ГлавнаяТелекомСтатьиDünyada elektron hökümətlərin inkişafı

Dünyada elektron hökümətlərin inkişafı

egov_article_4

Ötən buraxılışımızda sizi müxtəlif Avropa ölkələrinin e-hökümət təcrübəsi ilə tanış etdik. Ölkələr üzrə icmalımızı davam etdiririk.

egov_article_4

Norveç

egov_article_5

2006-cı ildə Norveç hökuməti parlamentə «Hamı üçün İnformasiya Cəmiyyəti» başlıqlı açıq məktub ünvanlayaraq dövlət idarələrində effektiv və standartlaşdırılmış texniki həllərə əsaslanan islahatların zəruriliyi məsələsini gündəmə gətirdi.

Bununla yanaşı, vətəndaşlara bütün dövlət xidmətlərini özündə cəmləşdirən və istifadəçinin ehtiyaclarına uyğunlaşan «MyPage» (mənim səhifəm) adlı portal təqdim olundu.

2007-ci ildə dövlət qurumlarının İnternet səhifələrinin standartlaşdırılmasını və istifadə üçün sadələşdirilməsini təmin etmək üçün yol xəritəsi dərc olundu. Eyni il government.no İnternet səhifəsi işə salındı. Səhifə istifadəçilərin xidmət və məlumatları daha rahatlıqla əldə etmələrini nəzərə alaraq hazırlanıb.

2008-ci ildə Hökumət Administrasiyası və İslahatlar Nazirliyi elektron şəxsiyyət vəsiqəsi (eID) sistemini işə salaraq vətəndaşlara bu vəsiqələrlə elektron hökumət və elektron dövlət xidmətlərindən faydalanmaq imkanı verdi.

2009-cu ildə hökumət tərəfindən bütün dövlət qurumları və yerli idarəetmə orqanlarının İnternet səhifələrindəki məzmunun (mətn, şəkil, video və s.) vətəndaşın seçdiyi formatda təqdim olunması haqda vahid İKT standartları qəbul olundu.

Elə həmin ildən başlayaraq Norveçdə bizneslə məşğul olmaq istəyən şəxs və şirkətlər Avropanın istənilən yerindən Vahid Əlaqə Nöqtəsi sisteminə daxil olub bütün lazımi məlumatları əldə edə bilirlər.

2011-ci ildə Maliyyə Nazirliyi vətəndaşların vergi məlumatlarının (ad, doğum tarixi və ya şirkətin yaranma tarixi, ünvan, gəlir, mülkiyyət və hesablanmış vergi məbləği) nazirliyin rəsmi səhifəsində yerləşdirilməsi barədə qərara gəldi. Hər vətəndaş özü haqdakı məlumatları elektron şəxsiyyət vəsiqəsi vasitəsilə həmin sistemdən əldə edə bilər.

2014-cü ildə, Norvecin əksər dövlət qurumları İnternet səhifələrini son texnologiyalara uyğun olaraq yenilədi və bununla da istifadəçiyə daha yaxın olan bir struktur yaratdı. Həmçinin, 2014-cü ildən bəri dövlət vətəndaşlarla rəqəmsal mühitdə kommunikasiya yaradır. Bu kommunikasiya ənənəvi kağız formatına yalnız vətəndaşın tələbi əsasında çevrilir. Qeyd edək ki, əvvəllər kommunikasiya ilkin olaraq kağız formatında, sonra isə vətəndaşın istəyinə əsasən rəqəmsal formaya çevrilirdi və həmin vaxt ərzində dövlət tərəfindən vətəndaşlara tam 125 milyon kağız məktub göndərilmişdi.

2015-ci ilin əvvəllərindən bəri Norveçli sahibkarlar və şirkət rəhbərləri illik hesabatların yazılması, vergilərin ödənilməsi və illik vergi sertifikatlarının əldə olunması proseslərini İnternet vasitəsi ilə həyata keçirirlər.

Hazırda Norveç əhalisinin 82%-i dövlət qurumları ilə əlaqəni İnternet vasitəsi ilə yaradır, 76%-i isə İnternet vasitəsi ilə dövlət qurumlarından məlumat əldə edir.

Türkiyə

egov_article_7

Türkiyə Respublikasında elektron hökumət proqramının əsası 2002-ci ilin dekabrında «e-dönüşüm» (e-transformation) adlı inkişaf planının qəbul olunması ilə qoyulub. Türkiyənin informasiya cəmiyyətinə çevirlməsini hədəf tutan və 2003-cü ildən qüvvəyə minən layihə baş nazir müavinlərindən birinin məsuliyyəti altındadır.

2004-cü ildən etibarən bu ölkədə vergi bəyannamələri İnternet vasitəsi ilə verilməyə başladı. Maliyyə Nazirliyi tərəfindən yaradılan və sahibkarları, habelə dövlət qurumlarını əhatə edən virtual şəbəkə çərçivəsində ümumi dəyəri 52 milyon avro təşkil edən müxtəlif layihələr həyata keçirildi.

2005-ci ildə «Turkish Telecom» Sinqapur mənşəli şirkətlə 20 milyon ABŞ dolları məbləğində müqavilə bağlayaraq ilk e-hökumət portalının hazırlamasına başladı. Portalın əsas məqsədi 80 milyonluq Türkiyə əhalisinin vahid elektron hökumət sistemi vasitəsilə bütün dövlət xidmətlərinə çıxışını təmin etməkdən ibarət olub.

Eyni ildə Kimliklərin (şəxsiyyət vəsiqələrinin — red) Paylaşım Sistemi işə salındı. Sistem Daxili İşlər Nazirliyi və digər nazirliklər arasında vətəndaşın şəxsiyyət vəsiqəsinin unikal nömrəsi əsasında (MERNIS) əhali haqda məlumatın paylaşılmasına imkan yaradır.

2006-cı ildə Türkiyə Sərmayə Portalı təsis edilib. Bu portal xarici investorlara Türkiyəyə nə üçün və necə pul yatırmaları haqda məlumat verir. Həmçinin, 2006-cı ildə Milli Təhsil Nazirliyi elektron məktəb («e-Okul») layihəsinə start verdi. Bu layihə təhsil ocaqlarına məktəblilər haqda məlumat toplayaraq MERNIS sistemi əsasında mərkəzləşmiş məlumat bazasına yerləşdirməyə imkan verdi. Eyni zamanda məktəblər bu sistem vasitəsilə şagird və valideynlərlə elektron mühitdə əlaqə saxlayır.

«Global e-government»in 2007-ci ildə dərc etdiyi hesabata görə Türkiyə dövlət qurumlarının İnternet səhifələrinə görə 198 ölkə arasında 9-cu yeri tutmağa nail olub. Eyni ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyədə e-hökümət proqramı haqda geniş araşdırma dərc etdi.

2007-ci ilin iyun ayında isə Türkiyə baş nazirinin kabineti elektron şəxsiyyət vəsiqələri üzrə pilot layihəsini işə saldı. Vəsiqələr özündə vətəndaşlar haqda biometrik məlumatları toplayır.

2008-ci ildə təsis edilən «e-Devlet Kapısı» layihəsi vətəndaş və şirkətlərə bütün elektron hökumət xidmətlərinə vahid giriş nöqtəsi kimi fəaliyət göstərir.

2009-cu ildə «Ulusal Yargı Ağı Bilişim» milli ədliyyə informatika sistemi (UYAP) və SMS məlumat sistemi «4-cü Avropa e-hökümət Mükafatı 2009» finalına yüksəldi. Bununla yanaşı, Baş Nazirliyin Kommunikasiya Mərkəzi, habelə zəmanət və satışsonrası xidmətlərin elektron sertifikatlaşdırma sistemi faydalı təcrübə kimi qeyd olundu. UYAP-ın tərkibi hissəsi olan SMS məlumat sistemi vətəndaşların və peşəkar vəkillərin ədliyyə məsələləri ilə bağlı məlumat almalarını təmin edən dövlət proqramı kimi fəaliyyət göstərir.

Növbəti ildə Daxili və Xarici İşlər Nazirliklərinin əməkdaşlığı ilə ePasport layihəsi işə salındı. Bunun sayəsində vətəndaşlar yeni pasportlarını istər əyani, istərsə də virtual mühitdə sifariş verə bilərlər. Elektron Pasport Məlumat Sistemi epasaport.gov.tr ünvanında fəaliyyət göstərir.

2011-ci ildə Türkiyə dövlət qurumları arasında rəsmi yazışmaların elektron formaya keçməsini təmin edən elektron yazışma sistemi yaradıldı.

2012-ci ildən etibarən bir çox bələdiyyələr elektron hökumət sisteminə qoşulmağa başladı. Beləliklə, ekologiya, hsbelə daşınmaz əmlak vergilərinin toplamnası və bu kimi xidmətlər elektron formada həyata keçirilməyə başladı. Həmçinin, bir sıra bələdiyyələr evlilik haqda şəhadətnamə, ev heyvanları üçün sənədlərin verilməsi kimi xidmətləri də elektron formaya keçirib.

2010-cu ildə işə salınan FATİH («Təhsil sistemində bərabər imkanlar və texnologiyalar») layihəsi bundan üç il keçdikdən sonra ən əsas layihələrdən biri kimi qiymətlərndirildi. Paralel olaraq bir çox nailiyyətlər əldə edilmiş, o cümlədən, əyani vəsaitlər və maarifləndirici proqramlardan ibarət infrastruktur qurulmuş, elektron məzmunun idarə olunması, habelə təhsil proqramlarında informasiya texnologiyalarından effektiv istifadə sistemləri yaradılmış, İKT və İnternetdən təhlükəsiz istifadə, eləcə də müəllimlərin maariflənmə proqramları həyata keçirilmişdir.

2014-cü ildən başlayaraq tələbələr sertifikat və diplomlarını elektron hökumət vasitəsilə əldə edə bilirlər. Həmin sənədlər dövlət qurumları tərəfindən qəbul olunur.

Elə həmin il e-hökümət proqramının texniki tərəfdaşı Türksat şirkəti sosial məsuliyyət proqramı çətçivəsində İnnovativ Hökumət Yarış Proqramını yaratdı. Elektron hökumət haqda məlumatların yayılması məqsədilə qurulan Proqram eyni zamanda universitetlərdə e-hökümətlə əlaqədar innovativ və biznes xarakterli layihələrin hazırlanmasını da nəzərdə tutur.

Hazırda Türkiyə əhalisinin 19%-i dövlət qurumları ilə İnternet vasitəsi ilə əlaqə yaradır, 17%-i isə İnternet vasitəsi ilə dövlət qurumlarından məlumat əldə edir.

egov_article_6

Estoniya

egov_article_3

Estoniya Avropa İttifaqı üzvləri arasında elektron hökumət sahəsində özünəməxsus yerə malik olan ölkədir. İKT sahəsinə xüsusi marağı ilə seçilən bu keçmiş SSRİ ölkəsi son illər ərzində elektron hökumət sahəsində qitə və dünya miqyasında liderlərdən birinə çevrilib.

Estoniyada evlərin 83 faizinin, şirkətlərinin isə 96 faizinin İnternetə çıxışı var.

Ölkədə məlumat siyasəti üzrə ilk fəaliyyət planı 2001-ci ilin əvvəllərində qəbul edilib. Artıq 2001-ci ilin ortalarında Estoniya hökuməti innovativ eDemokratiya portalını işə saldı. TOM (Tana Otsustan Mina — «Bu gün mən qərar verirəm») adlı portal vətəndaşların ictimai qərarvermə prosesində iştirakına dəstək kimi nəzərdə tutulub. Həmin ilin sonunda dövlət qurumlarının məlumat bazaları arasında mübadiləni mümkün edən «X-tee» sistemi işə salındı.

2002-ci ilin yanvar ayından etibarən Estoniya vətəndaşlarına elektron şəxsiyyət vəsiqələri verilməyə başlandı. Şəxsiyyət vəsiqələri istənilən növ biznes, hökumət və ya şəxsi kommunikasiyalarda istifadə edilmək üçün nəzərdə tutulmuşdu. Elə həmin ildə Estoniya hökuməti BMT İnkişaf Proqramı (UNDP) və Açıq Cəmiyyət İnstitutu (OSI) ilə birgə e-idarəetmə Akademiyasını (EGA) təsis etdi. Akademiya qonşu ölkələrə Estoniyanın e-hökumət təcrübəsini öyrənib ondan faydalanmasına imkan yaratdı.

2003-cü ildə Estoniya hökuməti bütün elektron hökumət xidmətlərini birləşdirmək məqsədi daşıyan çətir e-hökümət portalını işə saldı. Eyni ildən başlayaraq vahid dövlət imtahanlarını verən tələbələr «Vətəndaş Portalı»nda qeydiyyatdan keçib nəticələri email və ya SMS vasitəsi ilə almaq imkanı əldə etdilər.

2005-ci ildə Estoniya Məlumat Təhlükəsizliyi siyasəti proqramı qəbul etdi və bununla da ölkədə şirkət və fərdlər üçün təhlükəsiz elektron mühitin yaradılmasına yönəldilmiş təşəbbüslərin əlaqələndirilməsinə nail oldu. Həmçinin, 2005-ci ildə Estoniya öz vətəndaşlarına İnternet vasitəsi ilə səsvermə hüququnu təmin edən ilk dövlət oldu. Səs vermək üçün vətəndaşlar sadəcə öz elektron vəsiqələrini İnternetə bağlı kart oxucularına daxil etməlidirlər.

2006-cı ildən başlayaraq orta məktəblərdən məzun olan şagirdlər Estoniya universitetlərinə qəbul olmaq üçün İnternet vasitəsi ilə müraciət edə bilərlər. Eyni ildə ölkənin ən ucqar kəndlərini fasiləsiz İnternet qoşulması ilə təmin etmək üçün «Küla Tee 3» (Kənd Yolu 3) təşəbbüsü həyata keçirilməyə başladı.

2007-ci ilin yanvarından etibarən Estoniya vətəndaşları e-hökümət portalından şəxsi elektron seçici kartlarını (ESK) sifariş edə bilərlər. Bu kartı əldə etdikdən sonra artıq vətəndaş kağız seçki forması almır, ESK ilə bütün seçkilərdə İnternet mühitində səs verə bilir. 2007-ci il martın 4-də isə Estoniya dünyada ilk dəfə ölkə miqyasında elektron seçki keçirdi. 30275 vətəndaş bu imkandan istifadə edib Estoniya parlamentinin yeni tərkibinə səs verdilər. Bundan əlavə, elektron seçicilər hökumətin hazırladığı qanun layihələrinə ESK vasitəsilə rəy bildirmək hüququnu da əldə etdilər.

Qeyd edək ki, məhz 2007-ci ildə Estoniya tarixində ən geniş miqyaslı kiber-hücumlar da baş verdi. Bir sıra dövlət və şəxsi İnternet səhifələri kiber-hücumlara məruz qalaraq sıradan çıxdı. Buna cavab olaraq eyni ilin iyul ayında Estoniya hökuməti kiber-hücumlara qarşı mübarizə planını qəbul etdi.

Vətəndaş və şirkətlərin gəlir və vergi bəyənnamələrinin elektron formada tərtib etmələrinə, yerli idarə orqanlarının onların ərazisində yaşayan vətəndaş, yerləşən şirkətlərin gəlir və vergi bəyənnamələrinin elektron nüsxələrini əldə etməsinə imkan verən elektron imza daşıyan Mobil Şəxsiyyət Vəsiqələri sistemləri də elə 2007-ci ildə işə salındı.

Tezliklə Estoniyanın kiber-təhlükəsizlik sahəsindəki səyləri öz müsbət nəticələrini verməyə başladı. «008-ci ildə ölkədə Kiber-Təhlükəsizlik Strategiyası planı» qəbul edildi. Beynəlxalq müstəvidə aparılan əməkdaşlıq nəticəsində kiber-cinayətlərə qarşı mübarizə daha effektiv olmağa başladı. Plan çərçivəsində şirkətlərin elektron eyniləşdirmə vəsiqələrinin oğurlanmasına qarşı aparılan mübarizə çərçivəsində e-hökümət portalında xüsusi yoxlanış və ikitərəfli (portal və sahibkar arasında) nəzarət-xəbərdarlıq sistemi işə salındı.

2009-cu ildən etibarən Estoniyada şirkətin yaradılması və qeydiyyatdan keçməsi İnternet vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydada qeydiyyatdan keçən ilk şirkətin təsisçisi müraciəti Finlandiya şəxsiyyət vəsiqəsi ilə edib və bütün qeydiyyat prosesini iş masasının başından ayrılmadan edib. Finlandiya ilə yanaşı bu xidmətlər Portuqaliya, Belçika və Litva vətəndaşları üçün də açıqdır.

2010-cu ildən bəri həkimlər öz xəstələrinə elektron dərman reseptləri verirlər. Eyni ildə Estoniya rəqəmsal televiziya formatına keçib «.ee» (ccTLD) yüksək səviyyəli domen zonasını xaricilər üçün də açdı. «Diara» adlı açıq mənbəli proqram isə dövlət qurumlarının İnternet vasitəsi ilə səsvermə, sorğu, petisiya və ictimai məsləhətləşmələr təşkil etməyə imkan verir.

2011-ci ildə BMT-nin təşkilatçılığı ilə Elektron İdarəetmə nəzəriyyəsi və onun tətbiq edilməsinə həsr olunmuş Beynəlxalq Konfrans (ICEGOV) Estoniyanın paytaxtı Tallində keçirildi. Həmin il Estoniya elektron xidmətləri sahəsində Avropa İctimai Sektorunun Mükafatına layiq görüldü. Şirkətlərə illik hesabatlarını elektron formada tərtib etməyə imkan verən sistemə görə isə Estoniya Dünya Zirvə Mükafatı (World Summit Award) «e-hökümət və İnstitutlar(Qurumlar)» nominasiyasının qalibi oldu.

2012-ci ildə Estoniya hökuməti son onillikdə görülən işlər haqda hesabat dərc edərək 2020-ci ilədək İnformasiya Cəmiyyəti Strategiyasını qəbul etdi.

2013-cü ildə Estoniya ilə Birləşmiş Krallıq arasında istifadəçiyə asan («user-friendly») elektron xidmətlərin hazırlanması sahəsində təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalandı. Eyni ildə İqtisadi İşlər və Kommunikasiya Nazirliyinin dərc etdiyi araşdırmada bildirilib ki, elektron xidmətlərin dövlət qurumlarında tətbiq olunması göstərilən xidmətlərin 12 qat tez və ənənəvi üsullarla müqayisədə çox daha effektiv işləyir.

2013-cü ilin dekabrında isə Estoniya daha bir tarixi nailiyyət əldə etdi. Söhbət Estoniya ilə Finlandiya arasında e-xidmətlər haqda anlaşma memorandumunun elektron qaydada imzalanmasından gedir.

2014-cü ildə Estoniya və Finlandiyanın təhsil nazirləri Eston-Fin Müştərək Təhsil Buludunun (Cloud) hazırlanmasına dair əməkdaşlıq memorandumu imzaladılar. Müəllimlər və şagirdlərə açıq olan buludda təhsil materialları və uğurlu təcrübələr yer alır. Həmçinin, Tallin və Helsinki şəhərlərini birləşdirən yüksək sürətli fiber-optik əlaqəsi yaradılaraq iki ölkənin araşdırma və təhsil qurumları arasında yüksək sürətli məlumat mübadiləsinə imkan açıldı.

2014-cü ilin iyun ayında Estonuyanın bütün nazirlik və hökumət orqanlarının eyni strukturlu, istifadə üçün asanlaşdırılmış («user-friendly») İnternet səhifələri işə salındı. Bununla da ölkənin vahid İnternet Hökumət Portalı fəaliyyət göstərməyə başladı.

2014-cü ilin oktyabr ayında Estoniya e-idarətmə Akademiyası Namibiya hökuməti ilə saziş imzalayaraq Namibiya dövlət qurumlarının məlumat bazaları arasında Estoniya modelinə bənzər mübadilə sisteminin hazırlanmasına başladı.

Bundan bir ay sonra isə Estoniya dünyada ilk elektron miqrasiya icazəsi verən ölkə oldu. «e-miqrant kartı» sayəsində dünyanın istənilən yerində yaşayan insan Estoniya hökuməti tərəfindən verilən rəqəmsal eyniləşdirmə vəsiqəsi alıb yüksək keyfiyyətli elektron xidmətlərdən faydalana bilər. Estoniyada yaşamayan insanlara verilən xüsusi elektron miqrasiya izni sayəsində xarici ölkə vətəndaşı olan fiziki şəxslər Estoniyanın təklif etdiyi bütün elektron xidmətlərdən yararlana, elektron imza vasitəsilə bütün Avropa İttifaqı (Aİ) ərazisində hüquqi cəhətdən qüvvədə olan müqavilə, rəsmi razılıq və s. əldə edə bilərlər. Buna baxmayaraq, elektron miqrasiya icazəsi Estoniyaya daxil olmağa, ənənəvi yaşayış ixazəsinin verdiyi hüquqlardan yararlanmağa və ya Estoniya vətəndaşlığını əldə etməyə əsas deyil.

2014-cü ilin sonundan etibarən Estoniya aparıcı elektron idarəetmə sistemlərinə malik dövlətlərdən ibarət «D5 alyansı»nın üzvüdür. 2014-cü ildə Londonda təsis edilmiş alyansın məqsədi elektron dövlət və informasiya cəmiyyəti sahələrində təcrübə mübadiləsini gücləndirməkdir. Estoniya ilə yanaşı alyansa Birləşmiş Krallıq, Cənubi Koreya, İsrail və Yeni Zelandiya daxildir.

egov_article_2

2015-ci ilin yanvarında Aİ İctimai Fondunun maddi dəstəyi ilə Estoniyanın İqtisadi İşlər və Kommunikasiya Nazirliyi olduqca iddialı olan rəqəmsal savadın artırılması planını qəbul etdi. Oksford universiteti ilə birgə reallaşdırılan plan qeyri-İKT sahəsində işləyən mütəxəssislərin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına, habelə tələbələrin geniş İKT biliklərin əldə etmələrinə yönəldilib.

Qeyd etmək lazımdır ki, bu layihə siyasi elmlər çərçivəsində İKT sahəsində araşdırma və maarifləndirməyə yönəldilmiş ilk və hələ ki, yeganə layihədir.

2015-ci ilin fevralında Estoniyada ümumxalq səsvermə keçirilib. Səsvermədə elektron seçici sayı üzrə yeni rekord vurulub. Belə ki, həmin səsvermədə cəmi 176491 seçici elektron formada iştirak edib.

Hazırda Estoniya əhalisinin 51%-i dövlət qurumları ilə İnternet vasitəsi ilə əlaqə yaradır, 48%-i isə İnternet vasitəsi ilə dövlət qurumlarından məlumat əldə edir.

egov_article_1

Növbəti buraxılışlarda InfoCity sizi müxtəlif ölkələrin e-hökümət təcrübəsi ilə tanış etməyə davam edəcək.

Обзор игры: Batman: Рыцарь Аркхема
Роботы наступают: Обзор современных роботов, готовых служить человеку
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!