spot_img
19 марта, 2024

Bulud saxlancları

Verilənlərin saxlanılması üçün nəzərdə tutulmuş şəbəkə bazalarına «bulud saxlancı» və ya «onlayn bulud» deyilir . Bulud saxlancını eləcə də «virtual yaddaş kartı» adlandırmaq olar. Müəyyən yaddaş həcmli bulud saxlancları şəxsi məlumatları və müxtəlif verilənləri İnternetdə, üçüncü tərəfin təqdim etdiyi serverlərdə saxlayır. Beləliklə, bulud saxlancını yaddaş kartı və ya sərt diskin bir növ əvəzedicisi kimi qəbul etmək olar. Bulud istifadəçilərinin sayı günbəgün artmaqdadır. Verilən proqnozlara görə, yaxın gələcəkdə bulud sistemi disk sürücülərini (HDD, yaddaş kartlarını) böyük ölçüdə əvəz edə bilər. Bu proqnozlar nə dərəcədə gerçəkdir? Bulud xidmətinin əsas üstünlükləri və nöqsanları nədən ibarətdir? Bulud sistemi disk sürücülərini tam əvəz edə biləcəkmi?

Bugün bulud xidməti bir çox şirkətlər tərəfindən təqdim edilir və hər təklifin , demək olar ki, bir-birindən fərqlənən xüsusiyyətləri var. Şirkətlərin təqdim etdiyi bulud xidmətləri yaddaş həcminə, ödənişli və ya ödənişsiz olmasına görə fərqlənə bilər. Onu da qeyd edək ki, bulud saxlancı sadəcə İnternetdə deyil, ümumdünya şəbəkəsinə çıxışı olmayan qapalı şəbəkədə də qurulub istifadə oluna bilər. Başqa sözlə desək, hər hansı bir şirkət öz bulud saxlancını yaradıb istədiyi halda yalnız özü üçün istifadə edə bilər. Şirkət buludu özəl şəbəkə kimi istifadə edə, ya da başqa istifadəçilərə müxtəlif şərtlərlə təqdim edə bilər. Bu məqalədə Sizə kütləvi istifadə üçün nəzərdə tutulan onlayn bulud saxlancları haqqında bəhs edəcəyik.

İlk növbədə bulud sisteminin müsbət və mənfi cəhətləri, onun təhlükəsizliyi və gələcək perspektivləri barədə danışmaq istərdik. Əvvəlcə bulud sisteminin əsas üstünlüklərini sadalayaq:

  • internetə çıxışı olan istənilən qurğudan bulud saxlancına daxil olub oradakı məlumatları əldə etmək olar;
  • saxlancdakı məlumatlar üzərində başqa istifadəçilərlə birgə ortaq əməliyyatlar aparmaq olar;
  • qurğunuzda texniki problem meydana gəlsə də, bulud saxlancında mövcud olan verilənlər heç bir mənfi təsirə məruz qalmayacaq;
  • ödənişli bulud saxlancında istifadəçi bütün serveri deyil, sadəcə istifadə etdiyi yaddaş həcmi qədər icarəyə götürür;
  • bulud saxlancından faydalanan istifadəçi verilənlərin saxlanılması üçün şəxsi infrastruktur yaratmaq və onu dəstəkləməklə bağlı xərclərdən azad olur, bütün bunları öz üzərinə bulud xidmətini göstərən müəssisə götürür;
  • verilənlərin qorunub saxlanma prosesi tamamilə provayderin məsuliyyəti altına keçir.

Bulud saxlanclarının üstünlükləri ilə yanaşı mənfi cəhətlərini də qeyd etməliyik. Əlbəttə, əsas mənfi cəhət kimi bu tip saxlancların təhlükəsizlik problemi ön plana çıxır. Məsələ ondadır ki, faktiki olaraq bulud sistemi tam təhlükəsiz xidmət sayıla bilməz. Bulud saxlanclarının əsas mənfi cəhətləri aşağıda sadalanıb:

  • bir daha qeyd edək ki, əsas mənfi cəhət verilənlərin saxlanma və göndərilmə prosesində ortaya çıxan təhlükəsizlik problemidir. Belə ki, provayder istəsə istifadəçinin hesabına daxil olub oradakı verilənlərlə tanış ola bilər (əgər həmin hesab etibarlı parol ilə qorunmayıbsa). Üstəlik, həmin hesablar haker hücümuna məruz qala bilər;
  • verilənlərin təhlükəsiz qorunub saxlanılması bir sıra xarici faktordan, o cümlədən, məlumat ötürmə kanallarının, provayder xidmətinin, eləcə də İnternetin keyfiyyətindən asılı qalır. Üstəlik, əgər provayder gözlənilmədən ləğv olunub işini dayandırarsa, bulud saxlancınızdakı verilənləriniz itiriləcək;
  • bəzi hallarda bulud saxlancındakı verilənlərlə işləmək keyfiyyət baxımından yaddaş kartı ilə işləməkdən daha zəif qala bilər;
  • bulud saxlancınızın həcmini artırmaq, böyük həcmli verilənləri ötürmək və sair əlavə xidmətlərə görə sizdən ayrıca ödəniş tələb oluna bilər.

Yuxarıda qeyd etdiyimiz mənfi cəhətlər təsdiq edir ki, buludlar disk sürücülərini yaxın gələcəkdə hələ ki tam əvəz edə bilməyəcək. Bunun həyata keçməsi üçün əvvəlcə təhlükəsizlik, sürət və digər aspektlər ciddi şəkildə inkişaf etdirilib təkmilləşdirilməlidir. Lakin rahatlıq və çoxfunksionallıq baxımından bulud saxlancları istifadəçiləri günbəgün sevindirməyə davam edir. Əgər saxladığınız verilənlərdə hər hansı gizli məlumat yoxdursa (məsələn, bank hesab nömrələrı, parollar vı s.), niyə də buludlardan istifadə etməyəsiniz? Şəkil, müxtəlif video və audio, ya da təqdimat fayllarını çəkinmədən bulud saxlancına yerləşdirib bundan sonra istənilən vaxt, istənilən yerdə İnternet vasitəsilə həmin faylları açıb istifadə edə bilərsiz. Bu, sizi əlavə yaddaş kartlarını yanınızda daşımaqdan azad edəcək. Məlumdur ki, disk sürücüsü də hər an zədə alıb məlumatlarınızın itirilməsinə səbəb ola bilər. Məhz buna görə disk sürücüləri də öz növbəsində tam təhlükəsiz sayıla bilməz. Bulud saxlancının daha bir üstünlüyü də ondan ibarətdir ki, o, məlumatların kompüter, smartfon və digər cihazlar arasında ötürülməsi və mübadilə edilməsi imkanı yaradır.

Hal-hazırda bulud xidməti göstərən bir çox şirkət mövcuddur. Bunlardan hər birinin özünəməxsus özəllikləri, müsbət və mənfi cəhətləri var. Biz istifadəçi nöqteyi nəzərindən ən uyğun və ən çox rəğbət qazanmış bulud xidmətlərini seçib onlar haqqında bir az ətraflı danışacağıq.

Hazırda ən populyar və keyfiyyət baxımından ən öndə gedən bulud xidmətləri bunlardır:

DropBox

DropBox Inc. şirkətinə məxsus olan bu xidmət dünyada ən populyar bulud saxlanclarından biridir. Bu xidmətin iş prinsipi məlumatların sinxronlaşdırılmasına əsaslanıb.

Xidmət 16 dekabr 2010-cu ildə yaradılıb. Belə bir xidmət yaratmaq fikri şirkətin təsisçisi Dru Xyustonun ağlına Bostondan Nyu-Yorka avtobusda səfər edərkən gəlib. O vaxtlar hələ tələbə olan Xyuston yolda darıxmamaq üçün özü ilə noutbuk götürür, lakin yaddaş kartını evdə unudur. Boş notbukla nə edəcəyini bilməyən Xyuston, elə oradaca faylların İnternet üzərindən sinxronlaşdırılmasını nəzərdə tutan tətbiq yazmağa başlayır və bu işin öhdəsindən uğurla gələ bilir.

 

dropbox

Bəzi rəqiblərdən fərqli olaraq, DropBox saxladığı məlumatlırı şifrələmir. Məhz buna görə 2011-ci ildə xidmətin serverində xoşagəlməz bir hadisə baş verdi — DropBox buludunda yerləşdirilmiş bütün məlumatlar 4 saat ərzində hakerlər və digərləri üçün açıq qaldı. Buna baxmayaraq, şirkətin təsisçiləri sistemi dəyişdirmədilər və sadəcə belə bir vəziyyətin bir daha baş verməyəcəyinə dair söz verdilər. DropBoxun əsas diqqətəlayiq xüsusiyyətlərindən biri odur ki, bura daxil etdiyiniz məlumatların tarixçəsi yazılır. Başqa sözlə, silinmiş fayllarınızı istədiyiniz vaxt bərpa etmək olar. DropBoxun başqa bir özəlliyi isə «pablik» qrupu yaradıb orada başqaları ilə fayl bölüşmək imkanıdır ki, bu da həmin xidmətin fayl mübadilə mərkəzi kimi də istifadə olunmasına şərait yaradır. DropBox’un Windows, Mac OS, Linux, IOS, Android kimi platformalar üçün xüsusi tətbiqləri var. Bu tətbiqlər vasitəsilə yüklənən faylların həcminə məhdudiyyət qoyulmur, amma web-versiyadan istifadə edərkən məhdudiyyət 300 Mb təşkil edir. DropBox istifadəçilərə 2 Gb həcmində saxlancı pulsuz təqdim edir. Bu saxlancı vaxtaşırı keçirilən müxtəlif kampaniyalardan faydalanıb 16 Gb-a qədər artırmaq olar (məsələn, bir dostunuzu cəlb etsəniz hər ikiniz 500 Mb hədiyyə əldə edirsiniz). Eyni zamanda, xidmətin ödənişli tarifləri də var: 1 Tb həcmində saxlancın qiyməti ayda 10 avrodur, limitsiz saxlanc isə ayda 12 avroya başa gəlir. Bu, sizə elektron poçt vasitəsi ilə göndərə bilmədiyiniz böyük həcmli faylların ötürülməsi üçün gözəl imkan yaradır.

Google Drive

Bir digər populyar onlayn saxlancın — Google Drive-ı Google Inc. şirkəti təqdim edir. Bu xidmət 2012-ci ilin aprel ayından bəri fəaliyyət göstərir və hal-hazırda onun 240 milyondan çox aktiv istifadəçisi var. DropBox kimi Google Drive da istifadəçi məlumatlarını şifrələmir, lakin şirkətin təsisçiləri məlumatların təhlükəsizliyinə görə məsulliyəti öz üzərlərinə götürdüklərini bəyan ediblər. Google Drive buludunun üstünlüklərindən biri də odur ki, xidmət digər Google servisləri ilə sıx əlaqə yarada bilir. Bu isə ilk növbədə Android cihazlarında (Google hesabına bağlı olduğuna görə) məlumatlarla işləmə prosesini xeyli asanlaşdırır. Xidmətin daha bir üstün cəhəti ondan ibarətdir ki, burada offline-access funksiyası nəzərdə tutulub. Başqa sözlə, hər hansı faylı yükləyib əvvəlcədən tənzimləyərək sonradan onu İnternetə daxil olmadan əldə edə bilərsiniz.

gd

Təqdim olunan pulsuz saxlancın yaddaş həcminə gəldikdə, burada Google Drive rəqib DropBox-u üstələyir. Belə ki, Google Drive Sizə 15 Gb həcmində pulsuz saxlanc təqdim edir. Bu həcmi müvafiq ödəniş edərək artıqmaq da olar:

gd

OneDrive

Microsoft OneDrive bulud xidmətini 2007-ci ildə Microsoft şirkəti yaradıb. 2014-cü ilin yanvar ayında şirkət həmin servisin rebrendinqini həyata keçirib. Belə ki, daha əvvəl SkyDrive adı ilə tanınan xidmət indi OneDrive adı altında fəaliyyət göstərməyə davam edir. Rebrendinq Böyük Britaniyanın British Sky Broadcasting Group (BskyB) televiziya yayım şirkəti ad üzərindəki hüquqlarla əlaqədar məhkəməyə müraciət etdikdən sonra aparıldı.

onedrive

OneDrive buludunun başlıca üstünlüyü MS Outlook və MS Office ilə inteqrasiya olmasıdır. Bunun sayəsində istifadəçilər Excel, OneNote, PowerPoint və Word formatlı fayllarını birbaşa buluda ötürə bilirlər. Bundan əlavə, OneDrive Microsoft Office Web Apps ilə inteqrasiya olunaraq sənədlərin onlayn hazırlanması üçün imkan yaradır. OneDrive Office onlayn rejimini dəstəklədiyi üçün istifadəçilər faylları onlayn rejimdə birbaşa brauzerdə emal edə bilərlər. Faylların mübadiləsi rahat şəkildə xüsusi tətbiq vasitəsilə həyata keçirilir. Bu da sözsüz ki, servisin üstünlüklərini artırır. Windows platformalı cihazlar üçün eləcə də «Offline-access» xidməti təqdim olunur.

OneDrive istifadəçilərə 15 Gb həcmində pulsuz saxlanc təqdim edir. Həcmindən aslı olaraq ödənişli tarif paketlərinin qiymətləri aşağıdakı kimidir:

one

* 1 terabaytlıq paket abunəçilərinə əlavə olaraq Office 365 paketinin tam versiyası pulsuz təqdim olunur.

Yandex.Disk

Yandex.Disk onlayn bulud xidmətinin 8 milyon aktiv istifadəçisi var. Xidmətin iş prinispi məlumatların sinxronlaşdırılmasına əsaslanır. Xidmət Yandex şirkəti tərəfindən 2012-ci ildən bəri təqdim olunur. Onun üstünlükləri arasında Yandex və Microsoft servisləri ilə inteqrasiya olunması qeyd oluna bilər. Əvvəllər bu xidmətdən yalnız xüsusi dəvət aldıqdan sonra istifadə etmək mümkün idi, lakin hazırda xidmətdən faydalanmaq üçün qeydiyyatdan keçmək sərbəst olub. Rəqibləri ilə müqayisədə hər hansı xüsusi üstünlüyə malik olmayan bu servisin təkmilləşdirilməsi ilə Yandex şirkətinin özü məşğul olmur. Yandex.Disk istifadəçilərə 10 Gb həcmində pulsuz saxlanc təqdim edir, amma vaxtaşırı keçirilən müxtəlif kampaniyalardan faydalanaraq pulsuz həcmi 20 Gb-a qədər artırmaq olar.

yandex

Ödənişli tariflər:

yand

Yandex.Disk 10 Gb-dək həcmli faylların yüklənməsini və ötürülməsini təmin edir, üstəlik, ötürülən faylları daxili antivirusla yoxlayır.

Oblako mail.ru

Başqa bir bulud xidməti isə Rusiyanın Mail.ru qrupu tərəfindən təqdim olunur. Xidmət 2013-cü ilin avqust ayından başlayaraq fəaliyyət göstərir və elə həmin il göstərdiyi yüksək keyfiyyətli xidmətə görə «Runet» premiyasına laiq görülüb. Statistik göstəricilərə görə bu xidmətin 24 milyondan çox qeydiyyatlı abunəçisi var. Mail.ru buludu nisbətən yeni, amma olduqca perspektivli servisdir. Xidmətdən həm brauzer vasitəsi ilə, həm də Mac OS, Windows, Andorid və IOS üçün nəzərdə tutulmuş tətbiqlər vasitəsilə istifadə etmək olar. Peşəkar istifadəçilər üçün Linux’a uyğun xüsusi tətbiq yaradılıb. Maraqlıdır ki, Mail.ru buludu çəkdiyiniz şəkilləri avtomatik olaraq saxlanca ötürə bilir. Xidmətin başqa bir üstünlüyü isə faylların onlayn rejimdə yaradılıb mübadilə edilmə imkanından ibarətdir.

cloud_mail

Pulsuz təqdim olunan saxlancın həcminə gəldikdə, Mail.ru istifadəçiləri üçün 25 Gb həcmində onlayn saxlanc nəzərdə tutulub. Xüsusi tarif paketlərindən birinə abunə olaraq saxlancın həcmini 4 Tb-a qədər artırmaq olar. Maraqlıdır ki, servisin yenicə fəaliyyət göstərməyə başladığı vaxt istifadəçilər 100 Gb-dan 1Tb-dək pulsuz saxlanc əldə edə bilirdlər. Hal-hazırda pulsuz təqdim olunan 25 Gb da populyar bulud servisləri arasında yenə də ən yüksək göstərici sayılır. Digər tərəfdən, bir fayl üçün ayrılmış yükləmə limiti hələ ki heç də ürək açan səviyyədə deyil: cəmi 2 Gb. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, bu, yeni servisdir və hələ ki onun üzərində təkmilləşdirmə işləri davam edir. 2015-ci ilin iyun ayında Oblako mail.ru xidmətinə yeni funksiya: onlayn rejimdə bilavasitə buluddan musiqi dinləmək, video izləmək funksiyası əlavə olunub.

Beləliklə, bu gün biz ən çox rəğbət qazanan bulud xidmətlərini sadaladıq və sizə onlar haqqında qısa məlumat verməyə çalışdıq. Bunlarla yanaşı, təbii ki, bazarda bir çox alternativ bulud xidmətləri da var. İxtiyar sizindir!

İstifadə olunmuş ədəbiyyat: wikipedia.org, geek-nose.com, topobzor.com, mobile-dom.ru, play.google.com.

Müəllif: Ülvi Abdullayev

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,059ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -