spot_img
28 марта, 2024
ДомойТехнологииГаджетыƏşyaların İnterneti: əldə edilən təcrübə və perspektivlər

Əşyaların İnterneti: əldə edilən təcrübə və perspektivlər

2008-ci il müasir tarixə keçdi! Məhz həmin il elə bir köklü dəyişiklik baş verdi ki, onun əhəmiyyəti hələ indi-indi anlaşılmağa başlayır. 2008-ci ildə yeni dövr — Əşyaların İnterneti dövrü başladı! Kompüter dünyasına aid olmayan əşyaları bir-birinə İnternet vasitəsilə qoşmaq fikri hələ 1982-ci ildə meydana gəlib. O vaxt Koka-Kola şirkəti bir eksperiment həyata keçirərək istehsal etdiyi içkilərin satışı üçün şəbəkəyə qoşula bilən vendinq qurğusu hazırladı. Dünyada ilk dəfə yaradılan bu qurğu status, içki qutularının sayı və temperaturu haqqında məlumatları ötürürdü. Bundan xeyli vaxt sonra, 1999-cu ildə MIT mühəndislərindən ibarət bir qrup Procter&Gamble şirkəti üçün istehsal xəttini avtomatlaşdırma layihəsi üzərində çalışmağa başladı. Hazırladığı tövsiyələrdə həmin qrup ilk dəfə Əşyaların İnterneti ifadəsini işlətdi. Bugün bu ifadə artıq termin kimi qəbul olunub.

Əşyaların İnterneti (Internet of Things, IoT) müxtəlif əşyaların və qadcedlərin insan müdaxiləsi olmadan bir-biri ilə IP qoşulması üzərindən qarşılıqlı əlaqəyə girdiyi şəbəkədir. Beynəlxalq tədqiqat şirkəti IDC hesab edir ki, Əşyaların İnternetinin əsas xüsusiyyəti onların insan iştirakı olmadan avtonom işləməsidir.

Əşyaların İnternetinin ən parlaq nümunəsi «ağıllı» ev texnologiyalarıdır. Bu sistem əsas kompüter (hab) və ona Wi-Fi üzərindən qoşulmuş «ağıllı» qurğulardan ibarətdir. Qurğulardan daxil olan verilənləri təhlil edərək sistem tələb olunan temperatur və rütubət rejimini təmin edə, işıqları, müxtəlif elektrik cihazları yandırıb-söndürə, hətta ev sahibləri məzuniyyətdəykən, oğruları aldatmaq üçün onların evdə olduqlarını təqlid edə bilər.

Amma nədən Əşyaların İnternetinin yaradılma tarixi kimi məhz 2008-ci il seçilib? Çünki həmin ildə şəbəkəyə qoşulmuş əşyaların sayı (12,5 milyard) tarixdə ilk dəfə dünya əhalisinin sayını (6,8 milyard) keçdi və qoşulmuş əşyaların sayı hər adam başı 1,84 ədəd təşkil etdi. O ildən bəri qoşulmuş əşyaların sayı dayanmadan artmaqdadır. Təxmin edilir ki, 2020-ci ildə onların sayı 25 milyarda çatacaq və bu ümumi sayın təqribən 40%-i inkişaf etməkdə olan ölkələrin, o cümlədən, Azərbaycanın payına düşəcək.

Keçid dövrü

Bir cihazın digər cihaz haqqında məlumat (temperatur monitorinq sistemi, ehtiyat və məkan haqqında məlumatlar və s.) toplama qabiliyyəti heç kimi təəccübləndirmir. Qurğular arasında qarşılıqlı əlaqə texnologiyaları (Machine-to-Machine, M2M) hələ 1989-cu ildə yaradılmışdı. O vaxtlardan bəri onların istifadəsi bütün dünyada, o cümlədən, Azərbaycanda geniş vüsət alıb.

IoT

Deməli, Əşyaların İnterneti elə budur? Yox, bu, sadəcə keçid dövrüdür! М2М mühitində toplanan verilənləri insan emal edir. O, sistemi bilavasitə tənzimləyir. Əşyaların İnternetində isə insanın müdaxiləsi tələb olunmur.

Əşyaların İnternetinin inkişafı müasir dövrün ən qaynar trendlərindəndir. Ovum analitiklərinin fikrincə, bu sahəyə 2011-ci ildən 2015-ci ilədək qoyulan investisiyalar tam 31 milyard dollar təşkil edib. Bugün IoT bir-birindən ayrı, çoxsaylı şəbəkələrdən ibarətdir. Bu texnologiya irəlilədikcə hər şeyi əhatə edən İnternetin (Internet of Everything — IoE) yaranmasına gətirib çıxardan keyfiyyət sıçrayışı baş verməlidir.

«Ağıllı» evlər və şəhərlər

Əşyaların İnterneti artıq insan həyatının ən vacib sahələrinə qədəm basıb. Gələcəkdə bu inkişaf daha da sürətlənəcək. Burada ilk növbədə yuxarıda qeyd etdiyimiz «ağıllı» ev sistemlərini misal gətirməliyik. İşıq və temperatur rejiminin nizamlanması ilə yanaşı bu sistem həm də təhlükəsizlik məsələlərini həll edir. Misal üçün, bu sistem qaz sızmasını qeydə alaraq dərhal xilasetmə xidmətinə məlumat ötürür. Artıq bazarda Smart Home üçün bir neçə platforma mövcuddur. Su platformaları yüz minlərlə adam alıb istifadə edir.

IoT

Evlərin arxa bağçalarında tezliklə özü-özünü təmizləyən, texniki baxım keçirən və suyu dəyişdirən «ağıllı» hovuzlar qurulacaq. Çoxmənzilli evlərdə intellektual sistemlər yad adamları ev sakinlərindən ayırd edərək onlara qapı açmayacaq, beləliklə də konsyerjləri əvəz edəcək. Şəbəkəyə qoşularaq belə ev çatdırılma və ya təmir xidmətləri göstərən şəxslərə giriş icazəsi verəcək.

«Ağıllı» səhərlərin «ağıllı» yollarında «ağıllı» avtomobillər hərəkət edəcək. Tıxac problemləri mərkəzləşdirilmiş nəqliyyatı idarəetmə sistemi vasitəsilə həll olunacaq. Yol-hərəkat qəzalarının sayı kəskin şəkildə azalacaq, yorğunluq hiss edən sürücülər avtopilotu işə sala biləcəklər. Əşyaların İnterneti şəhər həyatını daha təhlükəsiz edəcək. Misal üçün, Yaponiyada artıq seysmoloji fəaliyyət barədə məlumat toplayan sistem işə salınıb. Həmi sistem verilənləri təhlil edərək olduqca dəqiq seysmoloji proqnozlar verir.

İstehsal

Əşyaların İnterneti əmək məhsuldarlığını və istehsal proseslərinin təhlükəsizliyini artıracaq. Kanadanın Dundee Precious Metals mədənçıxartma şirkəti partlatma sisteminin işçilərin yerini müəyyən edən sistemə inteqrasiya sayəsində şaxtaçıların təhlükəsizliyini təmin edir. Big Data texnologiyalarını tətbiq edən şirkət, nəticədə illik istehsal həcmini 500 min tondan 2 milyon tonadək artırıb.

IoT

Maşınqayırma və atom energetikası da Əşyaların İnterneti baxımından perspektivli sahələrdir. Rutin proseslərin avtomatlaşdırılması burada insan faktorunu aradan qaldırıb təhlükəsizliyi yüksəldə bilər. Nəqliyyat şirkətləri üçün isə IoT logistikanın keyfiyyətçə daha yüksək səviyyəyə çıxması deməkdir. Nəqliyyat vasitələrinin hərəkət etməsi və yüklərin vəziyyəti real vaxt rejimində avtomatik olaraq həyata keçiriləcək.

Səhiyyə

Xəstələrin vəziyyətinə uzaqdan nəzarət etmək mümkün olacaq. Misal üçün, sistem kardiostimulyatorlu xəstələrə sutka boyu nəzarət edəcək və həkimlərə hər hansı dəyişiklik haqqında dərhal məlumat verəcək. Artiq ABŞ-da elektron intensiv terapiya palataları fəaliyyət göstərir. Bu, həm də kadr çatmazlığı problemini həll edir. Reanimatoloqlar ağır xəstələrə uzaqdan nəzarət edirlər — bəzən bir-birindən yüzlərlə kilometr məsafədə olan onlarla xəstələrə. Kritik vəziyyət yaranarsa xəstə çarpayısının yanındakı monitordan həkimə avtomatik olaraq siqnal ötürülür. Siqnalı qəbul edən həkim öz növbəsində xəstənin yanındakı tibb işçilərinə təlimatlar verir, özü isə videokamera vasitəsilə real vaxt rejimində prosesə nəzarət edir.

IoT

Tibbi qadcetlər də geniş istifadə olunacaq. Məsələn, dərman qutusu həblərin qəbuletmə rejiminə nəzarət edəcək. Rejimdən kənara çıxıldıqda, qutu smartfona müvafiq məlumat ötürəcək.

Kənd təsərrüfatı

Torpağa yerləşdirilən sensorlar əkin və becərmə üçün ən optimal vaxtı müəyyən edəcək. Suvarma sistemi avtomatlaşdırılacaq: sensorlar torpağın nəmliyini ölçüb kompüterə ötürəcək, kompüter isə müvafiq olaraq suvarma sisteminə nə vaxt və nə qədər sulamaq lazım olduğunu bildirəcək. Eyni zamanda, sensorlar vasitəsilə bitkilərin zərərli qurdların hücumuna məruz qaldığını müəyyənləşdirsə, dərhal dezinfeksiya tədbirləri alınacaq. Heyvandarlıqda isə IoT malqaranın sağlamlığına və hərəkətinə nəarət edəcək.

Marketinq

Əşyaların İnterneti sahəsindəki həllər müxtəlif marketinq proseslərinə asanlıqla inteqrasiya oluna bilər. Bunun sayəsində ənənəvi marketinq metodlarına nisbətən daha çox verilən toplamaq olacaq. Məhsulun özünə inteqrasiya olunmuş IoT həlləri istehlakçının məhsulla necə qarşılıqlı əlaqədə olduğunu, onun hansı özəlliklərindən daha çox faydalandığını müəyyən edərək həmin məhsulu təkmilləşdirməyə kömək edəcək.

IoT

Əşyaların İnterneti mühitində mağazada quraşdırılmış adi kamera jest və emosiyaları ayırd edə bilən, habelə toplanan verilənləri emal edə bilən sistemlə sistemlə təchiz olunduqda müştərilərin davranışları haqqında daha dəqiq və geniş məlumat toplamaq mümkün olacaq. Başqa bir IoT həlli mobil telefon və ya mobil tətbiqlə sinxronlaşa bilən sensorların yerləşdirilməsidir. Belə hallarda istifadə olunan NFC, ya da iBeacon texnologiyası elə qurulub ki, bu gün endirimdə olan malların yanından keçən müştəri həmin malların üzərində yerləşdirilmiş sensorlar vasitəsilə dərhal endirim haqqında məlumat alacaq.

IoT həllərinin özü də məhsul kimi təqdim olunub özünün innovativ xarakteri sayəsində auditoriyanın müvafiq tələblərinə cavab verə bilər. Misal kimi Philips Sonicare diş fırçasını qeyd etmək olar. Smartfonda quraşdırılmış mobil tətbiqlə birlikdə bu fırça kiçikyaşlılara diş təmizləməyi öyrədə bilir.

IoT

Əşyaların İnterneti marketinq yaradıcılığı sahəsində ən geniş imkanları marketinq kommunikasiyalarında təmin edir. Mediakanal kimi burada məhsulun özü çıxış edir. Üstəlik, söhbət burada təkçə geyilən qurğulardan deyil, eləcə də hər hansı fiziki məhsuldan gerir, çünki IoT vasitəsilə həmin məhsul müştəriyə özü haqqında öz qablaşdırmasından daha çox məlumat ötürə biləcək.

IoT həlləri ilə yanaşı standart mediadaşıyıcılar da öz simasını dəyişir, küçələrdəki bilbordlar «ağıllaşır». Ötən il yeni Lexus-un buraxılışı ilə əlaqədar interaktiv küçə reklamı böyük səs gətirmişdi. Kampaniyada istifadə olunmuş bilbordlarda küçədən keçən avtomobillərin marka və modelini ayırd edə bilən texnologiya quraşdırılmışdı və həmin texnologiya sayəsində bilbordun önündən keçən hər avtomobilin sürücüsünə xüsusi ismarıclar nümayiş etdirilirdi.

IoT

Xülasə

Sadaladıqlarımız IoT texnologiyalarının istifadə sahələrinin yalnız kiçik bir qismini əks etdirir. Əşyaların İnternetinin tətbiq olunması hələ ki, başlanqıc mərhələsindən keçir. Gələcəkdə onun tətbiq olunma sahələri genişləndikçə, ənənəvi proseslər köklü şəkildə dəyişəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -