spot_img
24 апреля, 2024
ДомойИнтервью«Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşımıza məqsəd qoymuşuq»

«Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşımıza məqsəd qoymuşuq»

InfoCity jurnalının Azercell Telekom-un rəhbəri Vahid Mürsəliyev ilə müsahibəsi

 

— 4G texnologiyasının Azərbaycanda yayılma səviyyəsini necə dəyərləndirirsiniz? Hal-hazırda neçə Azercell abunəçisi 3G şəbəkələrinin istifadəçisidir, bunlardan neçəsi 4G şəbəkələrinən aktiv şəkildə istifadə edir?

— Azercell Telekom 2012-ci ildə Azərbaycana 4-cü nəsil texnologiyasını gətirən ilk şirkət oldu. Həmin ildə istifadəyə verilmiş 4G şəbəkəsi ilkin mərhələdə əsasən Bakının mərkəzi ərazilərini əhatə edirdi. Daha sonra şəbəkəmiz genişlənərək artıq bütövlükdə Bakı və demək olar ki, bütün Abşeron yarımadasını əhatə etdi.

Hazırda bizim əsas strateji hədəflərimizdən biri də məhz budur. Bir müddət öncə isə biz daxili məsləhətləşmələri tamamlayıb 4G şəbəkəsinin genişləndirilməsi üzrə müəyyən tədbirlər planını müzakirə etmişik. Belə ki, 4G xidmətinin ölkənin 5 regionunda genişləndirilməsi üçün tədbirlər görəcəyik. Ardınca isə bu xidmətin bütün ölkəyə yayılmasını planlaşdırırıq.

İstifadəçi sayına gəldikdə qeyd etmək istərdim ki, gün ərzində 510000-dən çox abunəçi 3G xidməti üzərindən Mobil İnternetdən istifadə edir. 4G xidmətindən isə gün ərzində təqribən 2200 abunəçi yararlanır.

— Azərbaycanda 3G və 4G texnologiyalarından istifadə edərək ciddi inkişaf əldə etmiş hər hansı biznesi misal gətirə bilərsinizmi? Bu texnologiyalar bilavasitə istifadəçilərə necə təsir göstərir?

— Azərbaycanda mal və məhsulları İnternet xidməti üzərindən təqdim etmək bir sira biznes sahələrində fəaliyyət göstərən şirkətlərin əsas istiqamətidir. Keyfiyyətli İnternet şəbəkəsi təmin edən Azercell bu tip bizneslər üçün çox vacib tərəfdaş və xidmət təminatçısı qismində çıxış edir. Misal kimi, naviqasiya xidmətlərini təqdim edən şirkətləri, o cümlədən, «A+A» şirkətini göstərmək olar: bu şirkətlər öz biznesini məhz hər zaman və hər yerdə İnternetə çıxışın təmin olunması üzərində qurur. Başqa bir misalı bank sektorundan gətirmək olar. Belə ki, əksər bankların ödəniş terminalları məhz İnternetə qoşularaq işləyir, odur ki, Azercell-in fasiləsiz işləyən keyfiyyətli 3G və 4G xidməti burada əvəzedilməzdir. Əvvəllər istifadəçilər əməliyyat mərkəzlərinə qoşulmaq üçün simli rabitədən istifadə edirdilər. Bu cür qoşulma onlara həm baha başa gəlir, həm də böyük vaxt itkisinə səbəb olurdu. Hazırda enerji təminatı, eləcə də bir çox digər sahələrdə simsiz cihazların istifadəsi geniş yayılıb və onların əksiksiz fəaliyyətini təmin etmək üçün məhz 3G və 4G texnologiyalarından istifadə edilir.

Ümumiyyətlə, şirkətimiz sahibkarlığa həmişə dəstək verən bir müəssisə kimi tanınır. Azercell Barama İnnovasiya və Sahibkarlıq mərkəzini yaradaraq burada sırf 3G və 4G texnologiyalarına əsaslanan bizneslərin yaradılması və inkişaf etdirilməsində yaxından iştirak edir. Qeyd edim ki, ilk Azərbaycan istehsalı M2M Ağıllı Ev təhlükəsizlik sistemi Azercell-in Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim ediləcək. Söhbət bizim startapımız tərəfindən yaradılan «Sumaks» sistemidir. «Sumaks» gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verəcək. Belə ki, əgər istifadəçi evdə olmadığı vaxt elektrik cihazları yandırılar, ya da söndürülərsə, qısaqapanma, qaz, ya da su sızması və s. hallar baş verərsə sistem dərhal onun mobil telefonuna bu halqa SMS göndərəcək. Bu yaxınlarda isə Barama mərkəzi M2M əsasında işləyən «Avtomaks» adlı daha bir tam yeni GPS naviqasiya xidmətini ictimaiyyətə təqdim edib.

— Mobil İnternetin gələcəkdə sabit İnterneti tamamilə əvəz edəcəyinə ehtimal verirsinizmi? Elədirsə, bu, nə zaman baş verə bilər?

— Dünyanın bir sıra inkişaf etmiş ölkələrində, misal üçün, ABŞ-da, mobil cihazdan İnternetə daxil olanların sayı artıq sabit İnternet istifadəçilərinin sayını ötüb keçib. Təqribən, 10 il əvvəl belə bir sualla qarşılaşsaydıq, bəlkə də ona əminliklə müsbət cavab verə bilməzdik. Amma bu gün Azərbaycanda mobil penetrasiya 110%-i ötüb keçib. Təkcə Azercell-in hər iki müştərisindən biri Mobil İnternet istifadəçisidir. Mobil telefon həmişə yanımızdadır və biz onu istədiyimiz an istədiyimiz şəkildə istifadə edirik. TV, fotoaparat, videokamera, diktafon, şəxsi kompüter, kitab və digər funksiyalarının hamısını bir arada yerinə yetirən mobil telefonlarımız İnternet şəbəkəsinin də əsas ötürücüsünə çevrilir. Bu gün artıq səsli rabitə telefonun başlıca məqsədi olmaqdan getdikcə uzaqlaşır. Bunda həm sürətli İnterneti mümkün edən 3G və 4G texnologiyalarının tətbiqi, həm bu texnologiyaları dəstəkləyən əlverişli smartfonların istehsalı, həmçinin OTT servislərin və Sosial Şəbəkələrin son bir neçə il ərzində inkişafı və yayılması da böyük rol oynayır. Getdikcə artan tendensiyanı nəzərə alsaq, Mobil İnternetin gələcəkdə sabit İnterneti tamamilə əvəz edəcəyini deməsəm də, Mobil İnternet istifadəçilərinin qısa zamanda böyük əksəriyyət təşkil edəcəyindən əminəm.

— Bu gün dünyada 5G texnologiyaları üzərində ciddi işlər gedir. Artıq bəzi yerlərdə rabitənin bu yeni nəsli test rejimində istifadə olunmağa başlayıb. Son məlumatlara görə, 2020-ci ildə həmin standart Avropanın iri şəhərlərində tətbiq olunmağa başlayacaq. Bu sahədə Azərbaycan operatorlarının perspektivlərini necə dəyərləndirərdiniz?

— Hər bir texnologiya müəyyən ehtiyacları qarşılamaq üçün istifadə olunur. Yeni texnologiyanın tətbiqi üçün investisiyanı isə bazardakı ehtiyac və alıcılıq qabiliyyəti müəyyənləşdirir. Eyni zamanda bu, həmin bazarda 5G-ni dəstəkləyən istifadəçi qurğularının nə dərəcədə yayılmasından asılıdır. Təcrübə göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan yeniliklərlə bu yeniliklərin bizim ölkəmizdə tətbiqi arasında böyük fərq olmur. Məsələn, elə 4G-nin 2012-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azercell tərəfindən tətbiqi bir sıra qabaqcıl dünya ölkələrindən əvvəl baş verdi. Konkret olaraq 5G texnologiyasına gəlincə, qeyd etmək istərdim ki, elə bu yaxınlarda TeliaSonera şirkətlər qrupu Ericsson şirkəti ilə birgə 2018-ci ilədək İsveç və Estoniyada 5G texnologiyasının tətbiq edilməsi üzərində çalışdığını elan etdi. TeliaSonera-nın təcrübəsi bizim üçün həmişə olduqca mühüm olub və qabaqcıl layihələri ölkəmizə gətirməyimizə şərait yaradıb.

Vahid Mürsəliyev

— Bəzi ekspertlərin rəyincə, TeliaSonera şirkətinin Avrasiya regionunda fəaliyyətini dayandırılması barədə qərarı qiymətlərdə sərt rəqabətlə, eləcə də inkişaf imkanlarının azalması ilə bağlıdır. 2018-ci ilədək yeni nəsil telekommunikasiya operatorunun yaradılması üzrə strategiyanı həyata keçirmək üçün TeliaSonera əsas səy və resurslarını Avropa ölkələrinə, o cümlədən, İsveçə yönəldəcək. Bununla belə Azercell, əlbəttə ki, inkişaf etməyə davam edəcək. Belə halda, şirkətin inkişafı hansı istiqamətlərdə davam edəcək? Təsisçilər heyətində TeliaSonera-nı kim əvəz edəcək?

— Qeyd etdiyiniz kimi, səhmdarın dəyişməsini abunəçilərimiz hiss etməyəcək, bizim fəaliyyətimiz olduğu kimi davam edəcək. Yeni səhmdarın gəlişi ilə əlaqədar İnkişaf istiqamətlərində hər hansı dəyişikliyin baş verib verməycəyi isə şirkətimizin gələcək strategiyasından asılı olacaq. Bu barədə danışmaq hələ çox tezdir. Əminəm ki, bu məsələdə hansısa nəticə olan kimi TeliaSonera tam şəffaf şirkət olaraq ictimaiyyətə müvafiq açıqlama verəcək.

— Azərbaycanın mobil rabitə bazarının artıq öz zirvə həddinə çatdığını iddia etmək olarmı? Onu yeni səviyyəyə daşımaq üçün nə etmək lazımdır? Bunu yeni servislərin tətbiq olunması, operatorların əlavə səyləri ilə, yoxsa infrastrukturaya, yeni texnologiyalara yatırımlarlamı etməli?

— Telekommunikasiya və informasiya texnologiyaları elə bir sahədir ki, məncə, burada hər hansı bir zirvə həddi haqqında danışmaq düzgün olmazdı. Cəmiyyət, eləcə də iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdikcə, ayrı-ayrı istifadəçi qruplarının tələbatları da artır. Bu baxımdan, mobil texnologiyalar bizi yeni zirvələri fəth etməyə vadar edir. Etiraf edək ki, Whatsapp, Skype, Viber, Facebook və s. kimi OTT servislərin və sosial platformaların tətbiqi bizim biznesimiz üçün ciddi itki deməkdir. Amma biz onlardan faydalanmağı bacarmalıyıq. Məsələn, bu platformalardan istifadə etmək istəyən abunəçilərin mütləq İnternetə çıxışı olmalıdır. Buna görə də, biz 2015-ci il ərzində İnternetin qiymətlərini 55% azaltmışıq. Nəticədə İnternetdən istifadə edənlərin həcmi sürətlə artır. Mobil operatorlar bazarda baş verən dəyişikliklərə uyğun olaraq daha çevik davranmalıdırlar. Bazarda yaranan yeni şəraitə dərhal uyğunlaşmaq olduqca vacibdir. Azercell bunu hər zaman nəzərə alıb, şirkət həmişə bazarla ayaqlaşa bilib.

Bizə məlumdur ki, indi səsli danışıqdan daha çox mesajlaşma və s. populyar olub. Biz də, öz növbəmizdə, İnternetdən istifadəni daha asan hala gətirməliyik. Qiymət siyasətini təkrar nəzərdən keçirməklə yanaşı, biz 3G və 4G şəbəkəmizi daha geniş sahəyə yayırıq. Bu gün qiymət-keyfiyyət baxımından bazarda ən əlverişli Mobil İnternet paketlərini Azercell təqdim edir. Məhz bu cür tədbirlərlə biz yerli bazardakı mövqeimizi bugünədək qoruyub saxlaya bilmişik.

— Sizcə, operatorların hansı xidmətləri gələcəkdə daha çox tələb və rəğbət görəcək?

— Gələcək sözsüz ki, Mobil İnternetindir. Onun sayəsində bir sıra yeni texnologiyalar gündəlik həyatda, biznesin idarə edilməsində mühüm rol alacaq. Bugünkü tendensiya göstərir ki, istifadəçilərin həyatını, bir çox gündəlik məişət proseslərini asanlaşdıran, müxtəlif imkanları özündə cəmləşdirən kiçik çoxfunksiyalı cihazlara tələbat getdikcə artır. Müasir insanların gündəlik iş qrafiki o qədər yüklənmişdir ki, bir çox prosesləri uzaqdan idarə etməyə böyük ehtiyac yaranır. Bu, yalnız işgüzar insanlar, sahibkarlar və mühəndislər üçün deyil, hətta ev xanımları üçün də son dərəcə gərəkli bir prosesə çevrilir. Bu baxımdan, M2M texnologiyalarına əsaslanan xidmətlərin getdikcə artacağını indidən proqnozlaşdırmaq olar. Həmçinin, müxtəlif qurğu və əməliyyatları məsafədən idarə edən, bununla da insan həyatını xeyli asanlaşdıran texnologiyalar da artıq Azərbacanda yer almağa başlayıb. Buna ən yaxşı örnək bəlkə də, ASAN İmza xidmətidir. 2013-cü ildə biz mobil rəqəmsal imza eyniləşdirmə sistemini — ASAN İmzanı ölkədə təqdim edən ilk mobil operator olduq. Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi də səylərini həmin sahədə cəmləşdirib. Burada fəaliyyət göstərən startaplarımız mütəmadi yeniliklər təqdim edir, biz isə öz növbəmizdə həmin nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırırıq.

— AzQTEL (SAZZ) və Delta Telecom şirkətlərinin dördüncü nəsil şəbəkəsi qurmaq planları haqqında açıqlamalara münasibətiniz nədir? Rəqabət daha da sərt olacaqmı?

— Bu mövzuda biznesin gəlirliliyi çox böyük amildir. Çünki, müştəriyə xidmət göstərən platformaların normal qaydada istifadə edilməsi məhz bunun müqabilində mümkün ola bilər. Əlavə olaraq, qazanılmış gəlirlərlə yeni texnologiyalara əlavə investisiyalar qoyula bilər. Azərbaycanda təxmin edilən istehlakçı sayına görə bu qədər eyni texnologiyalı şirkətlərin paralel şəkildə fəaliyyət göstərməsi yeni texnologiyalara yönləndirilən investisiyaları azalda bilər. Telekommunikasiya elə bir biznes sahəsidir ki, burada qiymətlər tədricən enməkdə davam edir, buna uyğun olaraq, gəlirlər də aşağı düşür. Elə bu səbəbdən dünyada həm bir neçə operatorun birləşməsi, həm də birinin digəri tərəfindən satın alınması prosesləri müşahidə olunur.

— MND xidməti Azərbaycan üçün nə dərəcədə vacibdir? Bu xidmət mobil rabitə bazarına ciddi təsir edə bilirmi?

— Mobil Nömrə Daşınması dünya praktikasında yayılmış bir xidmətdir. Azercell bu xidmətin tətbiqi ilə bağlı təşəbbüsün irəli sürüldüyü zamandan bəri həmin fikri dəstəkləyib, hətta həyata keçirilməyə başlamasından çox-çox əvvəl bu prosesə texniki baxımdan tam hazır olub. Xidmətin istifadə verildiyi ilk gündən şirkətin 200-dən artıq xidmət mərkəzi hər bir abunəçi üçün MND xidmətini həyata keçirmək üçün hazır vəziyyətə gətirilmişdi. Xidmətin 2014-cü ildən, yəni bir il əvvəl istifadəyə verildiyindən indiyə qədər nömrə daşınması vasitəsi ilə Azercell şəbəkəsinə keçən və şəbəkəmizdən digər operatorların şəbəkəsinə nömrə daşıyan abunəçilərin sayı təqribən eyni olub. Seqmentə gəlincə, bu xidmət üçün daha çox SimSim abunəçiləri, yəni əvvəlcədən ödəmə sistemindən istifadə edən abunəçilər müraciət ediblər.

Rəqəmlərdən göründüyü kimi, istifadəçilər arasında sistemə qarşı gözlənilən qədər maraq müşahidə olunmadı. Lakin, istifadəçinin seçim azadlığı baxımdan bu xidmətin tətbiqi, təbii ki, mühüm idi.

— 2014-cü ilin əvvəllərində GSM şəbəkələri Assosiasiyası (GSMA) М (machine-to-machine) seqmentini mobil operatorların yaxın gələcəkdəki əsas inkişaf sahəsi kimi səciyyələndirdi. Nəqliyyatın monitorinqində, təhlükəsizlik sistemlərində, bankomat və terminallarda, habelə mənzil-kommunal təsərrüfatlarında, tibb və digər sahələrdə istifadə olunan, başqa sözlə, abunəçilərinizin sırf telefon zəngləri üçün deyil, başqa məqsədlərlə də istifadə etdikləri SIM-kartların statistikasına aid hər hansı məlumat verə bilərsinizmi?

— Biz Azercell olaraq, ölkədə M2M texnologiyalarının tətbiqi üçün daim öncül mövqelərdə dayanmışıq. Artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq telekommunikasiya sərgilərində Azercell öz rəngarəng stendlərində müxtəlif məişət və istehsalat proseslərini asanlaşdıran M2M texnologiyaları əsasında tətbiq olunan maraqlı həlləri təqdim edir. M2M xidmətləri Azercell-in ayrı-ayrı müştəri qrupları arasında çox populyardır. Misal üçün, bu gün Bakı Elektrik Şəbəkəsinin on minlərlə sayğaclarında Azercell SİM-kartlarından istifadə olunur. Belə ki, hal hazırda biz ölkə miqyasında bu xidmətləri 300-dən çox şirkətə, müvafiq olaraq 130 000-dən artıq nömrəyə göstərməkdə davam edirik.

2

 

— 2013-cü ildə Azercell özünün «Ağıllı Ev» konsepsiyasını təqdim etdi. Bu gün bu layihə hansı mərhələdədir, hansı istiqamətdə inkişaf edir?

— Doğru qeyd etdiniz, kompleks məişət proseslərini məsafədən idarə etməyə imkan verən «Ağıllı Ev» konsepsiyasını Azərbaycanda ilk dəfə məhz Azercell nümayiş etdirmişdi. Biz Azercell olaraq şəbəkə təminatı və texniki baxımdan bu layihəni həyata keçirməyə hazır olsaq da, onun reallaşmasında bir neçə tərəfdaşın birbaşa iştirak etməsi tələb olunur. Əlbəttə ki, bu irimiqyaslı layihənin öz müştəri qrupunun formalaşması da vacib şərtlərdəndir. Əminəm ki, tələb olunan bütün tərkib hissələrin cəlb olunması ilə biz tezliklə layihənin Azərbaycanda kommersiyayönümlü tətbiqinə nail ola biləcəyik.

— İqtisadi durğunluq və böhran Azercell-in işinə necə təsir göstərir? Misal üçün, hazırda Rusiyanın Beeline şirkəti özünün IТ-strategiyasını köklü surətdə nəzərdən keçirir. İТ-personal sayında kəskin ixtisarlarla yanaşı bu operator həm də bəzi məsələlərin autsorsinq şirkətlərinə həvalə edilməsi kimi indiyədək görülməmiş bir qərar qəbul etməyə hazırlaşır. Bəs Azercell öz biznesini böhran mühitində optimallaşdırmaq üçün nə kimi tədbirlər görür?

— Mən ilk növbədə onu qeyd etmək istərdim ki, cari iqtisadi vəziyyət müştərilərimizə heç bir mənfi təsir göstərməyəcək. Mən bütün müştərilərimizin bundan əmin olmalarını istəyirəm. Baş verən iqtisadi böhran qlobal xarakterlidir. Bu vəziyyət təkcə Azərbaycanda deyil, eləcə də bir çox xarici ölkələrdə, xüsusən neft ixrac edən ölkələrdə özünü büruzə verir. Bizim vəziyyətdən istifadə edib qiymət artırmaq kimi düşüncəmiz yoxdur. Biz elə edəcəyik ki, abunəçilərimiz hər zamankı kimi xidmətlərimizdən razı olsunlar və mobil rabitənin üstünlüklərindən faydalı şəkildə yararlansınlar. Əməkdaşlarımızın fəaliyyətinə gəlincə onu deyə bilərəm ki, hər birimiz həmişə olduğundan da effektiv şəkildə səy göstərməliyik, çünki Azercell-i üstün hesab edən və xidmətlərini seçən çoxmilyonlu abunəçi ailəsinin rahatlığı bizim necə işlədiyimizdən asılıdır. Həmçinin, fəaliyyətimizi keyfiyyətli və yüksək səviyyədə davam etdirməklə biz İKT sahəsinin inkişafına təkan verməyi və ölkəmizin iqtisadi çətinliklərin öhdəsindən daha tez və asan gəlməsi üçün dəstək verməliyik.

— Ölkə böhran dövründən keçir və təbii ki, bunun təsirini Azercell də öz üzərində hiss edir. Ötən ay siz əməkdaşlarınıza bir yazılı mürəciət etdiniz. Həmin müraciətdə qeyd etdiniz ki, hazırki şəraitdə işçi sayının ixtisar edilməsi barədə ağır qərar qəbul etmək məcburiyyətindəsiniz. İxtisarlar hansı şöbələrdə keçiriləcək? Bu addımınız şirkətin fəaliyyətinə necə təsir göstərə bilər?

— Biz hələ ötən ilin iyul-avqust aylarında xərclərimizi azaltmaq barədə ciddi düşünməyə başladıq. Təbii ki, ümumi baxımdan işçiləri ixtisar etmək xərcləri azaltmağın ən asan yoludur. Amma biz işçi sayına toxunmaq istəmirdik və uzun müddət bunun başqa yollarını tapmağa çalışırdıq. Elə də davrandıq: biz müxtəlif xərcləri azaltdıq, hətta işçilərə verilən bəzi güzəştləri də ləğv etdik, amma işçi sayına toxunmağı ümumiyyətlə gündəmə gətirmədik. Lakin dekabr ayında baş verən milli valyutanın ikinci devalvasiyası vəziyyəti bir qədər dəyişdirdi və bunun təsiri ilə biz artıq vəzifələrin bir qisminin ixtisara salınması reallığı ilə qarşı-qarşıya qaldıq. Bu, çox ağır və çətin qərar oldu. Hətta deyərdim ki, bu qərar bəlkə də mənim həyatımda qəbul etdiyim ən çətin qərardır. Amma şirkətin biznes fəaliyyətini davam etdirmək və qorumaq üçün biz buna məcbur qaldıq…

Ümumi məsləhətləşmələrdən sonra biz rəhbərlik olaraq belə bir qərara gəldik ki, iş həcmini birləşdirərək bəzi vəzifələri ixtisar edək. Bu, ümumi işçi sayının təxminən 8%-ni, yəni 60 nəfər təşkil edir. Çalışdıq ki, ixtisar prosesi şirkətin bütün departamentlərində proporsional şəkildə aparılsın. Biz bu barədə nəinki işçilərimizə, hətta bütün cəmiyyətə açıq və dürüst şəkildə məlumat vermişik. Azercell şəffaf şirkət olmağı qarşısına məqsəd qoyub. Bizim maliyyə hesabatlarımız daim açıq şəkildə ictimaiyyətə təqdim olunur. Biz uğur və nailiyyətlərimizi xalqımızla bölüşdüyümüz kimi, kədərli xəbərləri də paylaşmağı bacarmalıylıq. Bir yox, hətta bir neçə dəfə xeyli sayda işçi ixtisar edib bunu ictimaiyyətdən gizlədən bəzi şirkətlərdən fərqli olaraq, biz 60 nəfərin ixtisar edilməsi barədə qərarını qorxmadan və çəkinmədən dərhal hamı ilə bölüşdük. Biz dedi-qodu yox, açıq söhbət tərəfdarıyıq. Əlbəttə, istənilən halda işi itirmək ağırdır. Mən bunu çox yaxşı başa düşürəm. Biz şirkət olaraq əlimizdən gələni etməyə çalışırıq ki, onlara bundan sonra bir qədər də olsa, dəstək verək. Ölkədəki ümumi iqtisadi vəziyyəti nəzərə alaraq iş yerləri ixtisar olunmuş əməkdaşlarımıza kifayət qədər yaxşı təzminat ödəməyi və şirkətdən əldə etdikləri bir sıra sosial güzəştləri müəyyən müddət ərzində onlar üçün saxlamağı qərara aldıq. Elə bir şərait təmin etməyə çalışdıq ki, onlar bir müddət ərzində maddi çətinlik çəkmədən özlərinə iş tapa bilsinlər. Mən ümid edirəm ki, ölkəmiz, onunla birlikdə şirkətimiz mövcud gərgin iqtisadi vəziyyətdən baş ucalığı ilə çıxacaq, və biz böyük komandamızı bərpa edə biləcəyik.

— Böhran vaxtı biznesin sosial məsuliyyət mövzusu adətən daha da aktuallaşır. Hazırda Azercell-in hansı sosial yönümlü layihələri həyata keçirilməkdədir?

— Azercell korporativ sosial məsuliyyət sahəsində hər zaman nümunəvi şirkət olmuşdur. İllər boyu şirkətimiz sağlamlıq, təhsil, idman, mədəniyyət, ətraf mühitin qorunması sahələrində rəngarəng layihələr həyata keçirib. 2009-cu ildə bəri fəaliyyət göstərən Mobil Diş, 2011-ci ildən xidmət göstərən Mobil Göz Klinikalarımız Azərbaycanı qarış-qarış gəzərək uşaq evləri və ahıllar üçün, eləcə də pansionatlar, qaçqın düşərgələri, habelə aztəminatlı ailələr üçün pulsuz diş və göz müayinələri aparır. 2010-cu ildən etibarən dəstək verdiyimiz Uşaq Qaynar Xətt xidməti müxtəlif problemlərə, psixoloji sarsıntılara, zorakılıq hallarına məruz qalan uşaq və yeniyetmələrə telefon vasitəsi ilə öz yardımını göstərir. 2014-cü ildən başlayaraq Azercell-in Azərbaycan Uşaq Paralimpiya Komitəsi ilə əməkdaşlığı bu sahədə atılan yeni əhəmiyyətli addım oldu. Bundan əlavə, Azercell ölkənin ən nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edərək onlara texnoloji innovasiyalar sahəsində mühüm dəstək göstərir. Ölkəmizdə sosial rifahın yüksəlməsini hədəfləyən layihələrimizi davam etdirməklə yanaşı, bizim yeni Sosial Məsuliyyət strategiyamız Azərbaycanda texnoloji inkişafa, bu sahədə gənc sahibkarlığın artmasına, təhsildə mobil texnologiyaların, innovativ xidmətlərin istifadəsinə təkan verən yeni ideyaların həyata keçirilməsinə yönəldilib. Bu baxımdan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin gördüyü işlərin əhəmiyyəti xeyli artır.

Ölkədə iqtisadi vəziyyətin hansı istiqamətdə dəyişəcəyindən asılı olmayaraq biz cəmiyyətə öz dəstəyimizi verməkdə davam edəcəyik.

— Azercell ötən 2015-ci ili hansı göstəricilərlə başa vurdu? 2016-cı ildə şirkət öz qarşısında hansı əsas hədəfləri qoyub?

— 2016-cı il haqqında bəri başdan danışmaq istəməzdim. Amma qeyd edə bilərəm ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycana yeni texnologiyaları gətirəcəyik, bazara yeni xidmətlər və kampaniyalarla çıxacağıq. Əsasən regionlarda 3G və 4G şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşımıza məqsəd qoymuşuq. Azercell-in təqdim etdiyi Mobil İnternetdən istifadə həcmi günü-gündən artır. Eyni zamanda biz qiymətləri də aşağı salırıq. Azərbaycanda İnterneti yaymaq və abunəçilərimiz üçün bu xidmətdən faydalanmağı əlverişli və rahat hala gətirmək üçün bir müddət gəlirlərimizin aşağı düşməsi bizi qorxutmur. Təkçə 2015-ci il ərzində biz Mobil İnternet tariflərində 55%-ə yaxın endirim etdik. Əminliklə deyə bilərəm ki, bu gün Azercell bazarda qiymət-keyfiyyət baxımından ən sərfəli Mobil İnternet təklif edir. Həmçinin, biz yüksək sürətli İnterneti dəstəkləyən cihazları abunəçilərimiz üçün daha əlçatan etmək üçün bazara yeni mobil cihazların çıxarılmasını təmin etmişik, müxtəlif kombo təkliflər və kampaniyalar keçirmişik. «Bookmate» kimi intellektual və maarifləndirici mobil proqram da bu il Azercell müştərilərini çox sevindirdi.

Azercell-in 2015-ci il ərzindəki fəaliyyəti, əldə etdiyi nailiyyətlər haqqında tam təfərrüatlı məlumat media və ictimaiyyətə fevral ayında keçirəcəyimiz İllik Hesabat tədbirimizdə təqdim olunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -