spot_img
29 марта, 2024
ДомойТелекомСтатьиRəqəmsal piratlıqla mübarizə

Rəqəmsal piratlıqla mübarizə

Əvvəllər o qədər də önəmli sayılmayan rəqəmsal piratlıq məsələsi artıq 21-ci əsrin böyük qlobal probleminə çevrilib. Piratlıq industriyası qısa zaman ərzində dünya kriminal çevrələrində önəmli yer tutaraq qanuni biznesə milyardlarla zərər verir. Bəs nə üçün hər hansı bir kinofilm, oyun və ya musiqi parçasının əldə olunması bu qədər böyük problemə çevrildi?

Piracy_1

Bu sahələrdəki piratlıq məfhumu media informasiyasının meydana gəlməsi ilə, yəni son 100 il ərzində yarandı. 20-ci əsrin əvvəlində musiqi qramplastinkaların surətini çıxartmaq çətin olsa da, nadir hallarda belə əməllər yenə də qeydə alınırdı. 70-90-cı illər ərzində isə indiki qlobal miqyaslı piratlığın təməli qoyulmağa başladı. Əvvəlcə audio-kassetlərin surətləri çıxarılmağa başladı, daha sonra da maqnitofonların geniş yayılması ilə bazara külli miqdarda boş kassetlər buraxıldı. Artıq hər insan sevdiyi musiqini radioda eşitdikdə onu öz kassetinə yazıb saxlaya, ondan sonra isə pulsuz paylaşa bilərdi. Keçmiş SSRİ-də piratlıq 80-ci illərin sonlarında aktivləşdi. Xaricdən gətirilən filmlər gizli studiyalarda dublyaj olunub ucuz qiymətlə əhalinin arasında satılmağa başladı. Lakin bütün bunlar hələlik media sənayesinə iri miqyaslı zərər vermirdi. Əsas zərbə İnternetin yaranmasından sonra endirildi. İnternet sürətinin ildən ilə yüksəlməsi, torrent-trekerlərin, musiqi, film və proqramların paylaşımı rəqəmsal piratlığı nəhəng miqyasa gətirib çatdırdı.

Piracy_2

Son illər bir çox ölkə piratlığa qarşı aktiv fəaliyyətə başladı. Keçmişdə piratlığa əhəmiyyət vermiyənlər indi onunla mübarizə aparmaq üçün bütün qanuni yollara əl atır, bunun üçün yeni strukturlar yaradır, ciddi cərimələr tətbiq edirlər.

Piratlığa qarşı Almaniyada demək olar ki, dünyada ən mürəkkəb və sərt qanunlar qəbul olunub. Belə ki, əgər istifadəçi müəlliflik hüququ ilə qorunan faylı öz kompüterinə və hər hansı bir serverə yükləsə o, qanunu pozmuş sayılacaq. Lakin, əgər istifadəçi həmin fayla brauzerdən onlayn rejimdə, kompüterə endirmədən baxır, yada dinləyirsə, belə hərəkət qanun pozuntusu sayılmır.

Almaniyada müəlliflik hüquqlarının pozulması, faylın çoxaldılıb istənilən yolla yayılması yüksək cərimə ilə və ya 5 ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırılır. Qanun ümumiyyətlə faylların qeyri-qanuni yayılması ilə məşğul olanlara qarşı tətbiq olunur. Başqa sözlə, əgər kimsə torrent vasitəsi ilə faylı paylaşarsa o, dərhal məsuliyyətə cəlb olunacaq. Məhz buna görə Almanıya kinoteatrlarında hər filmdən əvvəl tamaşaçılara xəbərdarlıq edilir ki, burada nümayış olunan filmin gizli çəkilişi qanunsuzdur. Əgər əksər ölkələrdə belə hərəkətə görə həmin şəxsi seansdan uzaqlaşdırmaqla kifayətlənirlərsə, Almaniyada bunun cəzası həbsdir. Qanunun bu qədər sərt olması bu ölkənin vətəndaşlarını olduqca narahat edir. Etiraz olaraq onlar hətta Piratlar partiyası yaradıblar. İndi təsəvvür edin ki, bu partiya seçkilərdə 5%-lik səddi keçib Bundestaqa (Almanıya parlamentınə) daxil olsa, həmin qanuna qarşı necə mübarizə aparmağa başlayacaq.

