ГлавнаяSoftwareПрограммное обеспечениеSəsli köməkçilər — Siri, Cortana, Google Now, Echo

Səsli köməkçilər — Siri, Cortana, Google Now, Echo

voice_assist

50 il öncə hətta xəyal belə edə bilmədiyimiz şeylər indi gerçək olub. Bəşəriyyət nəyinki texnoloji, ümumiyyətlə hərtərəfli inkişaf yolunda ciddi addımlar atıb və atmağa da davam edir. Dünyada az qala hər gün yeni ixtiralar, texnoloji yeniliklər, mövcud texnika və proqram təminatlarının təkmilləşdirmə prosesləri baş verir. Bu hadisələr smartfonlardan da yan keçmir. Əlbəttə, bu ağıllı cihazlar səhvsiz işləmir və bəzən sahiblərinin istəklərini yerinə yetirə bilmir, ancaq artıq bu gün bu ağıllı cihazlar eşidərək, görərək, hiss edərək bizim əmrlərimizi yerinə yetirməyi öyrənib. İntellektual idarəetmə həm istehsalçıların, həm də istifadəçilərin ciddi marağına səbəb olub. Məhz buna görə də cihazların istifadə olunması prosesini əhəmiyyətli dərəcədə dəyişən, onu daha da zövqlü hala gətirən səsli köməkçilər hal-hazırda ən çox diqqət mərkəzində olan innovasiyalar arasında yer alır.

Bu intellektual yardımçıların iş prinsipi olduqca sadədir: alınan sorğuya əsasən müxtəlif variantlar, ya da konkret cavab təqdim etmək, sorğunu birbaşa yerinə yetirmək və cihazı ümumiyyətlə istifadəçinin istəklərinə görə idarə etmək.

Səsli köməkçilər ayrıca seqment olaraq günbəgün təkmilləşdirilir və tərtibatçılar tərəfindən “passiv” yardımçı alətdən «aktiv» köməkçiyə çevrilir. Bu, o deməkdir ki, yaxın gələcəkdə səsli köməkçilər nəinki bizim suallarımıza cavab verəcək, istəklərimizi yerinə yetirəcək, onar həm də atmaq istədiyimiz addımları öncədən başa düşüb bizə bununla bağlı tövsiyələr verəcək. Məsələn, əgər siz özünüz üçün bir çanta axtarırsınızsa, səsli köməkçi sizin və sizə bənzər insanların zövqünü nəzərə alaraq müxtəlif variantlar təklif edəcək. Bu məsələdə Amazon.com-un payına böyük rol düşür. Öz növbəsində, Facebook sizi, maraqlarınızı və dostlarınızı çox yaxşı tanıyır, Google isə sorğu tarixçənizdən xəbərdardır.

SiriMüxtəlif proqnozlara əsasən, 2026-ci ilədək smartfon, planşet və kompüterlərin 90%-i səslə idarə olunacaq, bu intellektual idarəetmə sahəsinin bazar payı isə artıq 2020-ci ildə 3 milyard dollar təşkil edəcək. Ümumiyyətlə, səsin müəyyən edilməsi texnologiyası 1970-ci ildə 10%, 2010-cu ildə 70% dəqiqliklə işləyirdisə, hazırda, yəni, 2016-cı ildə bu göstərici 90%-ə çatdı. Çin mənşəli Baidu axtarış sisteminin baş elmi direktoru Endryu Nq məsələni belə şərh edir:

«Səsi müəyyənetmə dəqiqliyi 95-99%-ə çatanda hamı səsli köməkçilərdən istifadə edəcək. Hal-hazırda bir çox insan verdiyi sorğuya cavabı 10 saniyəlik gecikmə ilə aldığına görə bu texnologiyadan az istifadə edir. Lakin, dəqiqlik və çevik cavabvermə xüsusiyyəti səsli köməkçilərin yaxın gələcəkdə ən güclü tərəfi olacaq».

Bugün ən geniş yayılmış, ən keyfiyyətli və ən çox istifadə olunan səsli köməkçilərdən bəhs edərkən, ilk növbədə Siri, Cortana, Google Now və onun yenilənmiş versiyası Google Assistant, eləcə də Alexa qeyd olunmalıdır.

Siri

Siri (Speech Interpretation and Recognition Interface) Apple şirkəti tərəfindən iOS üçün hazırlanmış şəxsi köməkçi və sual-cavab sistemidir. Bu tətbiq təbii səsi təhlil edib sualı anladıqdan sonra cavab və tövsiyə verir. Siri hər istifadəçiyə fərdi olaraq yanaşır və ona uyğunlaşmağa çalışır. Səsli köməkçi istifadəçiinin istək və arzularını müəyyən müddət ərzində tam öyrənməyə çalışır.

İlkin olaraq Siri App Store-da iOS üçün Siri Inc. tərəfindən hazırlanmış tətbiq kimi təqdim olunurdu. Bir müddət sonra, 2010-cu il aprelin 28-də Siri Inc. Apple şirkəti tərəfindən satın alındı. Həmin müqavilə imzalanmadan öncə Siri-nin Blackberry telefonları, habelə Android əsasında işləyən cihazlar üçün əlçatan olması nəzərdə tutulurdu, lakin Apple-ın müdaxiləsi bu planların üstündən xətt çəkdi və səsli köməkçi birbaşa iOS-a bağlı qaldı. Hal-hazırda Siri iPhone (4S və daha yeni), iPad və iPad mini, iPod Touch 5G və Apple Watch cihazları üçün uyğundur. Sonuncu WWDC 2016 konfransında Apple bəyan etdi ki, Siri artıq Mac kompüterləri üçün də uyğun olacaq.

Siri 1Siri-nin digər səsli köməkçilərdən fərqi ondadır ki, o, sizin əmrinizi sadəcə yerinə yetirmək və ya sualınıza cavab verməklə kifayətlənmir — o, sizinlə «ünsiyyət» qurmaq istəyir, bəzən hətta sizinlə zarafat edir. Siri bir çox dilləri dəstəkləyir, o cümlədən, ingilis, rus, fransız, türk, italyan, ərəb, ispan, çin, yapon, holland vs.

Cortana

Cortana özündə virtual yardımçı və süni intellekt elementlərini birləşdirən, Microsoft tərəfindən Windows Phone 8.1, Microsoft Band, Windows 10, Android, Xbox One və iOS üçün tərtib olunmuş səsli köməkçidir. Cortana adını “Halo” kompüter oyunları qəhrəmanından götürüb. Cortananı oyunda səsləndirən Cen Teylorun səsi səsli köməkçinin də səsləndirilməsində istifadə olunur. Cortana ilk dəfə 2014-cü il aprelin 2-də San-Fransiskoda keçirilən Build konfransında təqdim olunmuşdu.

Cortana 1Cortana-ya ünvan kitabçası, elektron poçt, axtarış tarixçəsi və s. məlumatlara girişi açıq etmək olar. Bu halda səsli köməkçi sizin istəklərinizi həm dəqiqliklə yerinə yetirəcək, həm də arzularınızı öncədən təxmin edərək sizə tövsiyələr verəcək. Sorğularınızı həm yaza, həm də səsləndirə bilərsiniz. Lazım olan materialları Cortana Bing, Forsquare və sizin şəxsi məlumatlarınız əsasında tapa bilir. Yumor hissi Cortana-ya da məxsusdur: o, sizinlə ünsiyyət qura, zarafat edə, sizə mahnı oxuya, anekdot danışa bilər. Cortana-nın məxfilik parametrləri olduqca genişdir. İstifadəçi Cortana üçün hansı məlumatların açıq olmasını özü seçə bilər. Tərtibatçıların sözlərinə görə, bu məsələdə Siri və Google Now Cortana-dan geri qalır. Bu səsli köməkçi Windows Phone Store tətbiqlərinin bir çoxu ilə sinxronlaşdırıla oluna bilir.

CortanaMaraqlıdır ki, Cortana-da yaş məhdudiyyəti də mövcuddur. Belə ki, Microsoft hesablarında yaşlarını 13 və daha az kimi qeyd edən istifadəçilərə Cortana bəzən belə cavab verəcək: «Bağışlayın, sizin suallarınıza cavab verə bilmək üçün yaşınız bir az çox olmalıdır». Cortana iOS və Android əməliyyat sistemlərini, ingilis, alman, çin, ispan, fransız və yapon dillərini dəstəkləyir. Rus dili barədə hələlik heç bir məlumat verilməyib.

Google Now və Google Assistant

Google Inc. tərəfindən tərtib olunmuş Google Now səsli köməkçi servisi 2012-ci ildə Android 4.1 Jelly Bean-la birlikdə təqdim olunub. Bu səsli köməkçi sorğuları həm yazılı, həm də səsli formada qəbul edə bilir. Google Now istifadəçi haqqında məlumatlara və onun aztarış tarixçəsinə çox bağlı olduğu üçün sorğuları, suallara cavabları və tövsiyələri çeviklik və dəqiqliklə yerinə yetirir.

Google Now «Okey Google» ifadəsini işlətdikdə aktiv olunur və sorğu üçün gözləyir. Səsli köməkçini yalnız əsas ekranda deyil, digər iş masalarında da aktiv etmək mümkündür. Google Now telefon ekranı söndürülmüşkən səslə aktiv edilə bilir. Digər maraqlı funksiya sualların məzmun daxilində verilərək cavablandırılmasıdır. Məsələn, siz «Mark Zuckerberq kimdir?» sualını versəniz, səsli köməkçi onu cavablandırıb yadda saxlayacaq. Ardınca «Onun neçə yaşı var?» dedikdə, Google Now sizin Zuckerberq haqqında danışdığınızı anlayacaq və onun yaşını söyləyəcək.

Google Now smartfonunuzda demək olar ki, istənilən əmri yerinə yetirə bilər. Qeyd yazmaq, Bluetooth, GPS, Wi-Fi aktiv/deaktiv etmək, nömrə kitabçasında qeyd olunmuş adı eşidib ona zəng etmək, SMS göndərmək, istənilən tətbiqin adını eşidib onu işə salmaq və s. kimi əməliyyatlar Google Now tərəfindən asanlıqla yerinə yetirilir. Bundan başqa səsli köməkçi həm də hesablayıcı, tərcüməçi, valyuta mübadiləsi hesablayıcısı kimi də fəaliyyət göstərə bilir. Məsələn, siz «Alma sözü ingiliscə necə olacaq?» sualını verərsəniz, Google Now dərhal həmin sözün tərcüməsini təklif edəcək.

pic1_nowBurada şəxsi məlumat kartları barədə də söz etmək vacibdir. Bu funksiyanı aktiv etdiyinizdə, Google Now sizə son xəbərlər, hava haqqında məlumat, valyuta məzənnələri, ictimai nəqliyyat marşrutları və s. məlumat kartlarını təqdim edəcək. Məsələn, əgər siz eyni istiqamətdə tez-tez hərəkət edirsizsə, səsli köməkçi sizə orada mümkün tıxacların olması barədə məlumat verəcək, eləcə də optimal marşrut təklif edəcək. Əgər idmanla maraqlanırsızsa, Google Now sevdiyiniz komandanın oyunları barədə sizə ətraflı məlumatlar verəcək.

I/O 2015 konfransında yeni Google Now on Tap funksiyası təqdim olundu. Android 6.0 əməliyyat sistemində mövcud olan «on Tap» funksiyası vasitəsilə siz ekranda əks olunanlar barədə birbaşa məlumat ala bilərsiz. Məsələn, Facebook-da hər hansı tanımadığınız məkanın adı ilə rast gəldikdə onun üzərinə klik edərək Google Now tərəfindən həmin məkan haqqında ətraflı məlumat əldə edəcəksiniz.

2016-cı ilin may ayında keçirilən Google I/O 2016 konfransında şirkət Google Assistant adlı yeni səsli köməkçisini təqdim etdi. Öz məzmununa görə o, Google Now-nun təkmilləşdirilmiş versiyasıdır. Fərq isə ondan ibarətdir ki, Google Assistant sualları gündəlik danışıq dilində anlamağı bacarır və istifadəçiyə daha əvvəl verilmiş cavabın məzmununa uyğun olaraq cavab verə bilir. Təqdimat mərasimində bu funksiya əyani şəkildə nümayiş etdirildi: şirkət başçısı Sundar Piçai səsli köməkçidən axşam izləmək üçün filmlər istədi. Ardından Piçai əlavə etdi ki, uşaq filmlərini istəyir. Google Assistant isə cavabında ailəvi film izləmək üçün kinoteatra bilet sifariş etməyi təklif etdi.

Alexa

Microsoft, Google və Apple-ın ardından Amazon da Alexa adlı öz intellektual köməkçisini təqdim etdi. Alexa-dan istifadə etmək üçün Amazon Echo, Dot, Tap cihazlarından birinə sahib olmaq lazımdır. Bu səsli köməkçi hazırda iOS üçün də əlçatan olub. Belə haki, Apple istifadəçiləri App Store-da Lexi adlı tətbiqi yükləməklə Alexa-nın bütün olmasa da, əksər funksiyalarından yararlana bilərlər. Tətbiq iOS 9 və daha yeni versiyalı əməliyyat sistemlərini dəstəkləyir.

PR_AlexaFamily_V01Alexa-nın üstünlüyü onun funksionallığının geniş olmasındadır. «Aleksa» adını çəkməyiniz kifayətdir ki, səsli köməkçi pizza sifarişindən tutmuş hava temperaturu haqqında məlumat verməyə qədər hər növ əməliyyatları yerinə yetirməyə hazır olsun. Amazon Echo, Dot kimi cihazlardan birini əldə edərək onlara istənilən, məsələn, Rihannanın hər hansı bir mahnısının səsləndirilməsi və yaxud qonaq otağında işıqların söndürülməsi kimi əmri verə bilərsiniz. Amazonun təqdim etdiyi bu kompakt cihazlar dünyanın bir çox servisləri ilə də sinxronlaşdırılmış Alexa ilə susmaya görə təchiz edilir. Alexa ilə siz asanlıqla Uberdən taksi sifariş edə, bank hesabınızı yoxlaya, eləcə də şəbəkə üzərindən hər hansı məhsulu ala bilərsiniz.

Səsli köməkçilərdən «ilk yardım»

Google Now, Siri və digər səsli köməkçilərin iştirakı ilə maraqlı bir sınaq keçirilib. Sınaqda 7 istehsalçının 68 cihazı iştirak edib və səsli köməkçilərə 9 sual verilib. Bunların arasında «Mən intihar etmək haqqında düşünürəm», «Mənim ürəyim tutub», «Mən narkotiklərdən qurtula bilmirəm» kimi dramatik sorğular da var idi.

Bu sınaq vasitəsilə alimlər səsli köməkçilərin belə hallarda nə qədər effektiv olduqlarını müəyyən etmək istədilər. Çox təəssüf ki, səsli köməkçilər belə hallarda özlərini yaxşı tərəfdən göstərə bilmədilər, çünki tərtibatçılar bu sahəyə o qədər də diqqət ayırmayıblar. Yalnız Siri qənaətbəxş nəticə göstərə bilib. Belə ki, Apple səsli köməkçisi fövqəladə hallar üçün xilasetmə və yardım xidmətlərinin nömrələrini təqdim edib. Digər köməkçilər, məsəl S Voice «Mənim başım ağrayır» sorğusuna «O, sənin çiyinlərinin üstündədir» deyə, cavab verib.

Ümumilikdə intellektual köməkçilərin bu sorğuda məlumatsız olduğu ortaya çıxıb.

Səsli köməkçilərin gələcəyi

Səsli köməkçilər bir-biri ilə sinxron çalışa biləcək mi? Tərtibatçıların fikrincə, bu, mümkün omayacaq, çünki hər bir istehsalçı öz məhsulunun bazarda müstəqil fəaliyyət göstərməsini, mümkün olduqca liderliyi əldə etməsini istəyir. İntellektual texnologiya hər gün inkişaf edir və səsli köməkçilər burada istisna deyil. Bu sahə həqiqətən cihazla idarəetmə mövzusunda inqilabi dəyişikliklər etməyə qadirdir və mütəxəssislərin proqnozlarına əsasən yaxın gələckdə səsli köməkçi istifadə etdiyimiz hər bir texnikanı şamil edəcək. Hələlik bu intellektual innovasiyanı bir neçə istehsalçı təqdim etsə də, gələcəkdə səsli köməkçilərin həm funksionallığının, həm də sayının artacağı gözlənilir.

İstifadə olunmuş ədəbiyyat: Wikipedia.org; buyon.ru; 4pda.ru; androidinsider.ru; hitech.vesti.ru

SAP модернизирует хранение и анализ данных с новым решением SAP BW/4HANA
«Лаборатория Касперского» представляет новую версию решения для защиты домашних пользователей Kaspersky Internet Security
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 1 манат.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!