Eviniz «ağıllı» olsun!

1

…Səhər yuxudan olduqca rahat oyanmısınız və özünüzü gümrah hiss edirsiniz. Çünkü döşəyiniz dünən axşamdan yuxu üçün ən uyğun temperatur rejimini seçmişdi, səhər isə yatağınız sizi yuxu dövrəsinin ən uyğun qismində oyatdı. Otaqdakı pərdələr avtomatik açıldı. Mətbəxdə çayınız artıq dəmlənib və sizi gözləyir. Evdən çıxdığınızda işıqlar özü-özündən sönəcək, siqnalizasiya və videonəzarət sistemi işə salınacaq. İstilik sistemi temperaturu azaldıb onu yalnız siz evə qayıdana 10 dəqiqə qala yenidən artıracaq.

Bütün bunlar ağıllı evin bacardığı işlərin yalnız bir hissəsidir. «Ağıllı ev» texnologiyası məişət texnikasının məsafədən işə salınmasından subasma barədə xəbərdarlıq verilməsinə qədər — demək olar ki, istənilən məişət tapşırığını avtomatlaşdıra bilər.

1

«Ağıllı ev» termini qulağa yad gəlməsə də, hər kəs bu anlayışı fərqli şəkildə qəbul edir. Səbəb ilk növbədə odur ki, hər bir insan «ağıllı ev» avadanlığının dəstini özünə görə təsəvvür edir. Xəbəriniz olmaya bilər, amma sizin evinizdə də, böyük ehtimalla, bu texnologiyanın bəzi elementləri mövcuddur.

Sürətlə inkişaf etməkdə olan bu seqmentdən baş çıxartmaq, avadanlıqları düzgün seçmək üçün bir neçə sualın cavabını bilmək lazımdır. Daha ətraflı izah etsək, ağıllı evin əsas elementlərinin nədən ibarət olduğunu, həmin elementlərin bir birinə necə qoşulduğunu, təhlükəsizliklə bağlı hər hansı problemin meydana gəlib gəlməyəcəyini, həmin problemin nə kimi fəsadlarının ola biləcəyini bilmək şərtdir. Üstəlik, ağıllı ev texnologiyasının bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi barədə də indidən fikriniz olsa, gələcəkdə sizə faydalı olar.

«Ağıllı ev» termini altında nə başa düşülməlidir?

Səslə idarə olunan elektrik açarları çoxdan mövcud olsa da, ağıllı ev texnologiyası bu deyil. Sadə dillə desək, «ağıllı ev» İnternetə və/və ya smartfona qoşulmuş və müxtəlif qurğu, tətbiq, qadcetlərdən ibarət olan bir sistemdir. Adətən, bu sistem xüsusi tətbiq vasitəsilə idarə olunur.

1

Ağıllı evin tərkib hissələri müxtəlif qurğu və xidmətlərdən ibarət ola bilər. Misal üçün, sizin İnternet vasitəsilə işləyən təhlükəsizlik sisteminiz varsa, bu, ağıllı ev sayılır. Ya da ki, evinizdə smartfonla yandırıb-söndürə bildiyiniz, işığın gücünü artırıb-azalda bildiyiniz işıq-diod lampaları varsa, bu da ağıllı ev deməkdir. İndi başa düşürsünüz ki, sizin də eviniz «ağıllı»dır? Elədir ki, var! Qapı-pəncərə, uşaq otağına nəzarət edən veb-kamera sistemi qurmusuz? Bəli-bəli, o da ağıllı ev deməkdir! İnternetə qoşulmuş sadə simsiz marşrutizator, noutbuk və planşetlər artıq ağıllı evin əsasını təşkil edən elementlər kimi qəbul oluna bilər.

İnanın, yaxın gələcəkdə eviniz daha da ağıllı olacaq. Məşhur «Gartner» araşdırma şirkəti belə bir proqnoz verib ki, bazar şərtləri əlverişli olduğu təqdirdə 2022-ci ildə ortastatistik mənzilin ağıllı ev sistemini təşkil edən qurğuların sayı 500-ə yaxın ola bilər. Bəzi mütəxəssislər bu proqnozu şübhə altına qoysalar da, şirkətin vitse-prezidenti və aparıcı təhlilçisi Nik Cons bu fikri əminliklə müdafiə edir.

TP-LINK şirkətinin marketinq üzrə direktoru Dana Nayt hesab edir ki, «əşyaların İnterneti» konsepsiyası evlərə milyardlarla Wi-Fi ilə qoşulan qurğuların daxil olmasına gətirib çıxartacaq.

Buna baxmayaraq, bu günə avtomatlaşdırılmış ev hələ ki, norma olmaqdan ziyadə, hələ ki, istisnadır. 2014-cü ildə Acuity Group əşyaların İnterneti, o cümlədən, bu konsepsiyanın tərkib hissəsi olan ağıllı evin ABŞ-da tətbiq olunmasına həsr olunmuş araşdırma apararaq belə bir nəticəyə gəlib ki, smart-texnologiyalar bu ölkədəki mənzillərin yalnız 4%-ə daxil ola bilib. Məlum olub ki, bu texnologiyanın yayılmasına mane olan əsas səbəb insanların bu barədə az məlumatlandırılmış olmalarıdır.

Adi evi «ağıllandıraq»

Evinizi «ağıllandırmaq» üçün bir neçə yol var. Əvvəla, bəzi qadcetləri özünüz qura bilərsiniz. Məsələn, smart-rozetkaları, videodayə, işıq sensorları. Bunların arasında Time Warner Cable tərəfindən təqdim olunan IntelligentHome Service kimi kompleks təhlükəsizlik sistemləri və digər abunəçi xidmətləri də ola bilər. «Ağıllı ev»in ən populyar elementlərini seçib aşağıda diqqətinizə təqdim edirik.

Nest və ağıllı termostatlar

Öz əlinizlə qura biləcəyiniz «ağıllı ev»ən yaxşı örnəyi Amazon resursunda 249 dollara satılan Nest termostatıdır. Bu qadceti ev sahibi öz əlləri ilə quraşdıra bilər. Bundan sonra həmin qadcet ev sahibinin alışqanlıqlarını tədricən öyrənərək evin temperaturunu buna görə tənzimləyir. Nest Labs-ın əməkdaşlıq üzrə direktoru Mayk Sousi (Mike Soucie) deyir ki, Nesti nə qədər çox işlətsəniz, o, bir o qədər dəqiq işləyəcək.

1

Amma Nest-in əsas üstünlüyü onun evdəki başqa qurğulara qoşulmaq və bir çox əməliyyatı avtomatik həyata keçirmək qabiliyyətidir. Misal üçün, əgər termostat Nest Protect tüstü sensoruna qoşulubsa, o, tüstü müşahidə olunduqda avtomatik olaraq hava kondisioner sistemini söndürəcək.

Nest qurğularının ağıllı ev sistemləri bazarında əldə etdiyi böyük uğurhər şeydən əvvəl onların istifadədə asan olmasından irəli gəlir. Mayk deyir ki, Nest-in əsas məqsədi elə qurğular yaratmaqdır ki, sonradan istifadəçilər onları proqramlaşdırmalı olmasınlar.

Nest cihazlarının, o cümlədən, termostatlarının asanlıqla işə salınması və elektrik sərfiyyatındakı qənaətçilliyi istehlakçı qəlbini fəth edən əsas amillərdir. 2014-cü ilin yanvar ayına olan statistikaya əsasən Nest termostatlarının aylıq satış həcmi 40-50 min ədəd təşkil edirdi. Heç də təəccüblü deyil ki, elə ötən il Google bu şirkəti 3,2 milyard dollara satın aldı. Halbuki, Nest termostat istehsal edən yeganə şirkət deyil. Son 125 ildir ki, istilik sistemləri bazarında lider mövqeini tutan Honeywell şirkəti də artıq ağıllı ev üçün avtomatik termostatlar hazırlayıb Lyric Smart brendi altında istehsal edir. Bununla yanaşı, Ecobee daxil olmaqla bir sıra «yaşıl» ekoloji startaplar da var ki, ağıllı termostatlar istehsal edərək bu bazarda özünə pay əldə etmək istəyir.

Videonəzarət kameraları

Bugün ağıllı ev elementləri arasında ən çox rəğbət görən qurğular əlbəttə ki, IP-kamera adı ilə tanınan videonəzarət kameralarıdır. iControl şirkətinin 2014-cü ildə hazırladığı Smart Home Report hesabatına əsasən, sorğuda iştirak edən 1000 nəfərdən 90%-inin «ağıllı ev sistemlərindən istifadə etməyinizin əsas səbəbi nədir» sualına cavabı «ailənin təhlükəsizliyini təmin etmək üçün» olub. Proqnozlaşdırılır ki, 2019-cu ildə videonəzarət kameraları bazarının həcmi 42,81 milyard dollar olacaq.

1

Bəzi şirkətlər, o cümlədən, D-Link, Linksys, TRENDnet və Belkin ənənəvi məhsullara inteqrasiya oluna bilən veb-kameralar hazırlayıb. Misal üçün, Amazon-da 39,95 dollara satılan TRENDnet Wireless Cloud Camera TV-IP751WC kamerası bulud xidməti və TRENDnet marşrutizatorları ilə inteqrasiya olub ötürdüyü video axınının sadələşdirilmiş şəkildə məsafədən qəbul olunmasını təmin edir.

Hazırda Nest-ə aid olan Dropcam şirkəti isə smartfondan idarə olunan kamera istehsal etməklə məşhurlaşıb. 3-meqapiksellik, 130 dərəcə görünüşlü, 199 dollarlıq Dropcam Pro kamerası daxili məkanların nəzarətini təmin edir və çəkdiyi videonu bulud saxlancında toplayır.

Videodayə

Nəzarət kameralarının xüsusi növü olan videodayələr standart kameraların təmin etdiyi real vaxt rejimində nəzarətə, eləcə də hərəkətin təsbit edilməsinə əlavə olaraq, həm də ikitərəfli audiorabitə və seqmentə aid digər aktual funksiyalara malikdir. Belə ki, 270 dollarlıq D-Link HD Pan & Tilt (DCS-855L) markalı WI-Fi videodayəsi bundan əlavə uşaq otağındakı temperatura nəzarət edir, lay-lay çalır. Sanki, mikroçipli Meri Poppinsdir!

1

Ağıllı işıq

İşıqlandırma sistelməri də «ağıllanıb». Ağıllı işıq-diod lampaları, məsələn, dəsti 200 dollara satılan Philips Hue lampalarını xüsusi tətbiq vasitəsilə yandırıb-söndürmək və işıq gücünü tənzimləmək olar. İstədikdə, otaqda xüsusi əhval-ruhiyyə yaratmaq üçün işığın rəngini də dəyişmək olar. Elə ağıllı lampalar var ki, bundan da artığını bacarır. Misal üçün, Amazonda 180 dollara satılan Sengled Pulse lampasının quraşdırılmış simsiz dinamiki var.

1

Ağıllı rozetka

Ağıllı rozetka evinizdəki (fərqi yoxdur, eviniz ağıllıdır, ya yox) adi elektrik rozetka ilə məişət texnikası arasında keçid rolunu oynayır. Smartfona quraşdırılmış tətbiq üzərindən idarə olunan ağıllı rozetka vasitəsilə məişət texnikasını məsafədən yandırıb söndürmək olar. Belə rozetkaların bir örnəyi də qiyməti 60 dollar təşkil edən Belkin WeMo Insight Switch-dir. Bəzi rozetkalar, o cümlədən, MeterPlug (49 dollar), hətta avadanlığın enerji sərfiyyatına da nəzarət edə bilir.

1

Ağıllı qıfıl

Goji Smart Lock (278 dollar) və digər ağıllı qıfıllar qapıların məsafədən açılıb bağlanması üçün nəzərdə tutulub. Uşağınıza baxmaq üçün gələn dayəni və ya ev heyvanınızı gəzdirməyə çıxartmaq üçün gələn şəxsi təyin olunmuş saatda içəri buraxmaq üçün belə bir qıfıl əla həlldir! Goji qapınıza gələn hər kəsin fotosunu çəkərək beləliklə, evinizin təhlükəsizlik səviyyəsini daha da artırır.

Elektrik cihazları

Ağıllı cihazları yaratmağa başlamadan öncə Whirlpool və GE kimi şirkətlər əvvəlcə araşdırma aparır və istehlakçıların hansı funksiyaları avtomatlaşdırmaq istədiklərini müəyyən edir.

GE Appliances sənaye dizayn müdiri Lu Lentsi: «Fərz edək ki, şam yeməyi bişirmək üçün hər şeyin əvvəlcədən hazır olmasını istəyirsiniz. Mobil cihazınız vasitəsilə elektrik sobaya 350 dərəcəyədək qızmaq əmrini göndərə bilərsiniz. Ya da, axşama evə çoxlu qonaq gözləyirsinizsə, soyuducuda buz parçalarının miqdarını yoxlayın və lazım gəldikdə dozatora əlavə buz hazırlamaq əmrini verin».

1

Əlbəttə ki, ağıllı cihazlar adi analoqlarına nisbətən daha bahalıdır. Məsafədən temperatur tənzimləməli intellektual mexanizmli 76-santimetrlik Whirlpool Drop-In Electric Range elektrik mətbəx plitəsinin qiyməti 1700 dollardır. Halbuki, adi multibişirici 30-80 dollar arası, smartfonla temperatur rejimi və bişirmə vaxtı tənzimlənən Belkin Smart Crock-Pot isə 130 dollar qiymətinə satılır.

Ağıllı ev üçün avadanlıq dəstləri

Bəzi şirkətlər avadanlıqları öz əlləri ilə quraşdırmaq istəyənlər üçün hazır «ağıllı ev dəstləri» təklif edir. Həmin dəstlər adətən eyni istehsalçıın bir neçə intellektual məhsulundan ibarət olur.

Örnək kimi Lowe’s Iris Safe & Secure kit dəstini göstərmək olar. 180 dollarlıq dəstə hərəkət sensoru, ağıllı klaviatura, kontakt sensorları və konsentrator daxildir. Bütün qurğular mərkəzləşdirilmiş idarəetməni təmin edən konsentratora qoşulur.

1

EnGenius EBK1000 EnGuardian Kit (320 dollar) baza dəstinə yüksək aydınlıq təmin edən IP-kamera, eləcə də kameranı İnternetə qoşan və simsiz şəbəkə yaradan şlüz daxildir.

Lazım gəldikdə dəstlərə əlavə kamera və sensorlar qoşmaq olar. Odur ki, dəstin tərkibi sizin istəklərinizi məhdudlaşdırmyacaq. Lakin, bir qayda olaraq həmin dəstlərə yalnız eyni ekosistem qadcetlərini qoşmaq mümkün olur. Belə ki, Iris ilə Nest bir-birinə uyğunlaşdırıla bilməz.

Ağıllı ev üçün konsentratorlar

Ümumiyyətlə, bütün sadalanan qurğular İnternetə qoşulur. Lakin bu qurğuların bir biri ilə qarşılıqlı əlaqəsində və lokal şəbəkəyə qoşulma tərzində fərq ola bilər. Məhz müxtəlif cihazlar arasındakı rabitə üslublarının müxtəlifliyi ağıllı ev texnologiyalarının ən mühüm problemlərindəndir. Fərqli rabitə protokollardan istifadə edən müxtəlif qadcetlər arasında qarşılıqlı əlaqəni yaradıb mərkəzləşdirilmiş idarəetməni necə təmin etmək olar?

Kiçik elektrik sərfiyyatlı bir çox ağıllı ev elementləri, o cümlədən, işıq-diod lampaları arasında rabitə yaratmaq üçün ZigBee, Z-Wave və ya Belkin WEMO texnologiyalarından istifadə olunur. Bununla belə, Wi-Fi, ya da Bluetooth-u dəstəkləməyən, sadəcə ZigBee, ya da Z-Wave-dən istifadə edən hər hansı qurğu əvvəlcə marşrutizatora qoşulan bir körpüyə, konsentratora qoşulmalıdır.

1

Bəzi qurğuların, o cümlədən, Philips Hue lampalarının özünə aid konsentratoru olur. Amma əgər siz ağıllı evin çoxsaylı intellektual qurğularının hamısını bir nöqtədən idarə etmək istəyirsinizsə, onda müxtəlif qurğuları və protokolları dəstəkləyən konsentratora mütləq ehtiyac duyacaqsınız.

Quirky Wink Hub konsentratoru (50 dollar) Wi-Fi, ZigBee, Z-Wave və Lutron texnologiyalarını dəstəkləyir. Staples Connect Hubs konsentratorları (50 dollardan başlayan qiymətlərlə) protokoldan asılı olmayaraq bir neçə ağıllı qurğuya, o cümlədən, lampa, siqnalizasiya sistemləri, televizor və bir pult və ya tətbiq vasitəsilə mərkəzləşdirilmiş idarəetməyə uyğunlaşdırıla bilən digər qurğulara qoşula bilir.

Amma burada bəzi önəmli məqamlar var. Belə ki, ZigBee texnologiyasını dəstəkləyən konsentratorların bəziləri bütün ağıllı qadcetlərlə və ZigBee protokolu ilə işləyə bilmir. Odur ki, konsentrator seçərkən əvvəlcə onun ağıllı evinizin digər elementlərini dəstəklədiyindən əmin olmalısınız.

Çətinlik törədən belə bir məqam da var ki, Dropcam, ya da Philips Hue qurğularını aldıqda onları Wink, Staples Connect, ya da başqa bir konsentratora qoşmadan öncə həmin qurğuları öz tətbiqlərindən istifadə edərək aktivləşdirib qeydiyyatını həyata keçirmək lazımdır.

Xidmətlər

Ayrı-ayrı qurğu qoşmaqla yanaşı ağıllı ev ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə edərək də qurula olar. Adətən həmin şirkətlər kompleks həllər təklif edir. Mühafizə sistemləri sahəsində ixtisaslaşan bir çox şirkətlərin (məsələn, ADT), eləcə də telekommunikasiya (AT&T, Verizon və b.), kabel şəbəkə (Time Warner, Comcast) şirkətlərinin hazır platformaları var.

Belə xidmətlərlə hazır qurğular arasındakı fərq ondan ibarətdir ki, avadanlığı bir halda şirkət təqdim edir, digər halda isə istifadəçi özü seçib quraşdırır. Hal-hazırda evini ağıllı etmək istəyən əksər amerikalılar üstünlüyü belə xidmətlərdən faydalanmağa verir. Belə ki, ADT şirkətinin müştəri bazasında bir milyondan artıq «ADT Pulse» təhlükəsizlik və interaktiv ağıllı ev xidmətlərinr.

2

Belə xidmətlərin abunəçiləri üçün bütün elementlər şirkət mənsubları tərəfindən quraşdırılır. Adı çəkilən ADT şirkəti evinizə öz nümayəndəsini göndərir və həmin nümayəndə təhlükəsizlik sistemini quraşdırıb fasiləsiz monitorinq təmin etmək üçün bütün sensorları, o cümlədən, kontakt sensorlarını, kameraları, habelə alov və tüstü sensorlarını İnternetə qoşur. Time Warner Cable IntelligentHome Services şirkəti isə mühafizə, yanğın xəbərdarlığı, təcili yardım çağırılması, habelə işıqlandırmanın, termostatın və digər cihazların məsafədən idarəolunması xidmətlərini təklif edir.

Yalnız avadanlığın alınmasını, lakin quraşdırma səriştəsini nəzərdə tutan «özündüzəlt» seçimindən fərqli olaraq operatorların hazır platformaları aylıq ödənişli abunəçi sistemi əsasında fəaliyyət göstərir. Time Warner Cable şirkətinin təklif etdiyi IntelligentHome Services xidməti üzrə baza paketi Time Warner Cable ya görə əlavə tarif tətbiq olunur. AT&T Digital Life Smart Security and Home Automation xidmətləri iki illik müqavilə imzalamaq şərtilə ayda 54,97 dollardan başlayan qiymətlərlə təqdim olunur.

Təhlükəsizlik problemləri

Rəqib istehsalçıların fərqli rabitə üslubları problemi ilə yanaşı ağıllı ev texnologiyaları üçün təhlükəsizlik problemi də bir o qədər mühümdür. 2014-cü ildə məlum oldu ki, bir rus internet kanalında ABŞ-da quraşdırılmış 4 minə yaxın kameradan, o cümlədən, videodayə və xəstəxana kameralarından birbaşa yayım gedirmiş. Üstəlik, hər bir video yayımına müvafiq kameranın GPS koordinatları əlavə olunmuşdu. Susmaya görə təyin olunmuş parolları dəyişdirmək məsələsi abunəçilərin ağlına gəlmədiyindən faydalanan xakerlər həmin kameralara qoşulmuşdular.

Əlbəttə, burada laqeydlik göstərən abunəçilərin də günahı var, amma hadisə həm də onu nümayiş etdirdi ki, ağıllı ev texnologiyaları təhlükəsizlik baxımından nə dərəcədə zəif ola bilər.

«İlk növbədə təhlükəsizlik sisteminizi layihələşdirməlisiniz» — bu sözlər intellektual qurğular üçün inteqrasiya olunmuş proqram təminatının aparıcı təchizatçısı Zonoff şirkətinin baş direktoru Mayk Harrisə aiddir. «Bizim çüştərilər iri şirkətlərdir. Onlar özlərinə belə bəd xəbərləri yaraşdıra bilməzlər. Onlar əmindir ki, biz həlləri düşünürkən vaxta qənaət etmirik. Bəzən başqa şirkətlər öz məhsullarını bazara tələm-tələsik çıxardır, bu isə nəticədə bütün seqmentin nüfuzuna mənfi təsir göstərib onu yerə salır».

Bir çox şirkətlər məsafədən idarə olunmaq üçün bulud xidmətlərinə qoşulub məlumat ötürən ağıllı qurğuların qoşulmasını şifrələməyi təklif edir, odur ki, belə bir xidmətin olub olmadığını hər hansı bulud servisi ilə müqavilə imzalayarkən yoxlamaqda fayda var. Əlbəttə ki, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması mürəkkəb paroldan başlayır. Bu, sadəcə smart qurğulara deyil, eləcə də ev şəbəkənizdə qurduğunuz hər bir cihaza, o cümlədən, marşrutizatora da aiddir.

1

Xülasə

Əgər evinizi ağıllı etmək fikrindəsinizsə, bunu birdən-birə yox, addım-addım etməyə çalışın. Misal üçün, adi elektrik cihazları «ağıllı» edəcək ağıllı rozetkalardan başlaya bilərsiniz.

Bununla yanaşı, üstünlüyü qənaətçil ağıllı qurğulara verməkdə də fayda var. Elektrik cihazların və işıqlandırmanın avtomatlaşdırılması sizə real qənaət etmək fürsəti yaradacaq. Nest şirkəti bir il ərzində abunəçilərdən topladığı məlumatları təhlil edib belə bir nəticəyə gəldi ki, onun termostatı il boyu evin qızdırılması və sərinləşdirilməsinə sərf edirən vəsaitlərin 20 faizinə qənaət edib. Odur ki, burada bir hesablama aparıb təhlil etməyin də faydası ola bilər. Əgər siz özünüzü qadcet və texnologiya yenilikləri həvəskarlarına aid edirsinizsə, onda intellektual qurğulardan ya da hazır dəstlərdən alıb həm xərclərinizi azaldın, həm də məişətinizi rahatlaşdırın. Yox, əgər «birdəfəlik həll edib məsələni unutmaq» prinsipini üstün tutursunuzsa, onda daha baha başa gəlməsinə baxmayaraq ixtisaslaşmış firmanın abunəçisi olun.

Intel может готовить процессор Xeon с тактовой частотой 5,1 ГГц
Победителем международного турнира Cisco IT Battle стал инженер белорусской компании «БЕЛСОФТ» Илья Петрашкевич
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!