Piracy_3

Qanunsuz faylların yayılması ağır cinayət kateqoriyasına aid olunmasa da, məhkəmələrdə ən yüksək məbləğli cərimələr adətən məhz müəlliflik hüquqlarının pozulmasına görə tətbiq olunur. Vəziyyət o həddə gəlib çatıb ki, bu qanun ətrafında müxtəlif spekulyasiyalar aparılır. Məsələn, müəllif yaratdığı hər hansı məzmunu asanlıqla tapılan İnternet xostinqlərdə pulsuz yükləyib onun qiymətini qəsdən olduqca yüksək müəyyən edir. Bir neçə istifadəçi faylı yüklədikdən sonra müəllif öz faylını silib gözləməyə başlayır. Faylı yükləyənlərdən biri və ya bir neçəsi onu yaymağa başlayırlar. Elə bu məqamda məzmunun müəllifi ortaya çıxır və hüquqlarını pozan istifadəçilərdən məhkəmə yolu ilə yüksək təzminat tələb etməyə başlayır.

Amma burada cəmiyyətin qəzəbinə səbəb olan qanunun özü deyil, onun kimə qarşı tətbiq olunmasıdır. Maraqlıdır ki, Almaniyada bu qanun müəllif hüquqlarını pozan şəxsə qarşı yox, əməliyyatın aparıldığı İP ünvanının sahibinə qarşı tətbiq olunur. Məsələn, siz qonşunuza onun xahışı ilə Wi-Fi-ın parolunu verirsiz, o isə fürsətdən istifadə edib yükləmə həyata keçirir. Bu halda qanun qarşısında məsuliyyəti o deyil, siz daşıyacaqsınız. Buna görə Almaniyada restoran, kafe və digər ictimai yerlərdə pulsuz Wi-Fi tapmaq demək olar ki, mümkün deyil.

2009-cu ildə müəllif hüquqlarını qorumaq üçün Fransada Hadopi adlanan qanun qəbul edildi. Bu qanuna əsasən müəllif hüququnu pozan şəxs əvvəlcə rəsmi xəbərdarlıq alır. Xəbərdarlıqların sayı 3-ə çatdıqda istifadəçiyə 2 aydan 1 ilədək İnternet şəbəkəsinə girmək qadağan edilir. Lakın 2013-cu ilin iyul ayında bu qanundan imtina edildi. Fransanın Rəqəmsal Kommunikasıya naziri Flyor Pellerının dediyinə görə, həmin qanun Fransanın İnternet şəbəkənin inkişaf proqramına ziddir, onun effektivliyi isə zəifdir. Buna görə Hadopi qanunu 60-80 evro civarında cərimələrə əvəz edildi.

Ortastatistik İnternet istifadəçisinə qarşı tətbiq olunan Hadopi qanunu ilə yanaşı Fransada başqa bir qanun var. Sözügedən Dadvsi qanunu irimiqyaslı piratlıqla məşğul olanlara qarşı tətbiq edilir. Dadvsi qanununu pozanlara tətbiq olunan cərimələr 300 min avroya qədərdir. Qanun həbsolunmanı da nəzərdə tutur: qanunu pozanlar 3 ilədək azadlıqdan məhrum oluna bilərlər.

Hollandiyada qüvvədə olan müəllif hüquqları haqqında qanunun da mürəkkəb və qəliz olduğunu demək olar. Məsələn, Hollandiyadakı istifadəçi kinofilm, musiqi və ya elektron formatlı kitab yükləməkdə sərbəstdir, amma proqram yüklədiyi halda qanunu pozmuş sayılır. Bununla yanaşı, müəllif hüququ ilə qorunan faylı köçürmək olar, amma paylaşmaq qadağandır. Başqa sözlə, torrent trekerlərin istifadəsi qanunsuz hesab olunur. Qanunun tətbiq olunmasından burada BRAIN (ing. «beyin») təşkilatı cavabdehdir.

Böyük Britaniyada qanunsuz yükləmə edən şəxslər 2010-cu ildən başlayaraq əvvəlcə xəbərdarlıq məktubu alırlar. Məktubda istifadəçidən müəllif hüquqları ilə qorunan faylların köçürülməsini dərhal dayandırmaq və artıq endirilmiş faylları silmək tələb olunur. Müəllif hüquqlarının pozulması halları həmin istifadəçi tərəfindən davam etdərsə İnternet provayder onun İnternetə çıxışını müvəqqəti və ya tam bağlamalıdır. İstifadəçi köçürülmüş faylların paylaşılması ilə məşğul olduqda ona qarşı çox ciddi rəqəmli cərimələr tətbiq olunur. Belə cərimələrin məbləği 70 min funt sterlinqə çata bilər. Britaniyanın «Envisional» şirkətinin araşdırmasına əsasən müəllif hüquqları pozularaq filmlərin yüklənməsi halları son 5 il ərzidə 30% artıb. Bu, kinoprokata təxminən 262 milyon ABŞ dolları civarında zərər gətirib. Filmlərdən başqa piratlıq nəticəsində oyun (1 milyon) və proqram bazarları da böyük ziyana uğrayıb. Digər tərəfdən, musiqi köçürmələrinin sayı azalıb, səbəb isə AppStore-dan rahat və ucuz koçürmənin mümkün olmasıdır.

Piracy_6

Asiya qitəsində müəllif hüquqların pozulması ilə mübarizə 2000-ci illərin əvvəlində başlasa da indiyədək bu sahədə, demək olar ki, heç bir uğur əldə edilməyib. Məsələn, 2005-ci ildə Honkonqda torrentlə aktiv mübarizə başlamışdı. Polis torrent vasitəsilə Hollivud və Honkonq filmlərini paylaşan istifadəçilərə qarşı 6 ayadək azadlıqdan məhrum etmə cəzasını tətbiq edirdi, amma sonradan, 2009-cı ildə reydləri dayandırdı, bu da torrent istifadəçilərinin yenidən aktivləşmələrinə yol açdı. Bununla belə görünür ki, Honkonqlu istfadəçilər baş verənlərdən düzgün nəticə çıxarda biliblər, çünki bu ölkədəki torrent istfadəçilərin sayı təqdirəlayiq həcmdə azaldı. Eyni zamanda bir növ vətənpərvər duyğuları ilə yerli forumlarda «Yalnız Hollivud filmlərini torrent vasitəsi ilə yükləyin, yerli kinolara toxunmayın» şüarları ortaya çıxmağa başladı.

Malayziya Asia qitəsində piratlıqla məşğul olan saytları bağlayan ilk ölkə olub. 2011-ci ildə Malayziya 19 veb-saytı bağlayıb onlara giriş qadağası qoydu və həmin saytların sahiblərini cərimələndirdi. Sayt bağlamağa yol verən qanun hal-hazırda Tayvanda da müzakirə edilir, bununla belə onun qəbul edilmə ehtimalı çox kiçikdir: qanunun əleyhinə çıxanlar iddia edirlər ki, belə bir qanun İnternet şəbəkəsinin azadlığı konsepsiyasından geri addım atmaq anlamına gələcək. Həm bu səbəbdən, həm də belə bir qanunun ölkə iqtisadiyyatına müsbət təsirinin olduqca az olacağını nəzərə alaraq Tayvan, çətin ki, onu qəbul etsin.

Çinə gəlincə, buradakı vəziyyət başqa ölkələrdən xeyli fərqlənir. Burada, xaricdə populyar olan bir çox sayt ümumiyyətlə bağlıdır (o cümlədən, YouTube, Facebook, Twitter). Hər hansı bir saytın bağlanması ümumiyyətlə məhkəmə qərarı ilə deyil, adları açıqlanmayan qurumlar tərəfindən həyata keçirilir. Maraqlısı odur ki, burada müxtəlif resurslar və keçidlər əsasən müəllif hüquqlarının qorunması naminə yox, siyası səbəblərdən bağlanır. Onu da qeyd etmək olar ki, müəllif hüquqları qorunan proqram təminatlarının, oyunların və digər faylların bir çoxunun qeyri-qanuni paylaşılması məhz Çindən qaynaqlanır.

2012-cı ilin oktyabr ayında Yaponiyada xalq arasında «Əjdaha qanunu» adlanan qanun qəbul edildi. «Əjdaha qanunu»na əsasən müəllif hüquqlarını pozan fayl yüklənməsi və ya paylaşılması 2 il azadlıqdan məhrum etmə və 1 milyon yen məbləğində cərimə ilə cəzalandırıla bilər. Qanun əhali tərəfdən son dərəcə mənfi qəbul edildiyinə görə Yaponiya hökuməti onu ehtiyatla tətbiq etməyi qərara aldı və ilk 3 ay ərzində heç kim cərimələnmədi. Ümumilikdə isə qanunun qüvvəyə minməsindən etibarən 2014-cu ilin mart ayına qədər cəmi 27 nəfər cəzalandırıldı.

ABŞ 2013-cu ilin fevral ayında «Copyright Alert System» adlı sistemi istifadəyə verdi. Sistem 2011-ci ildə piratlığa qarşı və müəllif hüquqlarının qorunması haqında qanunun əsasında hazırlandı. Qanuna görə, İnternet provayder qanun pozuntusunu aşkar edəndən sonra buna yol vermiş istifadəçiyə xəbərdarlıq göndərir. Bundan sonra qanun pozuntusu davam etdikdə provayder istifadəçiyə qarşı uyğun gördüyü sanksiyaları, o cümlədən, İnternet sürətinin azadılması və ya qoşulmanın tamamən kəsilməsi, polis nəfərinin qanun pozan şəxs ilə izahlı söhbəti və s. tətbiq edə bilər.

Bundan əlavə, 2011-ci ildən etibarən ictimaiyyət tərəfindən SOPA (Stop Online Piracy Act) və PIPA (Protect Intellectual Property Act) qanunları ətrafında müzakirələr başladı. Piratlığa, hər hansı yükləməyə və paylaşmaya qarşı tətbiq olunan SOPA 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Öz növbəsində PİPA müəllif hüquqlarının pozulmasına qarşı tətbiq olunan qanundur. Lakin SOPA və PİPA qanunlarına qarşı narazılıq elə həddə gəlib çatdı ki, Amerikanın ən böyük İnternet şirkətləri belə, o cümlədən, Google, Wikipedia, WordPress və s. aktiv olaraq bu qanunlara qarşı çıxdı. Sözügedən şirkətlər SOPA və PİPA-nın yerinə OPEN (Online Protection and Enforcement of Digital Trade Act) qanununu qəbul etməyi təklif etdi. Dövlət də bütün bunları nəzərə alaraq SOPA və PİPA-dan imtina etməli oldu.

Piracy_5Bütün bu qanunları nəzərdən keçirdikdən sonra qarşımıza klassik bir sistem çıxır: «qanunu pozan cəzasını alır». Bu sistem əsrlər boyu tətbiq olunur, amma görünür, onun faydası yoxdur ki, qanun pozulur və pozulmağa davam edəcək. Üstəlik, kiçik ölkələr öz vəsaitlərinin xaricə axmasını istəmir və bu səbəbdən də piratlığa qarşı mübarizə aparmağa tələsmir.

Belə şəraitdə son illər yeni bir sistem formalaşmağa başladı. İlk addımı Stiv Cobs «iTunes» sistemı ilə atdı. Əgər keçmişdə istifadəçi istədiyi musiqini dinləmək üçün bütün albomu əldə etməli olurdusa, indi «iTunes» istənilən parçanı yükləməyə imkan verir, həm də çox ucuz: cəmi 0,99 dollara. Əvvəllər musiqiçilər tərəfindən soyuq qarşılanan «iTunes» daha sonra xeyir gətirməyə başladı. Artıq istifadəçilər istədikləri musiqi parçasını uzun axtarışlardan sonra qeyri-qanuni yol ilə əldə etmək yerinə indi ucuz və leqal yola üstünlük verirlər. Məhz bu addımdan sonra piratlıq mövqelərini itirməyə başladı. İstifadəçilər kiçik xərcdən çəkinmirlər, onlar üçün əsas olan istədikləri musiqi parçasını rahat və tez əldə etməkdir. Belə müsbət dəyişiklik yalnız musiqiyə aid deyil. Apple şirkəti eyni yanaşmanı AppStore-da tətbiq etməklə Apple telefonlarında piratlığı minimal səviyyəyə saldı. Daha sonra eyni sistemi Android və Windows da tətbiq edib tezliklə bəhrəsini gördü.

Oyun bazarında da vəziyyət acınacaqlı idi: qiymətlər yüksək qalır, bütün qorunma sistemləri piratlar tərəfindən asanlıqla sındırılırdı. Nəhayət, bu sahədə gözlənilən addımı «Steam» atdı. 2006-cı ildən başlayaraq «Steam» oyun mağazasında tranzaksiyalar xeyli asanlaşdı, oyunları almaq olduqca sadələşdi. Bundan əlavə, «Steam» ildə ən azı iki dəfə böyük endirimlər, pul qazanmaq imkanı, avtomatik yeniləmə və s. tətbiq edərək ildən ilə oyun bazarından piratlığı yox etməyə davam edir.

Lakın oyun yaradan studiyalara baş ağrısı verən torrentlər hələ də boldur. Odur ki, hər studiya mübarizəni öz üsulları ilə aparır. Məsələn, «GTA 4» oyunu piratları məyus edə bildi. Mürəkkəb qorunma sistemini qanunsuz keçib oynamağa başlayan oyunçu bir müddət sonra sözün əsl mənasında baş ağrısı hiss etməyə başlayır. Sistem İnternetdən gizli verifikasiyadan keçilmədiyi halda oyuna müdaxilə edir: maşın hərəkət edərkən birdən birə divara çırpılır, personaj oyunçunun istiqamət tutduğu yerə getmir, oyunda televizor və radio deaktivləşdirilir. Pirat istifadəçilər adətən belə hallarda əsəbiləşib oyunu dayandırmalı olurdular. Bir neçə il sonra çıxan «GTA 5» piratlıqla mübarizədə daha sadə yola əl atdı. Oyunda baş qəhrəmanın itini bəsləmək üçün smartfona yüklənmiş mobil tətbiqdən istifadə etmək lazımdır. İt oyunda olduqca mühüm yer tutur, smartfondakı tətbiq isə yalnız lisenziyalı oyunla əlaqə saxlaya bilir.

2015-ci ilin mart ayında çıxan «Cities in Motion» oyunu isə piratlara qarşı orijinal üsulla mübarizə etməyə başladı. Bu üsul çox sadədir: yaradıcılar oyunu hər gün yeniləyirlər. Lisenziyalı oyunçulara heç bir çətinlik gətirməyən bu üsul piratları hər bir yeniliyi tətbiq edərkən yorur və nəticədə qeyri-qanuni yoldan əl çəkmələrini təmin edir. Bu sistem sadə olmasına baxmayaraq olduqca effektivdir. Nəticə isə göz qabağındadır: oyun satışa çıxarıldığı gün pirat kopiyalarının sayı sıfıra bərabər idi. Səbəb isə oyunun hər bir neçə saatdan bir yenilənməsi idi.

Piratlığa qarşı mübarizə öz aktiv fazasındadır. Lakin əhalinin bu mövzuda az maariflənməsi səbəbindən istifadəçi hər hansı bir faylı qeyri-qanuni olaraq yüklədiyi və paylaşdığı zaman əslində oğurluq etdiyini başa düşmür. Bunu başa düşməyincə, piratlıq cəhdləri davam edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -