spot_img
29 марта, 2024
ДомойТелекомСтатьиModulyar smartfon: yüksək texnologiya məhsullarında inqilab

Modulyar smartfon: yüksək texnologiya məhsullarında inqilab

Zaman irəlilədikçə ətraf mühitin mühafizəsi və istehlak mallarının davamlılığı məsələləri öz aktuallığını gedərək artırır. Bunu ən çox hiss edən sahələrin arasında yüksək texnologiyalar, o cümlədən, smartfon istehsalı sahəsi yer alır. Hal-hazırda bir neçə istehsalçılar öz səylərini yeni tələblərə cavab verən modulyar smartfon layihələrinə yönəldiblər. Göründüyü kimi, yüksək texnologiyalar sahəsində inqilabi xarakter daşıyan modulyar smartfon konsepsiyasının tətbiq olunması ən yaxın gələcəyin işidir.

İlk baxışda qreyri-real olduğu düşünülən bu konsepsiya hər şeyə baxmayaraq tədricən həyata keçməyə başlayır. Belə ki, iki texnologiya nəhəngi — «Google» və «ZTE» modulyar smartfon lahiyəsi üzərində işlədiyini elan edib.

Bəs gələcək trendin əsasında nə dayanıb? Modulyar smartfonlar biz istifadəçilərə nələr vəd edir?

Modulyar smartfon nədir?

Modul_Smartfon (1)

Modulyar telefonları bir növ smartfon «Lego»suna bənzətmək olar. Belə telefon artıq monolit korpusdan deyil, bir neçə tərkibi hissədən ibarət olacaq. Həmin tərkibi hissələrdən hər biri smartfonun digər parçalarından asılı olmayaraq ayrıca dəyişdirilə biləcək. Qısaca, «gələcəyin smartfonu» hər biri xüsusi funksional təyinat daşıyan bir neçə blokdan (və ya moduldan) ibarət olacaq. Beləliklə, tutaq ki, telefonunuzun ekranı çatladıqda sadəcə ekran blokunu alıb dəyişdirmək kifayət olacaq, akkumulyator, prosessor və digər detalları isə yenidən almağa ehtiyac qalmayacaq. Eləcə də, modulyar smartfonunuzda prosessorunun gücünü, fotoaparatın keyfiyyətini, akkumulyatorun həcmini, ya da hər hansı başqa parametri artırmaq istəsəniz, bunu müvafiq daşıyıcı bloku (yalnız həmin bloku!) dəyişdirərək asanlıqla edə biləcəksiniz.

Niyə modulyar telefon?

Modul_Smartfon (5)

Hər şeydən əvvəl ona görə ki, modulyar smartfon sizi vaxtaşırı yeni telefon almaqdan və artıq təmir xərclərindən azad edəcək. Bununla yanaşı, artıq hər kəs özünün maddi, funksional və fiziki tələblərinə uyğun telefonu özü «yarada» biləcək. Misal üçün, mobil fotoqrafiya həvəskarı olmayan istehlakçı modulyar smartfon aldıqda bahalı 396 meqapiksellik fotoaparatdan imtina edib xərclərini azalda bilər. Bunun sayəsində o, standart keyfiyyətdə fotoapparat blokunu seçib əvəzində, deyək ki, daha güclü prosessor, ya da akkumulyator ala biləcək.

Modulyar telefon özü ilə hansı yenilikləri gətirəcək?

Jet Blue

Yuxarıda qeyd etdiyimiz kimi, modulyar smartfonlar istehlakçı üçün xərcləri optimallaşdırmaq, beləliklə, məsrəflərə qənaət etmək imkanı verir. Lakin onlar daha da vacib üstünlüklərə malikdir. «Lego smartfon»lar geniş yayılmış telefon israfçılığının və bundan irəli gələn ekoloji çirklənmənin qarşısını alan inqilabi yenilik mahiyyətini daşıyır. Əksər funksiyalarının işlədiyi halda xırda bir disfunksiya üzündən telefonunuzu, «təmir etmək yeni telefon almaqdan baha başa gəlir» deyə bütövlüklə zibil qutusuna atmayacaqsınız.

Modul_Smartfon (6)

Digər tərəfdən qeyd edək ki, sıradan çıxmış hissələrin bu və ya digər formada yenidən emal olunmasına dair qanunvericiliyə həm dövlət səviyyəsində, həm də beynəlxalq miqyasda müvafiq dəyişikliklərin gətirilməsi burada böyük əhəmmiyyət kəsb edir.

 

Bununla həm ətraf mühitə vurulan ziyanın qarşısı böyük ölçüdə alınacaq, həm də şirkətlər həddindən artıq istehsal fenomeninə qarşı qoruna biləcək.

Modul_Smartfon (3)

Daha maraqlısı odur ki, modulyar smartfonların bazara girişi ilə hər kəs öz telefonunu şəxsi tələbləri əsasında inkişaf etdirmək imkanını əldə edəcək. Başqa sözlə, smartfonlarımız bizimlə bir cəmi neçə ay deyil, illərlə qalacaq. Təbii ki, bizim eyni smartfon istehsalçısı ilə qalmağımız şərti ilə. Qənaət etməyin də öz qiyməti var. Bu qiyməti biz istehlakçıya qarşı sədaqətli olmaqla ödəyəcəyik.

Modulyar telefon necə yaranıb?

Modulyar telefon konsepsiyası ABŞ-da qurulmuş müstəqil «Phoneblocks» (https://phonebloks.com/en) «startap»ından qaynaqlanır. «Startap»ın məqsədi kiçik elektronik hissələrdən ibarət cihazların yaradılmasını və istehsal edilməsini təbliğ etməkdən ibarətdir. «Phoneblocks»un səyləri istehsalçıları araşdırma sahəsinə daha böyük maraq göstərməyə təşviq etməyə, istehlakçıların elektron cihazlarla münasibətini köklü şəkildə dəyişdirməyə yönəldilmişdir.

 

«Proqramlaşdırılmış köhnəlik» fenomeninin istehlakçılar arasında geniş müzakirələrə və etirazlara səbəb olduğu bir dövrdə bu layihə tam vaxtına düşüb.

Modulyar smartfon istehsalçıları

 

Daha öncə də qeyd etdiyimiz kimi, modulyar smartfon konsepsiyasının reallaşmasına əsas təkan verən faktor bu ideyanı «Google» və «ZTE» kimi texnologiya nəhənglərinin həyata keçirmək istəyidir. Lakin təzəlikçə yaranmaqda olan və inqilab vəd edən bu seqmentə göz dikənlər təkçə smartfon «titanları» deyil. Smartfon bazarının «böyüklər»i ilə yanaşı kiçik «startap»lar da modulyar smartfon istehsalı ilə məşğul olmağa can atır. Belə ki, artıq «Google» və «ZTE»-nin bir neçə gələcək rəqibi də müəyyən olunub. Həmin namizədlərə nəzər salaq.

«Google» və «ARA» layihəsi

Modul_Smartfon (8)

2013-cü ildə o vaxt «Google»-a məxsus olan «Motorola» şirkəti «ARA» layihəsini təqdim etmişdi. Daha sonra «Motorola»-nı «Lenovo» şirkəti satın aldı, lakin indiyədək ən real layihə kimi qiymətləndirilən «ARA» layihəsi «Google»-da qaldı. Xatırladaq ki, layihə üzərində uzun zamandan bəri işləyən «Google» modulyar telefonu 2015-ci ildə satışa çıxarılacağını bildirib. «ARA» layihəsinin modulyar smartfonu 3 müxtəlif variantda, kiçik, orta və böyük ölçülü korpuslarla təqdim olunacaq. Smartfonlar hər korpusa münasib boyda bloklardan yığılacaq. «ARA» bloklarının sayı «ZTE» şirkətinin «Eco-Mobius» smartfonuna nisbətən daha çox olacaq. Belə ki, smartfonun «skelet»inə prosessor, akkumulyator, yaddaş, fotoapparat və s. kimi bloklar əlavə oluna biləcək. Ən kiçik korpuslu smartfonun endoskeletinin qiyməti təxminən 50 ABŞ dolları olacaq. Təxmin edilir ki, istifadəçinin tələblərindən asılı olaraq bir modulyar smartfonun qiyməti 100 ilə 700 avro arasında dəyişəcək.

«Google» rəsmi olaraq bildirib ki, «ARA» layihəsinə həsr olunmuş ilk konfrans gələn il aprel ayının 15-16 tarixlərində keçiriləcək. Konfranslar növbəti aylarda davam edəcək.

«ZTE»-nin «Eco-Mobius» smartfonu

Eco-mobius

Çin istehsalçısı «ZTE» bir neçə ay öncə öz modulyar smartfonunun konsepsiyasını təqdim edib. «Phoneblocks» prinsiplərinə riayət edən «ZTE» eyni zamanda öz «Eco-Mobius»unu daha «uyğunlaşdırılabilən» modelə çevirmək niyyətindədir. «ZTE»-nin «Eco-Mobius» telefonu ekran, «nüvə», fotoapparat və akkumulyator olmaqla 4 əsas moduldan ibarət olacaq.

«Vsenn» layihəsi

Modul_Smartfon (1)

Həmtəsisçisi «Nokia»nın sabiq işçisi olan «Vsenn» şirkəti də modulyar smartfonların istehsalı ilə məşğul olacaq. «Vsenn»-in ilk məhsulu haqda hələ o qədər çox məlumat olmasa da artıq məlumdur ki, 4,7 düym Full HD ekranlı telefonu akkumulyator, fotoapparat və prosessor-operativ yaddaş (RAM) cütlüyünü daşıyan modullardan ibarət olacaq.

«Vsenn» smartfonu «təmiz» Android əməliyyat sistemi ilə işləyəcək, bununla da azı 4 növbəti il ərzində «Android»in yeni versiyalarını daha tez əldə edəbiləcək. Dekabrın əvvəllərində isə «Vsenn» şirkəti «Android»lə yanaşı həm də «Firefox OS», «Sailfish OS» və «Ubuntu for Phones» əməliyyat sistemlərini təklif edəcəyi haqda bəyanat yayıb.

Bundan əlavə, «Vsenn» üçdəfəlik şifrələmə və «VPN»-ə pulsuz çıxış təklif edərək məlumatların təhlükəsizliyini daha güclü şəkildə təmin edəcək.

«Circular Devices» şirkətinin «Puzzlephone» smartfonu

PuzzlePhone3

Daha bir Finlandiya şirkəti olan «Circular Devices» da «ARA» layihəsinə rəqib smartfon istehsal etmək iddiasındadır. «Puzzlephone» adlanan smartfon üç fərqli korpus ölçüsündə təqdim ediləcək və «Google» layihəsindən daha sadə olacaq.

Telefon «beyin», «ürək» və «onurğa sütunu» olmaqla 3 əsas moduldan ibarət olacaq. «Beyin» özündə prosessorla fotoapparatı, «ürək» batareya və digər ikinci dərəcəli detalları, «onurğa sütunu» isə özündə LCD ekran, səs dinamikləri və telefonun bazasını cəmləşdirəcək.

Digərləri kimi, «Puzzlephone» da Android əməliyyat sistemi ilə işləyəcək.

«Circular Devices» nümayəndəsi bizə telefonla verdiyi məlumatda qeyd edib ki, şirkət öz məhsulunun daha «yaşıl» olması üçün səy göstərir və digər smartfonların 2-3 ildən sonra sıradan çıxdı halda «Puzzlephone»un 10 ilədək xidmət edəcəyini planlaşdırır. Verilən məlumata görə, «Puzzlephone»un 2015-ci ilin ortalarında satışa çıxarılması planlaşdırılır.

«Xiaomi» və «Magic Cube»

Modul_Smartfon (2)

Çin şirkəti «Xiaomi» də modulyar smartfon bazarından özünə pay əldə etmək istəyir. Belə ki, şirkətin təsisçisi Lei Cun (Lei Jun) «Magic Cube» adlı layihənin şəkillərini yayımlayıb.

Hələ ilkin hazırlıq mərhələsində olan modulyar smartfon haqqında məlumat azdır. Artıq məlumdur ki, «Magic Cube»un ekranı dəyişdirilə bilməyəcək. Layihə haqda daha geniş məlumat üçün bir qədər səbr etməli olacağıq.

Modulyar smartfonların 2015-ci ilin sonunadək gündəlik həyatımıza daxil olacağı artıq şübhə yaratmır. Odur ki, mövzu ilə bağlı hələ çox müzakirələr ararılacaq, məqalələr yazılacaq.

Eşidilərik!

Müəllif: Musa Pünhan, Baş redaktor, Eunews.az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -