəzdində fəaliyyət göstərən kiçik şirkətlərin fəaliyyət tərzi barədə məlumat verir. Ümidvarıq ki, təqdim edəcəyimiz məlumatlarla tanış olub öz biznesinizə təkan verəcək mərkəz və şirkətlər arasında uyğun seçim edə biləcəksiniz.

Startup-wall

«Start-up» şirkətin inkişafı üçün mənbələr. Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, fəaliyyətə yeni başlayan şirkətlərə dəstək vermək üçün müxtəlif fiziki və maddi mənbələr mövcuddur. Bunlara biznes-inkubatorlar, biznes-akseleratorlar, «vençur fondları» və «biznes mələkləri» aiddir. Ölkəmizdə ən çox yayılmış dəstək mənbəyi inkubasiya mərkəzləridir. Qeyd edək ki, inkubasiya mərkəzləri akseleratorlardan fərqli olaraq yeni yaradılmış şirkətlərə işçi heyəti üçün məkan, habelə konsaltinq tipli xidmətlər təqdim edir. Akseleratorların məqsədi isə məhsulun qısa müddətdə bazara çıxarılmasıdır ki, bu da «Start-up» sahiblərinə səmərəli biznesin qurulmasında əlavə imkanlar yaradır.

Digər dəstək növləri yuxarıda qeyd etdiyimiz «vençur fondları» və «biznes mələkləri»dir. «Vençur fondları» «Start-up» şirkətlərə investisiyanı üçüncü şəxslərin vəsaitləri ilə, «biznes mələkləri» isə öz şəxsi vəsaitlərinin hesabına həyata keçirir.

«Pi Kampus». Ölkənin ən geniş və perspektivli biznes-inkubatorlarından biri cari ilin fevral ayında fəaliyyətə keçən Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzidir. Eyni zamanda «Pi Kampus» adı ilə tanınan mərkəz hal-hazırda 37 «Start-up» şirkətinə dəstək verir.

PiCampus-LogoÜstün imkanları: 

  • Əlverişli məkanda yerləşmə və 24/7 açıq ofis (Səməd Vurğun bağının yaxınlığındakı «AF Business House»).
  • İlk 3 ay ərzində pulsuz açıq məkan yerləri və güzəştli təqdim olunan ofis sahələri.
  • Yerli və xarici mütəxəssislər tərəfindən vaxtaşırı keçirilən təlimlərdə iştirak imkanı.
  • Texnopark nəznində keçirilən İKT tədbirlərində iştirak imkanı.
  • İnsan Qaynaqları, Mühasibat və Hüquqşünas dəstəyi.
  • Yerli-xarici investor və mentorlarla görüşlər (mentorluq proqramı).Xarici ölkələrdə keçirilən tədbirlərə ezam olunma imkanı.

Bu ilin fevral ayından etibarən gənc sahibkarları öz nəznində yerləşdirib dəstəkləyən Biznes İnkubasiya Mərkəzi onlarla mütamadi görüşlər keçirir. Həmin görüşlər zamanı bazardakı perspektivlər araşdırılır, «Start-up» şirkətlərin uğurlu irəliləməsinə dəstək verilir. İnkubasiya mərkəzinə daxil olan yeni şirkət sahibləri və komandalar digər şirkət nümayəndələri ilə daimi əlaqə saxlayıb lazımi tövsiyyələr, eləcə də yaranmış suallara cavab almaqda çətinlik çəkmirlər. Rezidentlərə biznes planlarının tərtib olunması, maliyyələşdirmə strategiyasının inkişaf etdirilməsi ilə bağlı məsləhətlər verilir, digər konsaltinq xidmətləri göstərilir.

«Pi Kampus»a müraciət etmək üçün www.picampus.az veb-saytına daxil olmaq lazımdır. Açılan səhifədə layihənin adını, müraciət edənin vəzifəsini, ad-soyadını, e-poçt ünvanını və digər əlaqə məlumatlarını, fəaliyyətini hansı səbəbdən Yüksək Texnologiyalar Parkının «Pi Kampus» Biznes İnkubasiya Mərkəzində davam etdirmək istədiyini, layihənin qısa məzmununu, hansı mərhələdə olduğunu, hansı innovasiya və texniki yeniliyi əhatə etdiyini, habelə layihənin biznes modelini, büdcəsini və komanda üzvlərinin sayını bildirmək tələb olunur. Bundan sonra müraciətə Mərkəzin idarə heyəti tərəfindən baxılır və müvafiq qərar verilir.

Qeyd edək ki, bütün bunlara əlavə olaraq 2-5 dekabr tarixlərində keçirilən «BakuTel» Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində «Pi Kampus» üzvləri üçün xüsusi məkan ayrılıb və bununla bağlı bütün sərgi xərcləri qarşılanıb. Bu, ilk növbədə «Start-up» şirkətlərin birbaşa investorlarla görüşmək imkanı baxımından böyük əhəmiyyət kəsb edir.

Veb-sayt: www.hightech.az

QU Texnopark nəznində İnkubasiya Mərkəzi. Ölkədə son iki il ərzində aktiv fəaliyyət göstərən digər Biznes İnkubasiya Mərkəzi isə Qafqaz Universitetinin ərazisində 1000 m2-lik sahəni əhatə edən Texnoparkda yerləşən inkubasiya mərkəzidir. Hal-hazırda mərkəz bir sıra «Start-up» şirkətinə ev sahibliyi edir və onların inkişafında bilavasitə mühüm rol oynayır.

Qafqaz-university-techno-park-logo

Üstün imkanları:

  • Geniş ofislər.
  • Geniş tərəfdaş siyahısı.
  • Yerli və xarici mütəxəssislər tərəfindən vaxtaşırı keçirilən təlimlər.
  • Yerli və xarici mütəxəssislər ilə fikir mübadiləsi və onlardan konsultasiya alınması.
  • Universitet müəllimləri ilə bilavasitə ünsiyyət və s.

QU Texnopark tərəfindən «Start-up» şirkətlər üçün keçirilən ən mühum layihələrdən biri də «Yeni fikir» müsabiqəsidir. Layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir və gənclər arasında təşəbbüskarlığı təşviq edir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, eləcə də Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər. Ümumi mükafat büdcəsi 18000 manat olan müsabiqədə 1-ci — 10-cu yerləri tutan şirkətlərə pul mükafatları təqdim olunur. Ən yaxşı 10 ideyanın sahibləri QU Texnopark İnkubasiya Mərkəzindən 1 il müddətinə ödənişsiz istifadə imkanı qazanıb təklif olunan ideyanın biznesə çevrilməsi istiqamətində mentor dəstəyi və təlimlərdə iştirak imkanı ilə təmin olunur. Bununla yanaşı onlara investor axtarışlarında və beynəlxalq təcrübələrin öyrənilməsində dəstək verilir.

Müsabiqədə iştirak etmək üçün http://yenifikir.az/az/project_registration səhifəsinə daxil olub müvafiq formanı doldurmaq lazımdır. Müsabiqənin tələblərinə cavab verən bütün «Start-up» şirkətlərə e-poçt vasitəsilə dəvətnamələr göndərilir. Növbəti müsabiqədə iştirak etmək üçün təqdim olunan ərizələrinin son tarixi 25 yanvar 2015-ci ildir.

QU Texnopark nəznində təsis olunan İnkubasiya Mərkəzinin genişmiqyaslı fəaliyyəti həmçinin yeni ideyaların formalaşmasında və onların biznesə çevrilməsində dəstəyin verilməsini, yeni layihələrin həyata keçirilməsinin planlaşdırılmasını da əhatə edir.

QU Texnopark çərçivəsində fəaliyyət göstərən şirkətlər «Bakutel» sərgisində öz xidmətlərini ziyarətçilərə ümumi stend çərçivəsində təqdim etmək imkanını əldə ediblər.

Veb-sayt: www.qutechnopark.az

ADİU nəznində İnnovativ biznes-inkubator. Ali məktəb nəznində fəaliyyət göstərən başqa bir biznes-inkubator «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» dövlət proqramına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetində cari ilin iyun ayında yaradılıb. «İnnovativ biznes-inkubator» layihəsi çərçivəsində biznes yönümlü innovativ metodik vəsaitlərin hazırlanması, mentorluq, konsaltinq, təlimlərin, master-klasların keçirilməsi, biznes-planların, biznes-keyslərin hazırlanması və bu kimi icraatlar həyata keçiriləcək. Mərkəzin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbələr arasında sahibkarlığı inkişaf etdirməkdən ibarətdir.

Üstün imkanları:

  • Əlverişli məkanda yerləşmə (ADİU əsas binası, İçərişəhər metrostansiyasının yaxınlığında).
  • Pulsuz açıq məkan yeri.
  • Lazımi avadanlığın təmin olunması.
  • Yerli və xarici mütəxəssislər tərəfindən vaxtaşırı keçirilən təlimlər.
  • Yerli-xarici investor və mentorlarla görüşlər (mentorluq proqramı).
  • İqtisadiyyat sahəsi üzrə ölkənin aparıcı mütəxəssislərindən məsləhətlərin alınması və s.

İnkubatorun əsas funksiyaları «Start-up» layihələrlə müraciət edənlərə biznes qurmaqda tədris-metodik, maddi-texniki, psixoloji və maliyyə dəstəyinin göstərilməsindən ibarətdir.

Azərbaycan Dövlət İqtisad Universiteti İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı ötən oktyabr ayının sonlarında keçirildi. Artıq tələbə ideyalarının reallaşdırılması üçün 4 «Start-up» şirkət fəaliyyətə başlayıb. Daha sonra İBİ startaplardan “Peşəkar mühasibat” mərkəzi, «LingvOmondo» tərcümə mərkəzi, «Perfect Pictures» videoreklam studiyası, «UniWeb» veb-dizayn studiyasının təqdimatı keçirilib. Hal-hazırda inkubasiya mərkəzində dil kursları davam etməkdədir. «English Business Courses»də dərslər 90 dəqiqə olmaqla həftədə 2 dəfə keçirilir. Universitetin xarici dil müəllimləri tərəfindən aparılan kurslarda iştirakçılara üç ay boyunca ingilis dilində biznes yönümlü danışıq bilikləri verilir.

«Barama» İnnovasiya və Sahibkarlıq Mərkəzi. «Barama» İnnovasiya Mərkəzi ölkədə biznes-inkubator tipli ilk layihələrdəndir. 2009-cu ildə Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış mərkəz əsasən İnformasiya Texnologiyaları üzrə layihələri və qurulan şirkətləri dəstəkləyib onların biznesə çevrilməsinə kömək edir. «Barama» mərkəzinin fəaliyyət göstərdiyi 5 il ərzində bir çox uğura imza atılmışdır. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlamış, onlardan 20-si uğurla başa çatmışdır. Hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət isə inkişaf etməkdə davam edir. İlk addımlarını innovasiya mərkəzində başlayan «Start-up» şirkətlərdən biri artıq Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında fəaliyyət göstərir. Mərkəzin Azercell və CRDF Global şirkətlərinin təşkilatçılığı ilə keçirdiyi «Elm və Texnologiya Sahibkarlığı» proqramında 3 layihə gələcək inkişaf üçün qrant almış, 6 layihə isə ABŞ-ın Kaliforniya ştatına, Silikon Vadisinə səyahət edib dünyanın öndə gedən şirkətləri ilə tanış olublar, dünya səviyyəli təcrübəli investor və biznesmenlərlə görüşüblər.

Barama

Üstün imkanları:

  • Əlverişli məkanda yerləşmə və 7/24 rejimində fəaliyyət göstərmə (Demirchi Tower, Xətai metrostansiyasının yaxınlığında).
  • Pulsuz açıq məkan yeri.
  • Lazımi avadanlıq ilə təmin olunma.
  • Yerli və xarici mütəxəssislər tərəfindən vaxtaşırı keçirilən təlimlər.
  • Yerli-xarici investor və mentorlarla görüşlər (mentorluq proqramı).
  • Azercell şirkəti tərəfindən verilən İKT, hüquq, maliyyə, biznesin inkişafı, strategiya, tərəfdaşlıq və marketinq konsultasiyaları.
  • Azercell şirkəti tərəfindən verilən telekommunikasiya dəstəyi və aylıq danışıq büdcəsi.
  • İnkubasiya proqramını bitirmiş layihələr üçün tərəfdaşlıq görüşlərinin təşkil edilməsi.
  • Telia Sonera şirkətlər qrupu xətti ilə Avrasiya regionunda 20-dən artıq ölkə ilə əlaqə qurmaq imkanı.

2014-cü ildə «Barama» öz fəaliyyətini daha üstün səviyyəyə daşıyıb peşəkar biznes-inkubator kimi formalaşdı və ictimaiyyətə «Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi» adı ilə təqdim olundu. Hazırda «Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi» «Start-up»ların fərdi ehtiyaclarının qarşılanmasını da təmin edir.

Veb-sayt: www.barama.az

«AppLab by Bakcell». Gənc proqramçıları və sahibkarları dəstəkləyən Bakcell şirkəti və gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri «Qualcomm» şirkətinin birgə əməkdaşlığı çərçivəsində yaradılmış «AppLab» innovativ mobil developer mərkəzinin məqsədi sahibkarların, habelə proqram tərtibatçılarının öz ideyalarını daha çevik həyata keçirmələrinə, Azərbaycan, eləcə də dünya bazarlarında istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlər yaratmaqlarına dəstək verən effektiv alətlərin təmin edilməsindən ibarətdir. «AppLab» ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından başlayaraq istifadəyə tam hazır variantlarına qədər çatdırılma prosesində seçilmiş developerlərə dəstək vermək üçün nəzərdə tutulmuş sürətli icra modelidir.

AppLab by Bakcell

Üstün imkanları:

  • Əlverişli məkanda yerləşmə (Sahil metrostansiyasının yaxınlığında).
  • Mobil tətbiqlərin test olunması üçün müasir cihazlar.
  • Lazımi avadanlıq ilə təmin olunma.
  • Yerli və xarici mütəxəssislər tərəfindən vaxtaşırı keçirilən təlimlər.
  • Yerli və xarici investor və mentorlarla görüşlər.
  • «Qualcomm» şirkətinin müxtəlif API və xidmətlərindən istifadə və s. 

İlkin mərhələdə 8 iştirakçı təşkilatçılar tərəfindən seçilərək innovasiya mərkəzində fəaliyyətlərinə başlayıblar. Bu «Start-up» layihələr səyahət, turizm, elektron kitablar, şoppinq, musiqi və s. kimi kateqoriyaları əhatə edir. «AppLab» mərkəzi artıq aktivdir. Bu ilin dekabr ayından etibarən proqramın birinci mərhələsini uğurla keçən iştirakçılar əldə etdikləri imkanlardan tam istifadə edəcəklər. Onlar Bakcell və Qualcomm şirkətlərinin xüsusi ekspert qrupundan müvafiq tədqiqatların nəticələri, habelə yeni mobil əlavələrin pilot versiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhətlər alıb öz layihələrini inkişaf etdirəcəklər.

«InfiPro» İnformasiya Texnologiyaları, İnternet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya qoyan vençur kapitalı şirkətidir. Şirkətin məqsədi yeni texnoloji xidmətləri üzə çıxardıb həmin sahibkarlarla birgə iş aparmaqdan ibarətdir. «InfiPro»nun biznes fəlsəfəsi şirkətlərin idarə heyətləri və investorlarla möhkəm tərəfdaşlıq əlaqələri qurmaq səylərinə arxalanır. Bununla yanaşı şirkət bacarıqlı sahibkarların öz ideyalarını reallaşdırılmaqlarına təkan və bizneslərin genişləndirilməsinə dəstək vermək məqsədilə kiçik investisiyaları da nəzərdə tutur.

infipro_сatalogue-print

Üstün imkanları:

  • İnvestisiya imkanları (kiçik və böyük).
  • Yerli və xarici investor və mentorlarla görüşlər.
  • Şirkətlərə operativ və strateji dəstəyin təmin olunması.
  • Yerli bazarda sərmayə yatırımından sonra böyük uğurlar əldə etmiş real şirkət nümunələri.

«Infipro» şirkəti bir qayda olaraq fondlarına ehtiyat kapitalının maksimum 10%-ni investisiya edir. Bütün potensial layihələr cəlbedici gəlirlər təmin etməli və möhkəm biznes-plana malik olmalıdır. Layihənin təhlili zamanı yüksək bacarıqlı və tam məsuliyyətli idarə heyətinin mövcudluğu həlledici faktor kimi qəbul olunur. Lazım gəldikdə layihəyə əlavə maliyyə imkanları, bazara çıxış və hərtərəfli dəstək verə biləcək digər aparıcı investorlarla tərəfdaşlıq qurulur. Bu baxımdan əsasən patentləşdirilmiş texnologiya, açıq-aşkar üstünlüklərə sahib olan sabit gəlirli bizneslərə xüsusi maraq göstərilir.

2012-ci ildə şirkət tərəfindən «Start-up» şirkətlərə dəstək məqsədilə «Baku Start-up Competition» adlı müsabiqə keçirilib. Sözügedən müsabiqə çərçivəsində namizədlərə istər ilkin sınaq mərhələsində olan, istərsə də istehsal mərhələsinə qədəm basmış biznes layihələrini təqdim etmə imkanı verilib. Qalib gəldikləri təqdirdə onlara 10000-dən 100000 manat məbləğinə qədər investisiya vəd olunub. Xüsusi əhəmiyyət kəsb edən fakt ondan ibarətdir ki, öz ideyalarını müsabiqəyə təqdim edən potensial qaliblər həm biznes tərəfdaşı olaraq qəbul edilə, həm də investor qazana bilərdilər.

Müsabiqə bir neçə kateqoriya üzrə keçirilmişdi. Bunlar İnternet ticarəti, oyunlar, proqram təminatı və sosial şəbəkələr ilə məhdudlaşmayan sosial kateqoriyalardan ibarət idi. Müsabiqəyə təşkilat dəstəyini dünya miqyaslı Microsoft şirkəti həyata keçirmişdi. Qalib gələn «Start-up» «InfiPro» tərəfindən təyin olunmuş 10000-100000 manat aralığındakı investisiya məbləğini almaq fürsətini əldə etdi.

SAZZ və GoldenPay kimi uğur əldə etmiş şirkətlərin ilkin vençur sərmayəsi məhz «InfiPro» şirkəti tərəfindən həyata keçirilib.

Veb-sayt: www.infipro.az

«Khazar Ventures». Bu şirkət Azərbaycanda ilkin mərhələdə olan innovativ həllərə investisiyalar üzrə ixtisaslaşan vençur fondu kimi fəaliyyət göstərir. Şirkətin yanaşma tərzini səciyyələndirən faktorlar investisiyanın ilkin mərhələdə qoyulmasından, sənaye rəhbərlərinin, tərəfdaşların cəlb olunmasından, biznesin inkişafı, təlim və marketinq üzrə məsləhətlərin, habelə tətbiqi dəstəyin verilməsindən ibarətdir. Məqsəd sahibkarları texnologiya və lazımi resurslarla təmin edərək «Start-up» şirkətlərlə uzunmüddətli münasibətlər yaratmaqdır.

Khazar

«Khazar Ventures» mərkəzinin təmin etdiyi imkanlar aşağıda sadalanıb:

  • Müxtəlif biznes-inkubatorlarda yerləşmə imkanı.
  • Yerli və xarici mütəxəssislər tərəfindən vaxtaşırı keçirilən təlimlərdə iştirak imkanı.
  • Fondun təşkilatçılığı ilə keçirilən tədbirlərdə aktiv iştirak imkanı.
  • Yerli və xarici mütəxəssislər tərəfindən marketinq konsultasiyaları.
  • Yerli-xarici investor və mentorlarla görüşlər.
  • İnvestisiya yatırımları və s.

Şirkət «Start-up»lara dəstək vermək məqsədi ilə vaxtaşırı qaydada «e-Tohum» və «Startup Weekend» adlı tədbirləri həyata keçirir. Son tədbir cari ilin 21-23 noyabr tarixlərində Bakıda keçirilən «Startup Weekend» adlı beynəlxalq müsabiqə əsasında təşkil olunub. Tədbirdə innovativ texnologiyalara əsaslanan sahibkarlar, «Start-up» müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar bir neçə komandaya ayrılıb öz məhsullarını münsiflərə təqdim ediblər. Yarışmanın şərtlərinə görə iştirakçı komandaların hər biri üç gün ərzində startap layihəsini tam formalaşdırıb işlək halda təqdim etməli idi. Bunun üçün «Start-up» komandalara lazımi şərait yaradılmışdı.

Qeyd etmək lazımdır ki, «Startup Weekend» biznes dünyasında çox məhşur layihələrdəndir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən tədbirlərdə ümumilikdə 100000-dən artıq sahibkar iştirak edib, nəticədə dünyanın müxtəlif ölkələrində hazırda müvəffəqiyyətlə fəaliyyət göstərən 1000-dən artıq şirkət yaradılıb.

Veb-sayt: www.khazarventures.com

«İdeya Qazandı» adlı televiziya müsabiqəsi Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti tərəfindən həyata keçirilir. Bu, Azərbaycanda ilk biznes formatlı televiziya verilişidir. Verilişin ideyasının 2012-ci ildə meydana gəlməsinə baxmayaraq o, uzun hazırlıq dövrünü keçdikdən sonra hazır olmuşdur. Layihəyə AR Gənclər və İdman Nazirliyi, AR Prezidenti yanında Gənclər Fondu və «Youth INC» proqramı tərəfdaşlıq edir.

ideya_qazandi

Verilişdə «biznes əjdahaları» kimi çıxış edən investorlar əsasən yeni yaradılmış və ilkin inkişaf mərhələsində olan «Start-up» sahibləri ilə qısa görüşmələr apardıqdan sonra bəyəndikləri layihələrə təmənnasız investisiya qoyurlar. İlk mövsümdə 5 qalib ümumilikdə 22000 manat məbləğində nağd vəsait əldə edə biliblər.

Şou proqramının qalibləri üçün təmin olunan üstünlüklər bunlardır:

  •  İnvestorlar yatırım edərkən şirkətdə pay sahibi olmurlar.
  • Layihənin təqdimatı ölkənin aparıcı TV kanalında həyata keçirilir.
  • Real investorlar ilə görüş və yatırım əldə etmə imkanı.
  • Yatırım əldə etdikdən sonra mentorluq və tövsiyyə sistemi və s.

TV şounun növbəti sezonu 2015-ci ilin fevral ayına planlaşdırılıb.

Veb-sayt: www.ideyaqazandi.az

Məqalədə qeyd olunmuş biznes-inkubator və biznes-akseleratorlar, habelə innovasiya mərkəzləri və vençur şirkətlərinin fəaliyyəti ilə bağlı daha ətraflı məlumatı yuxarıda qeyd etdiyimiz rəsmi veb-saytlardan ala bilərsiniz. Unutmayın ki, şirkətinizin fəaliyyət sahəsinə uyğun mərkəzi müəyyənləşdirib siz gələcəyin uğurlu biznesmenlərindən birinə çevrilə bilərsiniz.

 Müəllif: Fərhad Ələkbərov, COOL Agency, Direktor, www.cool.agency

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -