spot_img
26 апреля, 2024
ДомойТелекомСтатьиİctimai məkanlarda pulsuz Wi-Fi zonaları

İctimai məkanlarda pulsuz Wi-Fi zonaları

Yuxudan oyanan kimi əlinizi ilk növbədə mobil telefonunuza uzadırsınızsa, deməli siz İnternet asılılığı olan insanlardansınız. Adətən, belə insanlar harada olur olsun: istirahət edərkən, dostlarla birlikdə olarkən, ailə mühitində vaxt keçirərkən mobil telefonu əllərindən buraxa bilmirlər. Təbii ki, belə hal ünsiyyət, daha doğrusu, ünsiyyətin yoxluğu probleminə gətirib çıxardıb. Yox, əgər elələrindən olmasanız belə, «whatsapp»ınıza, elektron poçtunuza, sosial şəbəkə hesabınıza gələn bildiriş və məktubları nəzərdən keçirmək üçün istər-istəməz vaxtaşırı da olsa, smartfondan istifadə etməyə məcbursunuz. Bəs şəhər parklarında və digər məkanlarda gəzib dolaşdığınız vaxt İnternetə necə qoşulursunuz? Mobil operatorların İnternet paketləri elə də ucuz deyil. Bir çox kafe və restoranlar da müştərilərə pulsuz Wi-Fi təqdim edir, lakin bundan faydalanmaq üçün mütləq masa arxasında əyləşib sifariş vermək lazımdır. Belə halda, tam mənada pulsuz Wi-Fi haradan tapıb qoşulma problemimizi həll edək?

Wi-Fi tarixçəsi. 1985-ci ildə ABŞ Federal Rabitə Agentliyi (Federal Communications Commission) radiospektrin müəyyən tezliklərinin lisenziyasız istifadə edilməsinə icazə verdi. Amerikada belə qanunun qəbul edilməsi digər ölkələrdə də analoji qərarların qəbul edilməsinə gətirib çıxartdı. Nəticədə bütün dünyada radiospektrin kommersiyalaşmasına maraq göstərən şirkətlər fəal şəkildə simsiz şəbəkələrin qurulması üçün xüsusi avadanlıqlar hazırlamağa başladı. Wi-Fi texnologiyası 1991-ci ildə Hollandiyada NCR Corporation/AT&T (Lucent Technologies və Agere Systems) tərəfindən yaradıldı. Başlanqıcda kassa xidməti sistemləri üçün nəzərdə tutulmuş və bazara WaveLAN markası altında çıxan həmin məhsullar 1-2 Mbit/s məlumat ötürmə sürətini təmin edirdi. Wi-Fi yaradıcısı Vik Heys (Vic Hayes) IEEE 802.11b, IEEE 802.11a və IEEE 802.11g kimi standartların hazırlanmasında iştirak edən komandanın üzvlərindən biri idi. Lakin, Vik 2003-cü ildə Agere Systems-dən ayrıldı. Wi-Fi həllərinin ucuz olmasına baxmayaraq Agere Systems o vaxtın ağır rəqabət şəraitinə davam gətirmirdi. 802.11abg all-in-one Agere mikrosxem yığımının satışları (kod adı: WARP) qənaətbəxş deyildi, nəticədə Agere Systems 2004-cü ilin sonunda Wi-Fi bazarından çıxmalı oldu.

11 sentyabr 2009-cu il tarixdə IEEE 802.11n standartı təsdiq olundu. Bu standartın tətbiq olunması məlumat ötürmə sürətini əvvəlki maksimal surəti 54 Mbit/s-ə bərabər olan 802.11g standartlı qurğulara nisbətən dörd dəfə artırmağa imkan yaratdı. Nəzəri olaraq 802.11n standartlı qurğuların məlumat ötürmə sürəti 600 Mbit/s-ə qədər ola bilərdi. 2011-ci ildən 2013-cü ilə qədər isə məlumat ötürmə sürətini bir neçə Qbit/s-ə qədər artırmaq üçün IEEE 802.11ac standartı üzərində işlər davam edirdi. Aparıcı avadanlıq istehsalçılarının əksəriyyəti bu standartı dəstəkləyən qurğuları artıq hazırladıqlarını elan ediblər.

2011-ci ildə Wi-Fi Alliance-ın tərkibində 500-dən çox şirkət vardı.

Xarici praktika. Qurğuların yüksək sürət paylama imkanı əldə etməsi ilə xarici ölkələrdə pulsuz Wi-Fi zonaları yayılmağa başladı. 2000-ci illərin əvvəllərində bu zonalar istirahət parkları, metro stansiyaları, idman mərkəzləri, təhsil ocaqları, intensiv hərəkətli küçələrdə və s. məkanlarda quraşdırılmağa başladı. Kütləvi şəkildə həyata keçirilən bu addımlardan məqsəd həmin ölkənin və ya şəhərin daha «smart», daha inkişaf etmiş olduğunu göstərmək idi. İlk zonalardan biri 2002-ci ildə Nyu-York şəhərinin işgüzar rayonunda yerləşən Brayant Parkda yaradıldı. İnternetə daxil olmaq üçün sadəcə şəbəkə qaydalarını qəbul etmək kifayət idi.

2003-cü il 107-ci Boston marafonu çərçivəsində Tech Superpowers şirkəti azarkeşlər üçün simsiz İnternetdən pulsuz istifadə etmək və «videoaçıqça» göndərmək imkanı yaradan iki xüsusi avtomobil ayırdı. Avtomobillər finiş xəttinə təxminən bir kilometr qalmış yerləşdirildi. Burada insanlar öz noutbukları ilə şəbəkəyə pulsuz qoşula və Tech Superpowers tərəfindən təqdim olunan sistemlərdən istifadə edə bilərdilər.

İlk «Wi-Fi milləti» adını Yeni Zellandiya yaxınlığında yerləşən kiçik Niue ölkəsi əldə edib. 1997-ci ildə təşəbbüskar amerikan biznesmeni Uilyam Semiç Niue İnternet İstifadəçiləri Cəmiyyəti əsasında Niue hökuməti ilə müqavilə imzalayıb ona IANA-dan ccTLD .NU-un birinci səviyyə domenlərinin satış hüququnu verən sənədləri əldə etdi. Semiç gəlirinin 25%-ini adada yüksək texnologiyaların inkişafı üçün ayırmağı qərara aldı. Maraqlı fakt ondan ibarətdir ki, «Nu» sözü İsveç, Danimarka və Holland dillərində «indi» deməkdir, odur ki, həmin domendə kütləvi qeydiyyatlar məhz adı çəkilən ölkələrdən həyata keçirilir. Üstəlik, İsveçin .SE domen zonasında qeydiyyat tələblərinin kifayət qədər sərt olduğu üçün də isveçlilərin əsas seçimi .NU zonasıdır. Bu biznes Semiçə ildə 4 milyon ABŞ dolları gəlir gətirir. Dövlət qarşısında götürdüyü öhdəliklərə əsasən amerikalı biznesmen 2003-cü ildən etibarən Niueni tamamilə pulsuz Wi-Fi şəbəkəsilə təchiz edir.

2004-cü ilin may ayında Yandex şirkəti Rusiyada IBM, Intel, «Rostik Restoranları» və Taskom ilə birgə Yandex.WiFi adlı layihəyə start verdi. Layihənin əsas məqsədi restoranlar şəbəkəsində istifadəçilər üçün simsiz İnternet təqdim etmək idi. Belə ki, biznes-lanç və ya dostlar ilə şam yeməyi zamanı istifadəçilər öz noutbuk, ya da portativ kompüterləri vasitəsilə İnternetə pulsuz daxil olub istifadə edə biləcəkdilər. Tezliklə bu layihə nəinki Rusiya, həmçinin qonşu ölkə Ukraynanın paytaxtı Kiyevi də əhatə etdi. Ümumilikdə 50 ictimai məkanın iştirak etdiyi layihəyə ilin sonunda kinoteatr da («Pobeda» kinoteatrı) qoşuldu. Eyni zamanda Yandex şirkəti Taskom, MTU-İntel, Artkom, Rinet, Komstar və Sovintel kimi İnternet provayderləri ilə əməkdaşlıq qurub onlara bizneslərini inkişaf etdirmək üçün şərait yaratdı. İstifadəçilər isə 2004-cü ildən etibarən ictimai məkanlarda pulsuz İnternet əldə etmək imkanı qazandılar. Növbəti illərdə yüzlərlə müxtəlif məkanlar bu layihəyə qoşularaq girişdə «Yandex WiFi. Burada pulsuz İnternet var» yazılı lövhələr yerləşdirirdi.

2005-ci ilin may ayından etibarən NSUNET layihəsi çərçivəsində Novosibirsk Dövlət Universitetinin bütün binaları, habelə tələbə şəhərciyi pulsuz İnternet ilə təchiz olunmağa başladı. Bu addım tələbələr üçün İnternetə çıxışı asanlaşdırmaq və məlumatların İnternet üzərindən əldə edilməsinə imkan yaratmaq üçün universitetin uğurlu addımlarından biri idi. 2009-cu ilə kimi universitetin bir çox ərazisi İnternetlə təmin edilmişdi.

WiFi zonalarının sxemaları:

small_Pirogova2_1st_per_W_r

2007-ci ildə Venesuelalı tədqiqatçı Ermanno Pietrosemoli bir-birindən 382 kilometr uzaqlıqda olan iki nöqtə arasında Wi-Fi qoşulmasını təmin etməyi bacardı. Bununla Ermanno yeni dünya rekordu qırdı! Həmin günə qədər maksimal nailiyyət İsveçli alimlərin hava balonu ilə 310 kilometr məsafədə yerləşən yerüstü stansiya arasında qurduqları qoşulma hesab olunurdu.

Təxmin olunur ki, Pietrosemoli bu nəticəni Intel istehsalı olan simsiz avadanlıqları ilə digər avadanlıqların qarışıq dəstindən hazırladığı standart məhsullar və əlavələrdən ibarət qurğulardan istifadə edərək əldə edib. Şübhəsiz ki, burada yönəldilmiş antenalardan istifadə olunub. Ötürmə sürətinin isə 3 Mbit/s ətrafında olduğu bildirilib. Wi-Fi yayılan məkanın spesifik relyefi Pietrosemolinin müvəffəqiyyətində çox böyük rolu oynayıb. Bu təcrübə geniş əraziləri Wi-Fi ilə təchiz etmək yarışına start verdi.

2007-ci ilin sonunda ThinkGeek şirkəti dünya ictimaiyyətinin diqqətinə Wi-Fi dalğasının gücünü təyin edən gödəkçə təqdim etdi. Belə ki, gödəkçə ətrafda hər-hansı Wi-Fi qoşulmasının olduğunu təyin edərək dalğanın gücünü müəyyən edir.

mayka

2008-ci ildən başlayaraq pulsuz Wi-Fi zonalar bütün dünyada kütləvi şəkildə yayılmağa başladı. Wi-Fi İnterneti olmayan kafe və restoranlar artıq neqativ qarşılanmağa başladı. Müştəri cəlb etmək üçün bir çox məkanın girişində «PULSUZ Wi-Fi» lövhələri asıldı. Artıq insanlar adi Wi-Fi zona firkrindən növbəti mərhələyə — daha kreativ və sosialyönümlü zonalar yaratmağa can atmağa başladılar.

Maraqlı Wi-Fi zonalar. Portu şəhəri Avropada ən gözəl və ən rahat yaşayış məntəqələrindən biridir. Yaxın zamanlardan etibarən şəhər həmçinin texnoloji baxımdan gələcəyin ən irəliləmiş «ağıllı» şəhərlərindən birinə çevrilib. Portuda fəaliyyət göstərən Amerikanın «Veniam» şirkəti ictimai nəqliyyatda simsiz İnternetə pulsuz giriş şəbəkəsi qurub.

unusual-wi-fi-points-3

Portuda 600 avtobusa Wi-Fi-router quraşdırılaraq sərnişinlərin istifadəsinə pulsuz təqdim olunub. Şəbəkə çərçivəsində təqdim olunan sürət ilə hətta Skype-dan videozəng etmək olur. Avtobuslarda quraşdırılmış routerlər həmçinin səs-küyün, havanın çirklənmə səviyyəsini və hərəkət sürətini ölçə bilir. Bu qurğulardan toplanan məlumatlar şəhərin ümumi vəziyyətinin tənzimlənməsi məqsədilə vahid informasiya mərkəzinə yönləndirilir. Nəticədə Portu «ağıllı» meqapolislər arasında ilk yerləri tutanlardan birinə çevrilib.

unusual-wi-fi-points-140

Maraqlıdır ki, simsiz şəbəkəyə giriş yalnız avtobusların sərnişinləri deyil, həmçinin küçələrdəki insanlar və ya ictimai nəqliyyat yolları yaxınlığında yaşayan insanlar üçün də əlçatandır. Çünki bu şəbəkəyə yalnız avtobusun içindən deyil, kənardan da qoşulmaq olar. Şəbəkənin bütün nöqtələri eyni adı daşıyır və vahid simsiz telekommunikasiya şəbəkəsinin bir hissəsidir.

unusual-wi-fi-points-4

Google şirkəti İnternet şəbəkəsi istifadəçilərinin sayını ən azı 1 milyarda qədər artırmaq üçün müxtəlif üsullar axtarır. Təbii ki, İnternetdə nə qədər çox yeni istifadəçi olsa, Google bir o qədər çox gəlir əldə edəcək. Bununla da, Google qlobal şəbəkəyə ümumi giriş təminatı variantlarından biri — yüzlərlə və minlərlə telekommunikasiya dirijablının işə salınması prosesi ilə məşğuldur.

Dirijabllar simsiz rabitənin ötürücü aparatlarını daşıyacaq. Onlar planetin ən uzaq və yoxsul guşələrinin üstündə uçacaq ki, oradakı sakinlər İnternetə qoşula bilsinlər. Bu xidmət pulsuz və ya simvolik ödəmə qarşılığında təklif ediləcək.

unusual-wi-fi-points-6

Oxşar layihəni PayPal, Tesla Motors və SpaceX şirkətlərinin banisi İlon Mask da hazırlayır. O, provayderlərin Yer kürəsinin istənilən nöqtəsindən qoşula biləcəyi 700 peyki orbitə buraxmağa hazırlaşır. Bu, hətta planetin ən kasıb sakinlərinin qlobal şəbəkəyə girişini təmin etməyə imkan verəcək.

unusual-wi-fi-points-7

Bəs şəhər mərkəzi və ya ətrafında yerləşən parklardakı skamyalarda pulsuz intrenet olmasını təsəvvür edə bilərsiniz? Şotlandiyanın Dandi şəhər botanika bağında küçə diyaznına zövq qatan və unikal imkanlara malik olan belə bir qurğu mövcuddur. TweetingSeat adlı skamya burada əyləşən hər kəsə pulsuz İnternet təqdim edirdi. Skamyanın həmçinin öz Twitter hesabı var idi.

Hesabın idarə olunması iki üsulla həyata keçirilirdi. Birincisində TweetingSeat skamyası qonaqın şəklini çəkərək öz hesabında nəşr edirdi. İkincisində isə skamyanın rəsmi açar sözü olan #TweetingSeat istifadə olunan tvitlərin retvit oluna bilirdi. Skamya ictimaiyyətə müxtəlif tədbirlər çərçivəsində təqdim olunmuşdu.

unusual-wi-fi-points-23

Amerikanın Kentukki ştatında yerləşən Oak Grove qəbiristanlığının rəhbərliyi bu ərazidə dəfn edilmiş insanların qohumlarına qeyri-adi ideya ilə müraciət edib. Onlar baş daşıların bir hissəsini QR-kod lövhəciklərlə təchiz etməyi təklif etmidilər ki, insanlar mərhuma aid səhifəyə keçib onun haqqında ətraflı məlumat ala bilsin. Bunun sayəsində mərhumun həyatı haqqında məlumat almaq, onun şəkillərinə baxmaq və ya hətta qonaq kitabında öz başsağlığını vermək mümkün oldu.

Bu ideyaya start vermək üçün, Oak Grove rəhbərliyi hətta qəbiristanlığın bütün ərazisində pulsuz Wi-Fi şəbəkə texnologiyası vasitəsilə İnternet yaydı. Buna görə indi qəbiristanlığa yalnız ölülərin qohumları və dostları deyil, həmçinin bir neçə dəqiqə və yaxud saat İnternetdən pulsuz istifadə etmək istəyən insanlar da gəlirlər.

unusual-wi-fi-points-24

2012-ci ildə Parisdə insanları küçələrdə yüksək sürətli İnternetlə təmin etmək üçün qeyri-adi pavilyon yaradıldı. Escale Numerique adlı konstruksiya Yelisey bağları ərazisində quraşdırıldı.

Escale Numerique-in yaradıcıları hərəkətli və səs-küylü meqapolisin ortasında yerləşən kiçik sakit İnternet adası yaratdılar. Konstruksiyadakı xüsusi interaktiv ekrandan Paris şəhəri haqqında bir çox faydalı məlumatlar əldə etmək mümkündür. Həmçinin burada bir neçə rahat kreslo var ki, yoldan keçənlər burada bir neçə dəqiqə əyləşib İnternetdə istədikləri sayt və ya sosial şəbəkə səhifələrini vərəqləyərək istirahət edə bilsinlər.

unusual-wi-fi-points-18

Layihənin zahiri görünüşünün ən maraqlı hissəsi onun damıdır. Escale Numerique pavilyonunun damı kiçik təbii yaşıl bağ şəklində qurulub.

unusual-wi-fi-points-17

Meksika paytaxtı Mexikoda yerli İnternet-provayderlərdən biri küçələrin zibildən təmizlənməsi üçün sosial layihə reallaşdırmağa qərar verib. O, dünyanın hər yerində park və bağçaların qənimi sayılan it nəcisi problemini həll etmək məqsədli kreativ aksiyaya start verib.

unusual-wi-fi-points-19

Terra adlı provayder bəslədikləri heyvanların ekskrementlərini toplayanlara öz təşəkkürünü onlara qlobal şəbəkəyə pulsuz giriş hüququ təqdim etməklə bildirməyə qərar verib. İnternetə giriş əldə etmək üçün insanlar ev heyvanının nəcisini yerdən toplayıb Terra Poo-un xüsusi qutusuna atmalıdırlar.

unusual-wi-fi-points-21

Nəcis Terra Poo qutusunun içinə düşən kimi, xüsusi tabloda İnternetə pulsuz giriş vaxtı sayılmağa başlayır. Qutuya nə qədər çox nəcis doldurulsa, pulsuz İnternet vaxtı bir o qədər çox olur.

Londonda fəaliyyət göstərən «Renew» şirkəti 2012-ci ilin Yay Olimpiya oyunları qabağı bütün London sakinlərinə, habelə paytaxtın qonaqlarına hədiyyə təqdim edib. Şirkət qısa müddətdə şəhərin mərkəzi küçələrində 100-dən çox multimediya xüsusiyyətli zibil qutusu quraşdırıb onları simsiz İnternet şəbəkəsinə giriş nöqtəsi kimi təyin etdi. Renew zibil qutuları böyük mağaza və restoran girişlərində qurulub ziyarətçilərə qlobal şəbəkəyə giriş imkanı verdi. «Ağıllı» zibil qutuları həmçinin insanların bu yerlərdə nə qədər vaxt keçirdiklərini ölçür, onların bu və ya digər xidmətlərə və məhsullara göstərdikləri marağı təyin edir, əldə olunan məlumatları obyekt sahiblərinə satmaq üçün toplayırdı.

unusual-wi-fi-points-13

«Ağıllı» Renew zibil qutuları həmçinin reklam daşıyıcısı və şəhər haqqında sorğu məlumat mənbəi kimi də işləyirdi: onlar xüsusi məlumat bazasına malik olan interaktiv sensor ekranlarla təchiz edilmişdi.

unusual-wi-fi-points-15

Wi-Fi zonaları quran ilk şəhərlərdən biri olan Nyu-York eyni zamanda dünyada hələ də taksofon işlədən böyük şəhərindən biri kimi qalmışdı. Nəhayət, mobil rabitənin geniş yayılmasını nəzərə alaraq şəhər administrasiyası 2014-cü ilin sonunda keçmiş dövrün bu qalığından qurtulmaq qərarına gəldi. Bu qurğuların yerini isə tezliklə simsiz İnterneti pulsuz paylayan nöqtələr aldı. Nyu-Yorkda yaxın bir neçə il ərzində 70 minə yaxın LinkNYC telekommunikasiya tumbasının quraşdırılması planlaşdırılır. Bu tumbalar vasitəsilə şəhərin sakinləri və qonaqları 1 Qbit/s sürətli İnternet, mobil telefon və planşetləri enerji ilə doldurmaq, sorğu məlumatı almaq imkanı əldə edəcək, həmçinin polis, təcili yardım və ya xilasetmə xidmətini çağıra biləcəklər.

unusual-wi-fi-points-10

Nyu-York telekommunikasiya tumbalarına quraşdırılmış interaktiv reklam panelləri hesabına ildə təxminən 500 milyon dollar həcmində gəlirin əldə olunması planlaşdırılır. İyul ayında BigBelly şirkəti Nyu-Yorkun zibil qutularını da interaktiv qurğuya çevirmək təklifini irəli sürüb və artıq 2 test qutusunu şəhərdə yerləşdirib. Bu zibil qutuları 50-75 mbit/s sürətli İnternet paylaya biləcək.

Paris şəhərinin Lion vağzalı yaxınlığında yerləşən avtobus dayanacağı isə çox kreativ dizaynı və unikal imkanları ilə insanların diqqətini cəlb edir. Burada sərnişinlərə geniş çeşiddə təqdim olunan multimediya imkanları bu məkanı tərk etməyə imkan vermir.

unusual-wi-fi-points-8

Məsələn, Osmose dayanacağında Paris haqqında turistik və sorğu məlumatı əldə etmək, quraşdırılmış kitabxanadan kitab oxumaq, simsiz İnternetə qoşulmaq olar. Osmose ictimai nəqliyyat dayanacağında yüksəksürətli İnternet bir neçə dəqiqəyə böyük faylları tamamilə yükləməyə icazə verir, bunun sayəsində sərnişinlər yüklənmiş musiqi və videolardan səfər boyunca həzz ala bilirlər.

unusual-wi-fi-points-9

Bütün bunlarla yanaşı dünyada bir çox digər maraqlı pulsuz Wi-Fi zonalar mövcuddur. Everest zirvəsində bir neçə zona, Fudzi dağında yeni zona, Dubay şəhərində isə Palma ağacına bənzəyən qurğular insanlara pulsuz İnternet təqdim edir.

Qonşu ölkələrdən Gürcüstan bu sahədə böyük addımlar atıb. «Tbilisi loves you» adlı Wi-Fi şəbəkəsi ilk öncə paytaxtın mərkəzi küçələrini, növbəti mərhələdə isə şəhəri bütövlükdə İnternetlə təchiz edəcək. Wi-Fi layihəsi hal-hazırda tətbiq olunmada davam edir və şəhərin sakinləri ilə qonaqları pulsuz İnternet qoşulmasından faydalana bilirlər.

Bəs ölkəmizdə pulsuz Wi-Fi zonaların necə inkişaf etdiyindən xəbəriniz varmı?

Azərbaycanda ilk ictimai pulsuz Wi-Fi zona 11 il əvvəl, 2004-cü ildə Ultra və Intel şirkətlərinin birgə keçirdiyi layihə əsasında yaradılıb. Həmin il iyunun 22-də «Dənizkənarı parkda Wi-Fi zona açılışı» tədbiri çərçivəsində Bakı Biznes Mərkəzi binasından 300 metr radiusunda yerləşən ərazi 2 MB/s sürətli İnternetlə təchiz olundu. Təqdim olunan İnternetdən 802.11b protokolunu dəstəkləyən bütün kompüter, portativ qurğu və smartfonlarla istifadə etmək olar.

Hal-hazırda Heydər Əliyev adına Bakı hava limanında pulsuz Wi-Fi təqdim olunur. Qeyd etmək lazımdır ki, bir çox xarici ölkələrin hava limanlarında İnternetin bir saatının 2-3 avroya təqdim olunduğu halda Bakı hava limanında bu xidmət tamamilə pulsuzdur.

Həmçinin, Baku 2015 ilk Avropa Olimpiya oyunları zamanı Dənizkənarı Parkında, avtobus dayanacaqlarında, habelə bir sıra digər məkanlarda pulsuz İnternet təqdim olunmalı idi. Lakin, bir çox məkanlarda bu Wi-Fi şəbəkəyə rast gəlinməyib. Digər məqamlarda isə şəbəkə ilə problemlər yaşanıb.

2014-cü ilin dekabr ayında COOL reklam agentliyi və Park Bulvar AVM təşkilatçılığı, Huawei və Mobitel şirkətlərinin sponsorluğu ilə sosial xarakterli Wi-Fi layihəsi həyata keçirilib. Belə ki, Park Bulvar alış-veriş mərkəzinin 1 və 2-ci mərtəbələrində xüsusi Wi-Fi divanlar yerləşdirilib və istifadəçilərə 10 mb/s-dək sürətli pulsuz İnternet təqdim olunub. Bu layihə, insanların İnternet və enerji doldurmaq ehtiyaclarını qarşılamaq üçün düşünülüb. Divanlarda İnternetdən əlavə Android və Windows Phone əməliyyat sistemli smartfon və planşetlərini enerji ilə doldurmaq üçün 5 ədəd microUSB naqili yerləşdirilmişdi.

10675657_194731584030446_7196653805789446074_n

Ötən ay daha bir pulsuz Wi-Fi Uber şirkətinin şəbəkəsində iştirak edən avtomobillərdə təklif olunmağa başlayıb. Belə ki, sərnişin Uber avtomobili ilə səyahət edərkən «uber1234» şifrəsini daxil edib pulsuz İnternetdən istifadə edə bilir. Lakin, bu tip xidmət hər-hansı ödəniş əsasında göstərilən bonus xidmət kimi qəbul edilir və beləliklə tamamilə pulsuz olmadığına işarət edir.

uber

Hazırda Park Bulvar, 28Mall, Nərgiz və şəhərin mərkəzində yerləşən digər alış-veriş məkanlarında pulsuz Wi-Fi hələ ki yoxdur. Siz pulsuz İnterneti yalnız restoran və kafelərdə əyləşərkən əldə edə bilirsiz. Beləliklə insanlar çox vaxt mobil İnternetdən başqa çarə tapa bilmirlər. Pulsuz Wi-Fi zonası olmayan ictimai yerlər siyahısına mərkəzi parkları, kütləvi insan axını olan məşhur küçələri də əlavə etmək olar.

Proqramlar. Dünya miqyasında məhşur Wi-Fi Map mobil tətbiqi Azərbaycanda da öz fəaliyyətini qura bilib. Üzərindən dünyada milyonlarla yükləmə aparılan bu proqram istifadəçilərə həm özlərinin şəxsi, həm də ziyarət etdikləri məkanların Wi-Fi şifrələrini digər istifadəçilərlə bölüşmək imkanı verir. Beləliklə, proqrama daxil olandan sonra GPS vasitəsilə sizə yaxın olan məkanların Wi-Fi şifrələrini oradakı istifadəçilərin sistemə daxil etdikləri məlumatlar əsasında əldə edib qoşula bilərsiniz.

Hal-hazırda proqrama Azərbaycan üzrə 15 mindən çox məkan əlavə olunub.

Screenshot_2015_07_21_03_09_36

No Wi-Fi Zone. Sizi bu məqalədə tanış etdiyimiz zonalarən əksinə indi dünyada No Wi-Fi Zone adlanan məkanlar da yaranmağa başlayıb. Belə ki, bir çox şəhərlərdə kafe və restoranlar, ictimai məkanlar Wi-Fi olmadığını qeyd edir və insanları bir müddət telefonlardan, planşetlərdən ayrılıb canlı ünsiyyətə dəvət edir. Çünki Wi-Fi olan məkanlarda insanlar canlı ünsiyyətdən daha çox öz cihazları ilə məşğul olurlar.

1393719229_560729511

Azərbaycanda bir çox ictimai yerləri elə bu lövhələr olmadan da No Wi-Fi Zone adlandırmaq olar. Bunun nə dərəcədə yaxşı, ya da pis olduğuna özünüz qərar verin. Amma bir gerçək var ki, pulsuz yüksəksürətli Wi-Fi zonalarına ehtiyacı olan bir çox məkanlar hələ də bu imkandan məhrum qalır…

İstinadlar: www.wikipedia.org, www.hard.az, www.3dnews.ru, www.nat-geo.ru, www.habrahabr.ru, www.nsunet.ru, www.novate.ru

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -